“Leyli və Məcnun” Vaşinqtonda!
Tarix: 23-03-2018, 11:43



ABŞ paytaxtı Vaşinqtonda “Leyli və Məcnun” operasının premyerası keçirilib. 
"Report" xəbər verir ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin operası yeni versiyada böyük uğurla təqdim olunub. 
Opera ABŞ-ın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.
Operada Azərbaycanın xalq artisti Alim Qasımov və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımova çıxış edib. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən reallaşdırılıb. İfalarda hazırda dünyanın ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.
“Leyli və Məcnun” layihəsində həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, həmin layihənin elmi məsləhətçisi kimi, tamaşalardan əvvəl “Leyli və Məcnun” əsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi də Aida Hüseynovadır. Onun təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan Səmədovun “Muğam triosu” rəsmi də daxil edilib.
Konsertlər həmçinin ABŞ-ın İllinoys və Nyu-York ştatlarında da keçirilib. Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb.
Qeyd edək ki, Vaşinqtonun Kennedi Mərkəzində “Leyli və Məcnun” operası martın 23 və 24-də də nümayış etdiriləcək.

Paylaş: