Namiq Qaraçuxurlu: "Mirşahin mənə dedi ki, "De gəlsin"i sən bağlatdırdın"
Tarix: 23-02-2018, 15:49


"Ölkə.Az" saytının növbəti qonağı tanınmış meyxana ustası Namiq Qaraçuxurludur.
Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Loung”-ə təşəkkürümüzü bildiririk.
“Mənə görə pul qazanır, özümü də məhkəmə ilə hədələyir”
– Namiq niyə televiziya verilişlərinə o qədər də çıxmır? 
– Bəli, televiziyalara az-az çıxıram. Hər zaman deyirəm ki, bir dənə də məndən olsaydı, rahatlaşardım. Televiziyalarda elə verlişlər var ki mən getmək istəmirəm, amma dostlarımdır deyə məcbur gedirəm.
– Dediniz məndən biri də olsa, onu dəvət edərdilər. Oxşarınız var axı... 
– Hə. Mənim oxşarım bir nəfər deyil, çoxdur. Amma ən populyarı odur. 
– Sizin mahnılarınızı oxuyub, toylara gedir pul qazanır. Sizi narahat etmir bu?
– Bəli, mənim mahnılarımı oxuyur. Bir dəfə Nabranda istirahət yerində idim. Üzbəüz bir restoran var idi. Səhərəcən 90-cı illərdən bu yana nə qədər mahnılarım var idi hamısını oxudu, başqa bir şey oxumadı. 
– Bəs sizin kimi oxumağı bacarırdımı?
– Mən o işə qarışmaq istəmirəm. Sadəcə açığını deyim ki, mənim acığıma gəldi. Bu insan bir dəfə də demir ki, “Namiq çox sağ olsun. Ona oxşaya-oxşaya, onun mahnıları ilə çörək qazana-qazana nə isə edirəm. Əksinə mən onun bir neçə müsahibəsini görmüşəm deyib ki, “Namiq mənim haqqımda danışsa, mən onu məhkəməyə verəcəm”. Bu yaxınlarda onu Şəmkir toyunda gördüm. “Dözmədi qəlbim” mahnımı oxuyurdu. Bu, danılmaz faktdır. Ondan əvvəl də Xaçmazda dostlarımızın restoranı var. Zəng etdilər ki, bütün mp3-ün hamısını oxudu. Mən belə insanlara dəstək olmağa hazıram, amma ortada səmimiyyət olmalıdır.
– Ən qəribə gördüyünüz yuxu nə olub?
– Yuxularım çox yadımda qalmır. Amma uşaq vaxtı məndə belə bir adət var idi. Gözümə hər zaman nəsə görünürdü. Ələxsus da xəstələnəndə, boğazım gələndə. Həmişə üstümə iki-üç dənə ağ nəsə qaçırdı. O anlarda çox qorxurdum. Bir dostum var, onunla eyni gündə doğulmuşuq. O deyir ki, həmin şeylər məndə indiyə qədər var. Qaranlıq olan kimi məni qara basır. Belə qəribə hadisələr həyatımda baş verib. Görmüşəm ki, kimsə içəri girib üstümə gəlir. O elə bir əhval verir ki, mən dillə başa sala bilmərəm. Çox incidir məni və qorxuram. Belə şeylər rastıma gəlir. 

“O boyda verilişi bağlatdırdım”
– “Rəvayət”lə “partlat”dınız. Ondan qabaq da sənətdə var idiz, amma o qədər də populyar deyildiniz. 2-ci rəvayət də gözlənilirdi və neçə il sonra oldu. Amma birinci kimi olmadı. Niyə görə?
– Hər bir şeyin öz dövrü var. Rəvayətin də öz dövrü var idi. İnsanlar ona inanırdı, dinləyirdi. Rəvayət buraxıldı sonra nə qədər insan rəvayət çıxardı. Uzun illər mən öz tamaşaçılarıma onu izah edirdim ki, rəvayətin dövrü deyil. Sadəcə olaraq mən onların xahişini yerinə yetirdim. Rəvayəti Heydər Əliyev sarayında mənim konsertim olan zaman oxudum. Onu ilk və son dəfə orada oxudum. Artıq bilirdim ki, uğur o qədər də olmayacaq. Sadəcə olaraq tamaşaçıların, dinləyicilərin təkidi ilə onu etdim. Amma mənim o uğurlu rəvayət dediyinizdən öncə də rəvayətim var idi. Sadəcə o da tanınmırdı.
– Bir zamanlar efirdə “De gəlsin” getdiyi vaxtda orada iştirak etməsəniz də çox keçmədən çıxartdığınız rəvayətlə tanındınız...
– Ümumiyyətlə, mən hər şeyə məntiqlə yanaşan adamam. Bu gün mən heç bir yarışmada yoxam. Mənim müəyyən düşüncələrim var, istiqamətlərim var. O vaxtki meyxana yarışmalarının birində mən iştirak edib 2-ci yer tutmuşam. 1-ci yeri Əlislam tutub. 2-ci yeri Aydın Xırdalanlı ilə mənə böldülər. Mən belə düşünürəm ki, mən yarışma mərhələsini keçdim. Artıq başqa iş görməliydim. Digər meyxanaçılarımız var ki, hardasa 5-6 dəfə yarışmaya çıxıblar. Mən onun məntiqin tuta bilmirəm. Məntiqi budur ki, televiziyada görünüm gündəmə gəlim. Bilirsiniz ki, uzun illər “De gəlsin” olmadı. Mirşahin müəllimlə bir dəfə üzbəüz gələndə dedi ki, “Hamısını bu etdi”. Mən ondan nə etdiyimi soruşanda izah elədi ki, mən rəvayəti yazdırandan sonra insanların istiqaməti dəyişib. “De gəlsin”dəki abu-hava artıq dəbdə deyildi. Ona görə saxladılar ki, artıq reytinq gəlməyəcək. Belə deyək, o boyda verlişi bağlatdırdım.
– “Maşın şou”dan təklif gəlibmi sizə?
– Dəfələrlə. Hətta bir dəfə Murad inciyib. Bir dəfə efirə 2 gün qalmış Muradla heyəti məni razı salmaq istəyirdi. Gördülər ki, mümkün deyil. Murad Arifi seçdilər və həmin verlişdə o, maşını apardı. Peşman olmadım. Ölkədə ən reytinqli veriliş olmasına baxmayaraq, mən özümü orada görmürəm. 
– Sizinlə birlikdə Ələkbər Yasamallı, Aydın Xırdalanlı və başqaları mağar toylarına bir yerdə gedirdiniz. Sonra illər keçdi bir yerdə görünmədiniz. Sizin istiqamətiniz bir başqa səmtə, onların da başqa səmtə dəyişdi. Sonra o görüşmədiyiniz illərdə münasibət necə idi?
– Mənim hər zaman onlarla münasibətim yaxşı olub. Yeri gəlmişkən bir neçə gün öncə gecə saat 3-ə kimi biz Ələkbərlə bir yerdə olmuşuq. Ələkbərlə indi də tez-tez görüşürük. Sadəcə Aydının səhəti ilə bağlı problem var. Ona görə uzun zamandır onu görmürəm. İndi səhəti biraz yaxşılığa doğru gedir, amma əvvəl çox pis idi. Meyxanaçıların əksəriyyəti ilə münasibətim yaxşıdır.
– Onlardan nankorluq görməmisiniz? Söhbət Aydından gedir. 
– Mən Ələkbərin xətrin dünyalar qədər istəyirəm. Bu saat ən darıxdığım və meyxana demək istədiyim insan Aydındır. Çox arzulayıram ki, onun səhhəti düzəlsin və biz meyxana deyək. Mən Aydından bir az niyə uzaqlaşdım? Məsləhətlərə qulaq asmırdı. Elə meyxanaçı var ki, mən ona dəfələrlə kömək etmişəm. Hətta nəticə də görmüşəm. Bəlkə də ən azını Aydın üçün etmişəm. Gördüm ki, qəbul etmir davam etmədim. Amma bu gün bilirəm ki yaxşılığa doğru gedir.

“Meyxanada özümdən sonra ikinci Rəşad Dağlını görürəm” 
– Namiq Məna ilə elə bil bir az intriqanız var. Deyəsən, deyişmələrdə də 1-2 dəfə bağlamısınız. Deyişmə barədə ən çox intriqada olduğunuz Mehman Əhmədlidi, Namiq Mənadı və Elşən Xəzər. 
– Müəyyən meyxanaçılar olur ki, onlarla kəskin meyxanalar olur. Elə meyxanaçılar olub ki, onlarla bəzən prinsipial meyxana deməyimizə baxmayaraq, real həyatda münasibətimiz normal olub. Bir ara rəvayətdən sonra demək olar ki, bütün meyxanaçılarla aramızda soyuqluq yaranmışdı. Çevrəmizdə olan küsüb gedənlərə deyirdim ki, Allah sizin hamınızın yolun açsın və məndən əl çəkəcəksiniz. Əlbəttə elə oldu. ”De gəlsin”lər çoxaldı, meyxanaçılar tanındı. Hamısı indi toydadılar pul qazanırlar və məndən əl çəkdilər.
– “Youtube”dəki bir meyxanaların birində Rəşad Dağlı sizin yanınızda əyləşib və yaşı azdır. Ağlınıza gələrdimi Rəşad gəlib Azərbaycanda toy bazarında oturuşmuş bir səviyyəyə çatar?
– Qəribədir ki, o vaxtlar bəlkə də yeniyetmə olduğum üçün ətrafa çox fikr verməmişəm. “Youtube”-də həmin görüntüləri görəndə təəccübləndim ki, Rəşad da orada olub. Rəşad mənə deyib ki, siz çayxanada olanda mən də gəlirdim.  Rəşadı mən “De gəlsin”-də Aqşinlə olan çıxışından yadımda saxlamışam. O zaman Rəşad sanki üslubun axtarırdı və tapdı. İndi Rəşad maşallah tanınır. Məndən soruşsalar ki, səndən sonra kimdir? Bəlkə, Rəşad məndən sonra olmağı qəbul etməz, amma onu görürəm. Mən işimi görüb bitirmişəm və zirvədə buraxmışam. Mən artıq meyxana fəaliyyətim ilə kifayətlənməliyəm. 
– Neçə ildir meyxana demirsiniz?
– Sizə bir sirr açım ki. 1 ay qabaq bir yaxın adam məndən xahiş etdi ki, toyda meyxana deyim. Vüqar Biləcərili, Orxan Lökbatanlı, mən və Ələkbər Yasamallı. 2 saatlıq meyxana dedik. Mən görürəm ki, həqiqətən istedadlı uşaqlarımız var. Məmnuniyyətlə, Vüqar Biləcərilinin adin deyə bilərəm, Orxan da çox gözəl meyxanaçıdır. Pərviz özü də. Gözəl meyxanaçılar çoxdur, amma orada çatmayan məsələlər var ki,  onların bəzilərinə də demişəm. Mən çox istərdim ki, küçədə onların afişalarını görüm. Mən onların bəzilərinə şəxsən təklif etmişəm ki, Heydər Əliyev adına sarayda konsert təşkil etməyi öz boynuma götürürəm. Bu təşkilatçılığı heç özüm üçün etmirəm. Çox çətin işdir. Mən səhnə arxasında olacam. Sadəcə sizin həvəsiniz olsun. Hamısı deyir İnşallah, amma qalır. Elə adamlar var söz vermirsən, amma bütün gün qapının ağzındadırlar. Təklif vermişəm, istəyirəm özləri can atsınlar. Səbəb nədir? Pul qazanmağa başları çox qarışıb. Mən efirdə meyxananın vəziyyəti ilə bağlı narazılığımı bildirdim. Amma bəzi meyxanaçılar meyxananın yüksək zirvədə olduğunu dedilər. Onlar düşünür ki, səhər dururam hər kəs mənimlə şəkil çəkdirir, axşam gedirəm pul qazanıram. Dərk etmirlər ki, bunu genişləndirmək lazımdır. Bu, tarixdir. Bunu araşdırmaq lazımdır. Mən rəvayəti çəkəndə həftələrlə qapılardaydım. Gözlərim dolmuşdu, ağlamaq istəyirdim. Bu gün televizoru açırsan ancaq meyxanaçılar. Bura gəlib çıxmaq var. Bu gün toyda mən meyxana görmürəm. Meyxana ancaq toy axşamlarındadır. Dostumuzun toyu ayın 10-u idi. Toyda mən varam, toy axşamında meyxanaçılar. Mənim dövrümdə toyun ən gözəl vaxtında saat 9-da müğənniləri saxlayırdılar ki, meyxana deyənlər gəldi. Və mən çıxırdım meyxana deyirdim. 
– Namiq Mənanın meyxananı “bədiyyə” sənəti adlandırırdı. Fikriniz necədir sizin?
– Mən həmişə demişəm ki, bunlar hamısı boş şeylərdir, keçib gedəcək. Bu gün də şahidsiniz getdiyinə. Bu 2 şeyə xidmət edirdi. Dəstələrin reklamına. Bir tərəfdə Namiq Məna idi, bir tərəfdə Mehman Əhmədli. Bu yalnız ona xidmət etdi ki, onlar zaman-zaman gündəmə gəldi. Əgər onun adı dəyişilməlidirsə, onda hamı yığılıb bir qərar verməlidir. Bu mənim şəxsi özümün deyil ki, durub deyim bunun adını dəyişirəm. 
– Bu sənətə gələnə qədər hansı sahələrdə çalışmısınız?
– Tikintidə fəhlə, bazarda satıcı işləmişəm. İdmanla məşğul olmuşam, orta məktəbdə xor dərnəyində mahnı oxumuşam.
– Bıçağınızın qabağı da kəsir, arxası da?
– Düşünmürəm arxası da kəsir, amma qabağı kəsir. Arxasının kəsməyi o qədər də real deyil. Necə ki, bıçağın özü də real deyil.
– Namiq gözəgörünməz kremi çəksəydi ilk edəcəyi nə olardı?
– İlk ağlıma gedə bilmədiyim, arzuladığım, uşaqlıq xatirələrim olan yerlər gəldi. Məmnuniyyətlə gedib orda 2-3 gün qalardım. Gecə o yataqda yatardım, səhər oyanardım. Məkanları deməyim, amma elə yerlər var ki, böyük məmnuniyyətlə orda bir neçə gün qalardım. 
– İndiki Namiq olaraq həmin yerlərə gedə bilməzsiniz?
– Yox. Gedə bilmərəm. Səbəbini deyim sizə. Orada heç yarım saat otura bilmirəm. İnsanlar qapıya düzülür. Pul istəyirlər, iş istəyirlər. Bütün o xatirələr, o hisslər hamısı ölür. 

"Aygünlə olan məsələni danışaram, "şok, şok, şok!" nədir, onda bilərsiniz"
– Aygün Kazımova ilə aranızda müəyyən məsələlər oldu. Uzun bir zaman dostluq, duet ortağı. Lakin zaman keçdikcə bir soyuqluq yarandı. Əslində o məsələnin səbəbin sizdən öyrənmək istəyirik. Sizin onun bağ evini satmaq məsələsi gündəmə gəlmişdi. Yəqin ki xəbərdarsınız. Məsələnin əsli nə idi?
– Məsələnin əsli heç kimin bimədiyi bir şeydir. Hərə bir ağızdan danışır. Məsələdə Aygün Kazımovadan qorxmaq, çəkinmək deyə bir şey ola bilməz. Sadəcə mən bir kişi xeylağı olaraq bu şeylərə cavab verməməliyəm. Ona görə səbr edirəm. Elə məsələ var ki, deyirsən bu qəti olmaz. Bu məsələdə qətiyyət yoxdur. Elə bir zaman gələr ki, mən bu məsələləri bütün çılpaqlığı ilə açıb, tökərəm ortalığa. “Şok şok şok” nə deməkdir siz onda görərsiniz. 
– Aygün Kazımova demişdi ki, Namiq məndən ayrılmaq üçün evləndi. Gözümdən pərdə asmaq üçün...
– Mənim evlənməyim haqda hərə bir cür danışdı. Məni düşündürmür Aygün və ya başqası nə düşünür  haqqımda. Mənim də hansısa bir sənətçi haqqında düşünməyə haqqım var, onların da mənim haqqımda düşünməyə. Qoy düşünsünlər.
– Və əvvəl evli olmağınız haqda olan düşüncələr?
-Mən şəxsi məsələlərimi heç vaxt danışmıram. 

“Ac yatdığım günlər olub”
– Gün var əsrə bərabər və hansı gün olub?
– Hər zaman özümü şanslı insan kimi sanmışam. Atam gəmiçi olub. Normal dolanışığımız olub. Xaricə gedib gəlirdi. Sonra səhətində problemlər başladı. Atam Neft Akademiyasında neftçi oldu. Çox kasıbçılıq yaşadım. Sonra bu kasıb oğlan birdən-birə elə bir yerlərə gedib çıxdı ki... O günlər əsrə bərabərdir. Övladım həyata gələndə baxışlarım dəyişdi. Düşünürəm ki, bu xəbəri aldığım gün də əsrə bərabərdir.
– Etdiyiniz ən böyük çılğınlıq nə olub?
– Etdiyim ən böyük çılğınlıq, əlimlə vurub pəncərəni sındırmaq olub.
– Kasıblıq görmüsünüz. Ac yatdığınız gecə olub?
– Əlbəttə. Amma indi xoşbəxtlikdən dieta saxlayırıq. (gülür) Qaraçuxurda yaşayanda həyətdə cincilim falan olurdu. Onları yığıb bişirirdik.
–  Bahalı yerlərdə yemək yeyəndə o günlər yadınıza gəlir?
– Dovğanı yeməkdən əlavə gətirəndə yadıma gəlir ki, biz dovğanı yemək kimi çörəklə yeyirdik. Amma indi biz bunu desert kimi yeyirik. Düşünürəm ki, bəlkə də bu mənim xoşbəxtçiliyimdir. O günləri yaşamışam ki, bu gün mən cızığımdan çıxmıram. Bəzən bahalı yerdə də otururam, ucuz yerdə də otururam. Heç vaxt cızığımdan çıxmıram. Elə adamların məclisində oluram ki, o adamların ailəsinin içiyəm. Məclisdə qalxırlar sağlığıma deyirlər. Qaldırırlar mənə elə bir təqdimat verirlər ki, düşünürəm onlardan biriyəm. Amma oradan çıxanda mən bilirəm ki, Namiq Qaraçuxurluyam.
“Borclarımı qaytarmırlar”
– Ən pis vərdişiniz nədir?
– Bu gün başa düşürəm ki, ən pis vərdişim ən axırda özümü düşünməyimdir. Bu gün onun qarşısını alıram. Xaraktercə belə adamam. Məsələn: Siz mənimlə görüşmək istəyirsiniz. Amma mən başqasının işini axıra qədər tamamlayıram, sonra sizinlə görüşürəm. Nəticədə də baxırsan ki, 1 həftə hara getdi? Bu xasiyyətimi bəyənmirəm. İnşallah zaman-zaman bunun qarşısını alacam. Mənim həyatım da bu cürdür. Gözüyaşlı dostumu görürdüm, bütün həyatımı həsr edirdim ona. Hər şeyini düzəltdim: Evi var, bağı var. Amma baxdım ki özüm üçün nə etmişəm? Bu gün mən o qədər də imkanlı həyat yaşamıram, dəbdəbəli evdə oturmuram. Çünki mən başqasını daha çox düşünürəm. Bir dəfə dedim ki, “Mən bu gündən sonra heç kimə kömək etməyəcəm” elə bunu dedim bir də gördüm biri zəng etdi. Yaxın adam idi, özümdə də yox idi başqasından borc aldım verdim.
– Borclarınızı qaytarırlar?
– Elə bir şey hələ görməmişəm. Kim isə də qaytarıbsa, gətirib hirslə qaytarıb və küsüb.
– Ən çox nə qədər borc vermisiniz?
– Ən çox 10000 manat yadımdadır. 10 il bundan əvvəl 1 həftəlik götürmüşdülər. Odur budur yoxdur. 3 il bundan qabaq çox əsəbiləşdim. Bu ilə qədər biraz ala bilmişəm. 7500 qalıb hələ. Biz insanlara başa sala bilmirik ki, bəzən bizim də 100 manata da ehtiyacımız olan vaxt olur.

"Bir dəfə narkotikdən istifadə etmişdi, çox zəif alınmışdı, o gündən tüpürdü o şeyə"
– Meyxanaçıların bir çoxu haqda narkotik maddələrdən istifadə etdikləri haqda söhbətlər gəzir...
– Mən onlarla daimi ünsiyyətdə deyiləm. Bilmirəm dəqiq istifadə edirlər, ya yox. Amma mən də eşidirəm ordan-burdan. Onun meyxanaya heç bir aidiyyatı yoxdur. İçki bir az həyacanı öldürür. O da baxır insana. Elə insan var içəndə dili topuq vurur. Elə insan da var içəndə güclənir. Boş şeydir. Ayıq başla hər şeyi daha çox dərk edirsən. Mənim içkili meyxanam olub. Baxan kimi bilirəm ki, burada içkili olmuşam. Bir dəfə eşitmişdim ki, Məşədibaba meyxanaların birində narkotik vasitədən istifadə etmişdi, çox zəif meyxana demişdi. O gündən tüpürdü o şeyə. Kimsə edirsə, o onun həyat tərzidir. Meyxanaya aidiyyatı yoxdur. 
– O vaxt kiminlə meyxana deməkdən zövq alırdınız?
– Biri Bayram Kürdəxanı idi. Bayramı toyda görəndə elə bilirdim onu mənə hədiyyə göndəriblər. Bir dəfə Bayramla səhərəcən meyxana dedim. Bir damcı nə yoruldum, nə də bir şey. Elə istirahət etdim, elə zövq aldım ki, ifadə etmək mümkünsüz. Elçin və Nizami Rəmzi ilə də meyxana demək istəmişəm. Təəssüf ki, mən sənətə gələndə onlar dünyasını dəyişmişdilər. Günü bu gün istərəm ki, Aydınla meyxana deyim.
– Ayaqqabı biznesiniz vardı. Bankrot oldu. Kimin gözü dəydi?
– Xeyir götürmədik. Biznes var. Ayaqqabıları satırıq, fabrikə olan borcumuzu ödəyirik. Brend deyildi. 20-30 manat civarında ayaqqabılar idi. Bir az biznesə diqqətsizlik oldu. Mənim işim elə idi ki, 1 həftəmi ayırıb səhmana salırdım, amma sonra yenə diqqətsizlik olurdu.

“Ayağım artıq düzəlməyə başlayır”
 Hər şeydən danışdıq. Səhhətinizlə durumu öyrənmək istərdik. Nə vaxt ayağa qalxırsınız?
- İnşallah bir neçə gündən sonra ayağa qalxıram. Ayağa qalxan kimi dərhal İranın Tehran şəhərinə konsertə gedirəm. Geri döndükdən sonra isə sizi səhhətim və yaradıcılığımla yenidən xəbərdar edərəm. Bütün həkim heyətinə, dostlarıma, bəzi sənət dostlarıma, bəzi media nümayəndələrinə və mənim üçün dua edən bütün insanlara təşəkkürümü bildirirəm.
– Yeniliklərdən, planlarınızdan danışın. 
– Yeni konsertlərimiz olacaq. Elvin Mehmanlı ilə yeni mahnımız çıxdı...

Paylaş: