“Bıçaq sümüyə dirənibsə,...” - Afaq Bəşirqızıdan müharibə TƏLƏBİ
Tarix: 8-07-2017, 09:21


"Bıçaq sümüyə dirənibsə, başqa bir yol yoxdursa, mən bir ziyalı kimi bu məsələnin sonunu fikirləşərək deyirəm ki, müharibə lazımdır”.
Bu fikirləri Unikal.org-a Xalq Artisti Afaq Bəşirqızı bir neçə gün əvvəl Füzuli rayonunun Alxanlı kəndində 18 aylıq Zəhra Quliyevanın ermənilər tərəfindən qətlə yetirilməsinə münasibət bildirərkən deyib. O, bildirib ki, körpə uşağı qətlə yetirmək ermənilərə yaraşan bir xasiyyətdir. "Təbii ki, bu hadisəyə münasibətim birmənalıdır. Görəsən, günahsız uşağın ölümündən sonra onlarda bu hadisədən ibrət götürənlər olacaqmı? Ola bilməz ki, özünü xalq, icma adlandıranlar bu qədər Allahsız, heysiyyatsız, barbar olsunlar.Bizdə nə qədər günahsız Zəhralar ölüb. Xocalı hadisəsində onlarla belə günahsız körpə qətlə yetirildi, şikəst oldu. Bunun da başında Zori Balayan Sarkisyan kimi alçaqlar, şərəfsizlər durur. Onlar bu haqda fikirləşməli və cavab verməlidirlər. Erməni anasının da balası şəhid olur”.
Xalq artisti deyib ki, onun ümumiyyətlə BMT, ATƏT kimi beynəlxalq təşkilatlara heç bir inamı qalmayıb: "Mən xalqıma və onun başında duran prezident İlham Əliyevdən başqa heç kimə inanmıram. Artıq bizim qəti qərar vermək vaxtımızdı. Əks halda qətlə yetirilən Zəhra kimi günahsız körpə balaların sayı artacaq. "Mən edə bilərəm və edəcəyəm” sözünü demək lazımdır. Əks halda, bir daha deyirəm Zəhra kimi qurbanlar çox olacaq. Bu da sadəcə içimizi yandıracaq.Heç bir ana müharibə istəməz. Bıçaq sümüyə dirənibsə, başqa bir yol yoxdursa, mən bir ziyalı kimi bu məsələnin sonunu fikirləşərək deyirəm ki, müharibə lazımdır”.

Paylaş: