İsfəndiyarı “Xan” edən məşhur təbrizli - Video
Tarix: 12-07-2017, 11:35


Təbrizli xanəndə Əbülhəsən xan Musa xan oğlu 1870-ci ildə Qəzvin vilayətinin Əlvənd kəndində anadan olub.
Kult.az xəbər verir ki, mükəmməl mədrəsə təhsili alan Əbdülhəsən Xan Təbrizdə yaşayıb, gənc yaşlarından istedadlı və muğamı dərindən bilən sənətkar kimi tanınıb. O, 1905-1911 illərdə İran inqilabına qoşulub. Səttar xan istedadlı müğənniyə “İqbali Azər” adını verib.
Əbülhəsən Xan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında “Şur”, “Çahargah”, “Mahur”, “Əbu-əta”, xüsusilə, “Segah” yüksək emosional tərzdə səslənib. Özünəməxsus üslubda ifa etdiyi “Segah” İranda “Əbülhəsən Xan Segahı” adı ilə məşhurlaşıb.
Azərbaycanın böyük sənətkarı Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) məhz Əbülhəsən Xana görə “Şuşalı Xan” təxəllüsünü alıb. Belə ki, İsfəndiyar Cavanşir 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə “Təbrizli Xanın” (Əbdülhəsən Xanın) yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Şuşalı Xan” (“Xan Şuşinski”) adını verib.
Əbülhəsən Xan Seyid Şuşinski ilə də yaxın dost olub. Hətta plastinkalarının birində “Humayun” muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırıb.
Qeyd edək ki, Əbdülhəsən Xan Təbriz şəhərinin meri olub.



Paylaş: