Məşhur ANS-çilər Mirşahinlə maaşda anlaşmayıb
Tarix: 13-03-2018, 09:33


Lisenziyası ləğv edilə Azərbaycanın ilk müstəqil telekanalı olan ANS-in keçmiş aparıcılarının əksəriyyəti yeni təsis olunan REAL TV-də işləməkdən imtina ediblər.
Bu barədə AzEuroNews.com-un əldə etdiyi məlumata görə, buna səbəb yeni telekanalın təklif etdiyi maaşın azlığıdır.
► Aytən, Elgiz, Natəvan, İlqar getmir, Qənirə isə…
REAL TV-nin hazırkı büdcəsi yüksək əmək haqqı verməyə məhduddur. ANS-in lisenziyası dayandırıldıqdan sonra ATV, AzTV, ARB və digər telekanallarda iş tapan jurnalistlər təklif olunan 500-600 manat maaşla razılaşmayıblar.
REAL TV-nin isə daha artıq məvacib verməyə hələ ki gücü çatmır. Ona görə də REAL TV hələlik kiçik büdcə və məhdud heyətlə efir fəaliyyətinə başlayacaq.
Nigar Mahmudova, Aytən Səfərliyeva, İlqar Mikayıloğlu, Elgiz Əkbər, Natəvan Babayeva, Mətanət Əliverdiyeva və başqaları REAL-da olmayacaqlar.
Qənirə Ataşova isə “Hizmət” hərəkatı lideri Fətullah Gülənlə məlum müsahibədən və hadisələrdən sonra ABŞ-a köçüb.
► Mirşahin sükutu pozdu
Telekanalın baş direktoru Mirşahin Ağayev isə ilk dəfə müzakirələrə cavab verib.





O bildirib ki, efirdə olmadığı müddətdə ünvanına fikir səsləndirənlər tez bir zamanda cavabını alacaq:
“Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız.
Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir? Mənim düşərgəmi tanımırdınız ki?
Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz.
Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə…sevəcəm!”
► Bu həftə efirə çıxırlar – heyət
Onu da deyək ki, “Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq. Bu barədə “Report”a Milli Televiziya və Radio Şurasından məlumat verilib.
“Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq.





Xatırladaq ki, Şuranın martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.
Fətullah Gülənlə müsahibə ucbatından tarixin arxivinə göndərilən ANS daha olmayacaq.
REAL TV-yə lisenziya verilməsi göstərir ki, efir məkanında heç vaxt ANS adlı telekanal fəaliyyət göstərməyəcək.
Təbii ki, bütün bunlar ölkənin birinci şəxsi səviyyəsində razılaşdırılmış məsələdir. MTRŞ-nın belə bir taleyüklü siyasi qərar qəbul etmək iradəsi ola bilməzdi.
ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq:
Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu…
ANS-ə məxsus köhnə avadanlıqları götürmək isə mümkün olmayıb. Məlum olduğu kimi, prokurorluq ANS-in qapısını möhürləyib.

Paylaş: