Kişilər o qadınlara xəyanət etmir ki... - İlqar Mikayıloğlu ilə MÜSAHİBƏ
Tarix: 3-04-2018, 18:22



Bu dəfə Publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarını tanınmış aparıcı İlqar Mikayıloğlu tamamlayıb.
Hazırcavab aparıcının fikirlərini təqdim edirik:
İndiki ağlım olsaydı...
- Sizə elə gəlir ki, mən indi ağıllanmışam?
Dünyanı dəyişmək imkanım olsaydı...
- Şimal qütbü ilə cənub qütbünün yerini dəyişdirərdim.
Kişilər o qadınlara xəyanət etmir ki...
- Xəyanətə layiq olmayan və ailəsini qorumağı bilən qadınları kişilər nadir hallarda aldadır.
Seviləsi qadın olmağın ilkin şərti...

- Bu sualın cavabını qadınlar bilər. Hər halda ağılla gözəllik birləşsə, super olar.
Qadınlar yaşını ona görə gizlədir ki...
- Çünki onları gizlədiləsi başqa heç nələri yoxdur.
Qadına qarşı şiddət...
- Atalarımız da deyib ki, "yaxşı at özünə qamçı vurdurmaz".
Tez-tez təəssüf edirəm ki...
- Heç nəyə təəssüf etmirəm.
Vanqa nənə ilə görüşsəydim...
- Ondan gözlərinin nə vaxt açılacağını soruşardım.
Küsülü olduğum insana demək istəyirəm ki…
- Məhz küsülü olduğum üçün ona heç bir sözüm yoxdur.
Ən böyük səhvim o olub ki...
- Mənə elə gəlir ki, bütün səhvlərim böyük olub. Odur ki, onların arasında böyük-kiçik seçimi etmirəm.
Tənhalıq insan üçün lənətdir, yoxsa..?
- Qətiyyən, bəzən xoşbəxtlik və rahatlıq deməkdir.
Kiminsə yalan danışdığını hiss edəndə...
- Bir halda əziyyət çəkib yalan uydurur, qoy, işində olsun, üzünə vurmuram.

Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Allah hər kəsi bərabər yaradıb. Sosial bərabərsizliyi insanlar özləri yaradıb.
Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Bu barədə düşünmürəm.
Günahlarım yadıma düşəndə...
- Günahlarım haqqında düşünəndə sıxılıram, bir dəfə bir məsələdə tövbə etmişəm, hələ ki, üstündə dururam. Nəyə tövbə etdiyimi deyə bilmərəm.
Övladlarıma ən çox onu məsləhət görürəm ki…
- Ağıllı olsunlar, başqa heç nə.
İlahi ədalətə inancımı o zaman itirdim ki…
- İlahi ədalətə inancını itirmək ümidsiz yaşamaq və məhv olmaq deməkdir. Bu inamı heç zaman itirməmişəm, yoxsa yaşaya bilmərəm.
Heç vaxt heç kimə icazə vermirəm ki...
- Mənə yuxarıdan aşağı baxsınlar.
O zaman düşünmədən riskə gedirəm ki...
- Həyatım hər addımbaşı riskdir.
Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...
- Başımı işlədirəm.
Yaxşı gündə, pis gündə...
- Xeyir qələbə qazansın!
Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı idi.
- Minnətdaram.

Paylaş: