Azərbaycanda teleradio yayımı ilə bağlı yeni tələblər
Tarix: 27-03-2018, 10:51



Azərbaycanda teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər müəyyən olunub.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin 9-cu (Teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər) maddəsinə əsasən, teleradio yayımı vasitəsilə yayımlanan “Universal”, “6-”, “6+”, və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.

Xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, aşağıdakı informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur:

1. Bu Qanunun 4.3.3-cü (Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir: Zorakılığı və qəddarlığı nümayiş edən informasiya, qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya, qorxu məzmunlu informasiya, erotik məzmunlu informasiya) maddəsində nəzərdə tutulan “16+” yaş kateqoriyasına aid informasiya məhsulları – yerli vaxtla saat 7-dən saat 21-dək,

2. Bu Qanunun 4.2 (Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir: Zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik xarakterli informasiya) və 4.3.4-cü (erotik məzmunlu informasiya) maddələrindən nəzərdə tutulan, müvafiq olaraq “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsulları – yerli vaxtla saat 6-dan saat 23-dək, 

“18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.

Qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq. Milli Məclis layihəni qəbul edərsə, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Paylaş: