"Vaxtında albomdan böyük pullar qazanan sənətçilər - Vüsal Əliyev, Namiq Qaraçuxurlu. Üzeyir Mehdizadə olub"
Tarix: 14-02-2018, 12:50


Müğənni Rüfət Axundov "Ölkə.Az"-ın suallarını cavablandırıb. 

- Bu, 2018-ci ildə mətbuata ilk müsahibəmdir. Bu il Niyam Səlamiylə duetimiz işıq üzü gördü. Təklif Niyamdan gəldi. Mahnı "Birimizi seç" adlanır, klipini isə Nail Naiboğlu çəkib. Tərbiyəvi mövzuda yazılmış "Etmə ruhumu haram" adlı mahnıya da klip çəkdirdim. Bu mahnının da klipini Nail Naiboğlu çəkib. Hər zaman axtarışdayam.
- Sizin ən uğurlu duetiniz Aynur Dadaşovayla olmuşdu. Yenidən xanım sənətçilərlə duet oxumağı düşünürsünüzmü?
- Aynur xanımla bir neçə duetimiz oldu, amma, ən uğurlusu "Ölənəcən gözləyəcəm" idi. Ondan sonra Rəqsanə xanımla, Xatirə İslamla duet oxudum. Yəqin ki, yenə də digər xanım sənətçilərlə duetlərimiz olacaq.
- İndiyədək solo konsertiniz olubmu?
- Azərbaycanımızın bütün bölgələri bizim üçün əzizdir, doğmadır. Gəncədə, Qubada solo konsertim olub. Çoxları məndən solo konsert haqqında soruşur. Ancaq bu, çox məsuliyyətli işdir. Mən də başa düşürəm ki, hesabat xatakterli konsert verməliyəm. Çünki artıq iyirmi ildir ki, səhnədəyəm. Dəqiq nə vaxt olacağına söz vermirəm.
- Azərbaycanda demək olar ki, albom buraxan sənətçi yoxdur. Belə bir durumun yaranması maddi gəlirlərinizə təsir edibmi?
- Sözün düzü, mən heç vaxtında da albomdan dolanmamışam. Sadəcə, studiyalar albomumu buraxıblar, əvəzində mənə müəyyən sayda albom hədiyyə ediblər. Ancaq bilirəm ki, vaxtında albomdan böyük pullar qazanan sənətçilər -  Vüsal Əliyev, Namiq Qaraçuxurlu. Üzeyir Mehdizadə olub və bu gün də var.
-  Sənət adamlarına verdiyim ənənəvi sualı səsləndirmək istəyirəm. Doğrudanmı toylarınız azalıb?
- Adətən yanvar, fevral aylarında toylar zəifləyir. Hətta siz də özünüzə, yaxud yaxınınıza toy etsəniz, əgər tələsik deyilsə, yaz aylarına saxlayarsınız. Bu mənada toyların sayının azalması normaldır. 
- Xüsusən gənclik illərinizdə sənət adamları arasında ən zarafatcıllardan idiniz. Ancaq son illər sanki xatakterinizdə bir ağırlıq var. Bu yaşın gətirdiyi ağırlıqdır, yoxsa başqa səbəbi var?
- Doğru müşahidə etmisiniz. Hər insanın gənclik, dəliqanlı dövrü olur. Yeri gələndə maşını da bərk sürmüşük, dava da etmişik, zarafatlaşmışıq da. Ancaq insan yaşa dolduqca, anlayır ki, o şeylərin vaxtı deyil. Mən iki övlad atasıyam və özün necəsənsə, uşaqları da elə qəbul edəcəklər. Hər birimizə sanballı, sağlam həyat arzulayıram. Yaşlandıqca zarafatlarımızı qırağa qoymalıyıq. Çox şükür ki, sonradan utanacağım zarafatlar etməmişəm.
- Nə zamansa müğənni olduğunuza görə utanmısınızmı?
- Deyir, zər qədrini zərgər bilər. Elə hal olmayıb. 

Paylaş: