Həyatımızı “işğal” edən seriallar - fəsadı faydasından çox?
Tarix: 12-03-2018, 08:55


Seriallar artıq həyatımızı “işğal” edib, insanları öz əsirinə çevirib desək, yanılmarıq. Azərbaycan tamaşaçısı hazırda daha çox Türkiyə istehsalı olan seriallara maraq göstərir. Bəzən aylarla, hətta illərlə davam edən seriallara maraq azalmır, əksinə, insanları daha da öz təsiri altına alır.
Ekspertlər qeyd edirlər ki, hazırda dünyada psixoloji asılılıqlar arasında ən təsirli olanı seriallardır. Bu bir faktdır ki, insanlar seriallara o qədər bağlanır ki, real həyatda da özlərini serialdakı kimi hiss edir. Təbii ki, bunun da öz mənfi tərəfləri var. Bu gün TV-lərdə yayımlanan seriallarda daha çox mənfi obrazlar calandırılır. Mütəxəsisslərin fikrincə həmin xarakter və həyatlar mənfi modelləşdirməyə səbəb olur. İnsanlar real həyatdakı məsuliyyətlərindən uzaqlaşaraq, serial xarakteri ilə yaşamağa başlayır, seriallardakı kimi sevməyə can atır, xəyanət edir, yalan danışır. Bu da həyatında müəyyən problemlərə, qarşıdurmalara, depressiyaya və sairə səbəb olur.
Beləliklə, serialların cəmiyyəti formalaşdırdığı, cəmiyyətdə baş verən olayları istiqamətləndirdiyi, boşanmalara, xəyanətlərə, bəzən də cinayətlərə səbəb olduğu haqda rəylər yaranır.
Qeyd edək ki, serialların əsas izləyiciləri təkcə evdar qadınlar deyil, həm də yeniyetmə və gənclərdir. Xüsusən də Türkiyə istehsalı olan seriallarda döyüş, kriminal aləm, qətl hadisələrinin çox olduğunu düşünsək, bunun cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu təsəvvür etmək çətin deyil.

Psixoloq Ramil Nəcəfli serialların ictimai fikrə olan təsirləri haqda “Yeni Müsavat”a danışdı: “Bəli, bu doğru fikirdir ki, seriallar bu, gün həyatımızı ”işğal" edib. Bunun da həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, bekar olan, vaxtını səmərəli keçirmək haqda planı olmayan insanlar üçün seriallar vaxtı “öldürmək” yeridir. Bundan başqa insanlar seriallarda gördükləri personajlardan özlərinə bir qəhrəman tapır və bir növ onun həyatı ilə yaşayır. Bu da insanlarda emosional, duyğusal keyfiyyətlərin formalaşmasına səbəb olur. Çünki bəzi insanlar var ki, şəxsi, gündəlik həyatlarında o hissləri yaşamır, görmür və bütün bunları seriallarda yaşayır. Məsələn, şəfqət, mərhəmət, başqalarının dərdlərinə yanmaq və yaxud bəzi seriallarda olduğu kimi, vətənə böyük sevgi bəsləmək, patriot olmaq, sevgi ilə bağlı hisslərini serial vasitəsi ilə başa düşür, anlayır, müəyyən mənada maariflənir. Bəzən seriallarda təhrifə yol verilsə də, hər halda tarix haqda məlumatlar verilir, insanlar öz bilgilərini artırır, istər mədəniyyət, istərsə də qarşılıqlı münasibətlərdə etik normalar var ki, onları görüb götürür, danışıq qabiliyyətini zənginləşdirir.
Qeyd etdiyim kimi, serialların müsbət olduğu kimi, mənfi tərəfləri də var. Belə ki, seriallara pənah gətirməklə insanlarda, xüsusən də gənc və yeniyetmələrdə aludəçilik yaranır, bir növ robot zehin, zombi düşüncə və davranış formalaşır. Bir kitabı mütaliə edərkən, əsərdə baş verənləri beynimizdə canlandırır, bir növ rejissoru, operatoru özümüz oluruq. Lakin əsəri serial vasitəsi ilə izlədikdə bir növ qəliblənmiş olursan, özünü bir qəlbin maketində hiss edirsən. Bu da sərbəst fikir formalaşmaq qabiliyyətimiz zəiflədir və oradakı kimi davranmağa başlayırıq, düşüncəmizdə “belə olmalıdır və mən də belə davranmalıyam” fikri yaranır. Xüsusən də gənc və yeniyetmələr seriallarda baş verən pis olayları, qeybətləri gördükdə düşünür ki, real həyatda da insanlar bu cürdür. Bu da onlarda özünəqapanma, insanlara qarşı güvənsizlik yaranmasına səbəb olur".

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, Azərbaycanda son illərdə çoxlu sayda seriallar istehsal olunsa da, onlar təyinatı üzrə çəkilmir: “Seriallar ona görə yaradılır ki, kütlədə, əhalidə lazım olan şəkildə göstərməklə insanların mentalitetində müsbətə doğru dəyişiklik olunsun. Yəni, serialların fəlsəfəsi bundan ibarətdir. Lakin bizdə serialı çəkəndə onun fəlsəfəsi, ideyası haqda düşünmür, bunun insanlara nə aşılayacağını təhlil edən yoxdur, sadəcə olaraq oyun göstərirlər. Bu da yaradıcı bir iş olmur, ortaya xoşagəlməz bir seriallar çıxır. Müsbət iş görmək əvəzinə, daha da mənfi iş görülür. Nəzərə almaq lazımdır ki, seriallar insanların psixologiyasında müəyyən dəyişikliklər edəcək deyə, bəzi qüvvələr öz maraqlarını yeritməyə çalışır. Bu səbəbdən yerli serial istehsalçılar düşünməlidir ki, Azərbaycanın gələcəyi üçün mühüm olan maraqları aşılasınlar. Bu gün bizim seriallarda böyük problemlər var və həmin seriallar təyinatı üzrə deyil. Əksinə bir çoxunda insanlara kriminal aləmlə bağlı daha ətraflı məlumatlar verilir, bununla da ölkədəki kriminal cinayətlərin artmasına xidmət edilir”.

Paylaş: