Artıq bunların mənası yoxdur - Mərhum bəstəkarın arvadı
Tarix: 2-04-2018, 17:25


ARB TV-nin “Səhər-Səhər” verilişinin qonağı olan xalq artisti Flora Kərimova göz yaşları içində, mərhum bəstəkar Tahir Əkbərin ailəsinin çətin vəziyyətdə olduğunu deyib.
Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər Kult.az-a müsahibəsində bu barədə suallara aydınlıq gətirib:
- Aybəniz xanım, xalq artisti Flora Kərimova efirdə sizin maddi durumunuzun aşağı olduğunu bildirərək, imkanlı şəxslərdən yardım istəyib. Buna sizin münasibətinizi bilmək istərdik.
- Tahir müəllimin sağlığında ona edilməyən yardımın indi edilməsinin mənası yoxdur. Flora xanım bizim evə gəlmişdi. Yəqin, fikirləşib ki, bu ailəyə nəsə köməklik etsin. Tahir müəllimin durumunu hamı bilirdi. Qızının təhsil haqqısını ödəyə bilmirdi, ona görə də evini satdı, 1 otaqlı ev aldıq. Flora xanımı başa düşürəm, amma bu haqda danışmağın heç bir mənası yoxdur.
Siz özünüz haradasa çalışırsınız?
- Heç yerdə işləmirəm, qızım da Dillər Universitetində təhsil alır.
- Bəs qızınızın təhsil haqqını ödəyə biləcəksiniz?
- Qızım 4-cü kursda oxuyur. Yəqin ki, builki təhsil haqqını ödəməyin də bir yolunu tapacağıq.
- Tahir Əkbərin sağlığında dövlət tərəfindən hansısa yardımlar olurdu?
- Aybəniz Haşımovanın sayəsində Tahir müəllimin səhhəti haqqında məlumat Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya çatdı. Üstündən bir gün keçməmiş Mehriban xanım bizə dəstək oldu. Maraqlısı budur ki, xəstəliyi dövründə Tahir müəllim nə danışa bilirdi, nə də yeriyə. Amma hər şeyi anlayırdı. Bir dəfə ona televizorda göstərdim ki, Tahir, bax, səni dövlətimiz, Mehriban xanım dəstəkləyir. Tahir Əkbər o an ağladı və sevindi ki, dövlət tərəfindən ona yardım edilir (ağlayır). Dövlətimiz həqiqətən də dəyərli insanlara dəyər verir.
- Türkiyə səfirliyinə niyə müraciət etmişdiniz?
- Türkiyə səfirliyinə müraciətimizin səbəbi onun 1989-cu ildə qeydiyyatdan keçirdiyi “Əzizim” əsərinin türkiyəli musiqiçi tərəfindən oğurlanmasıdır. Biz Tahir Əkbərin sağlığında getdik səfirliyə. Səfir bizi gözəl qarşıladı və əsərin Tahir müəllimə məxsus olduğunu bildiyini dedi. Biz Tahir müəllimin haqqını tələb etmək üçün getmişdik. Həmin o bəstəni Nisə Qasımova oxuyub, amma əsər 1997-ci ildə musiqisi Xəlil Qaradumana, sözləri Əli Təkinə məxsus olaraq Türkiyədə qeydiyyatdan keçib.
- Sonda nə demək istəyərdiniz?
- Biz heç kimdən heç nə istəməmişik. Hər şey Tahir Əkbərin haqqı idi, sağlığında onları qazana bilmədi. Tahir Əkbər böyük sənətkar idi, bunu hamı bilirdi. O, çox insana əl tutmuşdu. Onun mahnıları ilə dünyanı gəzənlər olub.
Qeyd edək ki, xalq artisti Flora Kərimova ARB TV-nin “Səhər-Səhər” verilişində mərhum bəstəkar Tahir Əkbərin ailəsinin maddi durumunun yaxşı olmadığını deyib və onun övladının təhsil haqqısının ödənilməsi üçün yardım edilməsini xahiş edib.

Paylaş: