Müğənni Elvin Mirzəzadə: “Özümü evliliyə hazır hiss etmirəm”
Tarix: 14-02-2018, 12:40


Son zamanlar yaşından asılı olmayaraq hər kəsin sevərək dinlədiyi ifaçı Elvin Mirzəzadə  Modern.az-ın suallarını cavablandırıb.
Elvin Mirzəzadə 1991-ci il noyabrın 17-də Bakıda anadan olub. Bakıda doğulsa da, əslən Qərbi Azərbaycanlıdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsini bitirib. Universitetdə üçüncü kursda oxuyarkən ATV telekanalında yayımlanan "Yeni ulduz” layihəsində iştirak edib. Onu məşhurlaşdıran mahnısı isə “Düşün məni” adlanır.


-Elvin, bir çox insanın illərdir edə bilmədiyini bir gündə etdin. Qısa zamanda məşhurlaşdın.  Səncə bu şansdır, yoxsa illərin əziyyətidir?


-Dini baxımdan yanaşsaq, Allahın əziyyətlərimin qarşılığında verdiyi mükafatdır. Amma ümumiyyətlə, həyatda şansa inanan insanam. Düşünürəm ki, burada şansın rolu var. Bəzi sənət dostlarım deyir ki, “Düşün məni” mahnısını pulsuz versəydilər, hətta üstündə pul da versəydilər, oxumazdım. Amma mən bu mahnının  seviləcəyini bilib almışdım. “Əgər bu mahnı mənim beynimdə iz qoya bildisə, demək kütləyə də eyni təsir edəcək”,-deyə düşündüm.


-Məsələyə dini baxımdan da yanaşdın. Ümumiyyətlə, dini inancın necədir? İbadət edirsənmi?


-İbadət etmirəm. Allahın varlığını dərk edirəm, bizi yoxdan var edən birinin olduğunu bilirəm. Amma dinin çox dərinliyinə getmirəm. Halalımı, haramımı, günahımı, savabımı, nəyisə Allah yolunda etməyi bilirəm. Yəni inanclıyam, lakin fanatik dindar deyiləm. 


-Səncə ideal evlilik yaşı necə olmalıdır?


-İdeal  evlilik yaşı deyilən bir şey yoxdur. Kim  özünü hansı yaşda isbat edə bilirsə, istər maddi, istər mənəvi cəhətdən evliliyə hazır bilirsə, deməli insan üçün ideal yaş odur. Elə insan var bunu 23 yaşında edir, eləsi də 29 yaşında edə bilmir. Məsələn, mənim 26 yaşım var. Bu gün maddi  deyil, mənəvi baxımdan özümü evliliyə hazır hiss etmirəm. Bilirəm ki, psixoloji cəhətdən buna hazır deyiləm. İşdən evə əsəbi gələndə bir də “dır-dır” çəkməyə həvəsim yoxdur. 


-Bəlkə həyat yoldaşın sənə dəstək olacaq?


-O insanı tapmaq bir az çətin məsələdir.


-Adətən müəyyən yaşa çatanda evliliklə bağlı ailədən təzyiqlər olur. Səndə necədir?


-Əlbəttə olur. Sadəcə intensivləşməsi məsələsi var. 23 yaşımdan anam “bir az gözün açıq olsun” deməyə başladı. 25 yaşımda artıq  o cümləni “nə fikirləşirsən?” əvəz etdi.  İndi də “mən sənin gələcəyini görmürəm. Bilmirəm başımıza nə oyun açacaqsan?” deyir. Hər gün evimizin “Milli Məclisi”ndə bunlar müzakirə edilir. Əslində özüm öz işimi qəlizləşdirirəm.  Tutaq ki, sabah 27 yaşımda 20 yaşlı bir qızla ailə həyatı quranda mənə bir az “dayı” kimi baxacaqlar. Bundan da çəkinirəm. 


-Evliliklə bağlı düşüncələrini bildik. Bu gün 14 fevraldır. Dünyada sevgililər günü kimi qeyd olunur. Bu gün sənin üçün özəl olacaq, yoxsa sıradan?


- Bir az şablon Feysbuk statusları kimi olacaq. Amma sevən adamın günü olmaz. Sevən üçün hər gün bayramdır. Hər gün sevən sevdiyinə hədiyyə edə bilər.  Bunu yalnız 14 fevrala bağlamaq lazım deyil.


-Azərbaycanda belə günlərin qeyd olunmasına münasibətin necədir?  Məsələn, sovet dövründə belə deyildi.


-İstəyirlər, edirlər. Əgər kimsə o gün xoşbəxt olursa, buna niyə qarışaq? Məsələn, 14 fevralla bağlı müxtəlif tənqidi fikirlərə rast gəlirik. Buna baxmayaraq həmin günü qeyd etmək istəyən, edəcək.


-Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsini bitirmisən. Amma müğənni kimi fəaliyyət göstərirsən.


-Bu bir növ İqtisadiyyat Universitetini bitirib kartof satmaq kimi bir şeydi.(gülür) Bizim əslimiz Qərbi Azərbaycandandır.  Ailədə hamı professor, alimdir. Atamgilin xətrinə Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil oldum.  Tələbə vaxtı “Yeni Ulduz” yarışmasına qatıldım. Artıq həmin zaman universitetin “Tarkan”ı sayılırdım. Bufetə girəndə hiss edirdim ki, hamı mənə baxır. Əslində dediyim kimi valideynlərimin istəyini nəzərə alıb  Memarlıq və İnşaat Universitetini seçdim. Heç də peşman deyiləm. Çünki  universitetdə rektordan tutmuş müəllimlərə kimi hər kəs mənə sənətçi kimi hörmət edirdi. Lakin mən Mədəniyyət və İncəsənət Universitetində oxusaydım, daha fərqli olardı. Orada onsuz da hər kəs sənətçidir. Yəni qaranın içində ağ daha çox seçilir, nəinki qaranın içində qara.


-Bəs musiqi təhsili?


-Musiqi təhsilim qətiyyən yoxdur. O vaxt bir az sintezator dərslərinə getmişəm. 3 il getdim, səbrim çatmadı. Düzdür, musiqi təhsili olmayanları qınayırlar. Amma bu tənqidlərə artıq öyrəşmişəm. Hamı qınayır. Amma onlara “əgər qınayırsansa, sən də bir şey et. Bir mahnı təqdim et, 1 milyon baxışı olsun”,-demək istəyirəm. Ya da deyirlər ki, pul vasitəsilə baxış sayını artırırlar. Əgər bacarırsansa, sən də et. Soruşanda da “lazım deyil” deyirlər.  Halbuki, pisləməklə, tənqidlə məşğul olanlar elə həsrət çəkənlərdir. Tutaq ki, siz dünya festivalında uğur qazanırsınız və bütün dünya sizi tanıyır. Hansısa qıraqdan çıxan bir jurnalist gəlib sənə deyir ki “o nə idi. Nə bacarırdın ki, adam olub getdin burdan?”. Bu zaman siz nə hisslər keçirəcəksinizsə, mən də o hissləri keçirirəm. Əsəbləşirəm, xoş gəlmir mənə.
-Deyəsən jurnalistlərlə aran yaxşı deyil.


-Qətiyyən. Mənim qələminə, özünə, şəxsiyyətinə hörmət edən, nəyinsə xətrinə kimisə alçatmayan jurnalistlərə hər zaman hörmətim olub. 


-Sosial şəbəkələrdə ən çox səni tənqid edənlərdən şikayət edirsən. Yazılan şərhlərin hamısını oxuyursan?


- Şikayət əvvəl edirdim, amma indi yox. Türklərin bir sözü var : “mütəvazi”. Yəni insan nə qədər özünü insanlardan biri kimi hiss elətdirsə, o qədər sevgi qazanar. Bu gün əldə etdiyin uğurlar, fəth etdiyin zirvələr tamaşaçıların, dinləyicilərin sayəsində olur. Səni sən edən həmin insanlardır. Əgər bir insan vaxtını ayırıb mənə uzun bir dəstək mesajı yazırsa, niyə ona cavab verməyim? Bunu özümə borc bilmişəm. İndiyə qədər mənə yazan heç kimi cavabsız qoymamışam. “Düşün məni” mahnısını səsləndirdiyim ilk zamanlar “İnstagram” profilimdə izləyicilərin sayı 15 min idi, indi 60 minə yaxındır. Bu aylar ərzində hardasa 40-45 min izləyici artıb. Bu göstərici deyil. Lakin  bu  ərəfədə yalan olmasın, mənə 10-12 min mesaj gəldi. Tanınmayan bir insanın birdən-birə hansısa mahnı ilə məşhurlaşmağı hamıya qəribə gəlirdi. İnanın, hamıya cavab yazdım.  Yuxuma haram qatdım, gecə 3-dən səhər 7-yə qədər mesajları cavablandırdım. 


- Müəyyən mərhələdən sonra məşhurların əksəriyyəti əlçatan olmur. Səncə sən hər zaman belə əlçatan ola biləcəksən? Hamıya bir mesaj qədər yaxın biri.


- Onu zaman göstərər. Müəyyən layihələrimiz var, amma açıqlamaq istəmirəm. Onlar reallaşsa, çox yuxarı yerlərə gedə bilərəm. Yəni belə olduğu halda əlçatanlıq mənimlə işləyən insanlardan asılı olacaq.  Məni sadəcə idarə edəcəklər.


- Tənqid edənlər arasında eyni tərzdə oxuduğunu, mahnılarının bir-birinə bənzədiyini deyənlər çoxdur. Sən nə düşünürsən?


- Mən onları musiqidən anlayışı olmayan insanlar kimi qiymətləndirirəm. Çünki “Düşün məni” mahnısı Bayatı Şiraz üzərindədir, “Gəl” mahnısı isə Şur üzərindədir. Bu mahnılarda eyni olan yalnız ritmdir. Təbii, eyni adam oxuyursa, səs eynidir, sözsüz, oxşarlıq olacaq. Məsələn, bu gün Halil Sezai nə oxusa, onun üslubu bilinəcək. Bu əslində yaxşı bir şeydir. Demək olar ki, öz dəsti-xəttim var. Hər iki mahnım da çox sevildi. Üçüncü  “Nə sən varsan, nə mən varam” adlı mahnımın gözəl sözləri, musiqisi olsa da, gördüm ki,  dinləyicilərə daha çox digər mahnılar lazımdır.


-Universitetdə təhsil alarkən dostlarınla birlikdə KVN komandası yaratmısan. İzlədiyimiz qədərilə parodiya etdiyin sənətçilər də var. Məsələn, Rəhim Rəhimli, Xumar Qədimova. Başqa kimləri parodiya edəcəksən?


- Parodiya istək məsələsi deyil. Edə bildiklərimi edirəm. Sadəcə bir-bir ad çəkməyəcəm. Qismət olar nə vatxsa, parodiyanı həmin insanların yanında  etmək istəyirəm. Məsələn, Damlanın parodiyasını efirdə öz yanında etmişdim. Elə daha maraqlı olur. Həm də o insanın dinləyiciləri məni yanlış anlamasınlar deyə belə edirəm. Parodiya Allah vergisidir, istedaddır. Bunu hər adam bacarmır. 


- Parodiya həm də aktyorluq qabiliyyəti tələb edir. Səni də “Üç bacı” serialında görmüşük. Yəni aktyor olmaq istəyi varmı?


- Hər kəs öz sahəsi ilə məşğul olsa, daha gözəl olar. Bizim  bu gün kifayət qədər istedadlı gənc kadrlarımız, aktyorlarımız var. Artıq indiki  yerli seriallarımız da əvvəlkilərə nisbətən daha yaxşıdır. Hər hansı filmdə qonaq aktyor kimi rol ala bilərəm. İstənilən vaxtda hər cür aktyorluq edə bilirəm, yəni bacarığım da var. “Üç bacı” serialı çəkiləndə qonaq kimi gələn aktyorlar “aktyorluqdan anlayışı olmayanlar serialda çəkilirlər” deyirdilər. Bu sözü özümə götürürdüm. Ondan sonra aktyor kimi fəaliyyət göstərməməyin tərəfdarı oldum.


- Serial demişkən, sənin “Düşün məni” mahnından bir serialda da istifadə edirlər. Buna görə qonorar alırsanmı?


- O qanunlar Türkiyədədir. Bizdən sadəcə  mahnının icazəsini aldılar. Azərbaycanda hər şeyə “PR” kimi baxırlar. Mahnımın serialda səsləndirilməyi də bir növ mənə xeyirdir.


- Bu gün gənc ifaçıların bir çoxu Azərbaycanı digər ölkələrdə təmsil edir. Xüsusilə də “O səs Türkiyə”yə üz tutanlar daha çoxdur. Sənin belə yarışmalarda iştirak etmək kimi  düşüncən olubmu?


- Əslində bir planım var idi. Sadəcə o bu il gerçəkləşmədi. “O səs Türkiyə” ilə bağlı idi. Gələcəkdə bəlkə alınar. Alınmasa da nə olduğunu deməyəcəm. Bu olmasa belə, daha güclü layihələr gəlir. Məsələn, “Sen anlat Karadeniz”  adlı türk serialındakı Öykü Gürman mənim “Düşün məni” ifamı səsləndirəcək. Bu ayın sonu kliplə birgə təqdim edəcək. Mahnı albomunda ilk sıralarda yer alacaq. Həmçinin ay sonu Özbəkistana gedəcəm. Oranın məşhur bir xanım müğənnisi ilə “Düşün məni” mahnısı duet olaraq səsləndircəyik.


- Hansı azərbaycanlı müğənnilərə qulaq asırsan?


- Azərbaycan qulaq asdığım, bəyəndiyim müğənnilər çoxdur. Məsələn, Teymur Əmrah, Emin Rəhmanov, Elton Hüseynəliyev, Ramal İsrafilov. 


- İnsan həyat üç şeylə sınanır: canı, malı, əzizləri. Bunu bir dəfə sən də öz sosial şəbəkə hesabında paylaşmışdın. Maraqlıdır, Elvin Mirzəzadənin həyatda ən böyük sınağı nə olub?


- Şükür, hələ canım və əzizlərimlə bağlı sınağım olmayıb. O statusu yazanda qəzaya düşmüşdüm. Bu da yəqin ki, göz-nəzərdən oldu. Öz yolumla getdiyim yerdə, heç nədən bir maşın qabağıma çıxdı və qəza baş verdi. Maddi ziyana düşdüm. 


- AMEA-nın Dilçilik İnstitutu tərəfindən musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb. Bununla bağlı düşüncən necədir? Ehtiyac varmı buna?


- Dilində qüsur olanlar bundan narahat olsunlar. Mən özümü bu sırada görmürəm. Orfoepiya qaydalarına gözəl bələdəm.


- “Düşün məni” mahnısının baxış sayı 9,5 milyon, “Gəl” mahnısı 4 milyon baxışı var. Bundan gəlir əldə edə bilirsən?


- Azərbaycan baxışa görə ən az pul verən ölkədir. Məsələn, milyon baxışa 120 dollar verilir.


- Kitab və kinolarla aran necədir?


- İnanırsınız, vaxtım olmur. Bəzən stress atmaq, gülmək  üçün kinoya gedirəm. Hamının bəh-bəhlə güldüyü flmlərə bəzən mən gülə bilmirəm. Kitaba isə qətiyyən vaxtım olmur. Günün çox vaxtını yatıram. 


- Albom və konsert sanki geri planda qalıb. Hər halda sosial şəbəkələrdən irəli gələn bir şeydir. Konsert vermək fikrin varmı?


- Hələ ki bununla bağlı düşünmürəm. Çünki yetərli auditoriyaya sahib deyiləm ki, konsert verim.  Necə deyərlər, yerimi bərkidim, daha sonra ola bilər. Alboma isə heç ehtiyac yoxdur. Onun satışını dövriyyəyə çıxarsaq, diskdən qabaq plagiatları çıxacaq. Mahnılar dillər əzbəri olandan sonra isə konsert mümkündür. Məsələ, iki mahnıdan getmir. 


-Duetlərlə bağlı nə düşünürsən?


-Duetlər heç istəmirəm. Təkliflər də çoxdur.  Hələki solo karyerama davam etmək fikrim var.


- Məşhurlaşandan sonra hansı müğənnilər sənə dəstək oldu?


-  Mənim bu gün ətrafımda elə dostlarım var ki, bu baxımdan heç bir müğənninin dəstəyinə ehtiyacım yoxdur. Bu gündən sonra da hansısa müğənninin dəstəyinə ehtiyac görmürəm.  Dost olduğum müğənnilər var. Onlara müğənni deyil, dost kimi yanaşıram.


- Onlar kimlərdir?


-  Rahatlıqla ad çəkə bilərəm. Miri Yusifin həm özü, həm də komandası ilə dostuq. Vüqar Muradovun adını demək olar. Yəni çoxdur. Sadəcə çox güclü dostluq deyil. Mən  kiminləsə yemək yeyib sonra onu bəyan edən biri deyiləm.


- Xanım fanatlarından etiraflar gəlirmi?


- Təbii. Sevgi etirafları olur. Sənətimi, şəxsiyyətimi sevdiklərini, məni çox istədiklərini deyənlər olur. Yəni hər cür reaksiyalar var. Sevilmək gözəl şeydi.


-Gələcək  planların nələrdir?


-Bu yaxınlarda mənimlə bağlı layihə olmalıdır. O baş tutsa, gözəl olacaq. Hələ ki bunun nə olacağı, necə olacağı barədə bir şey demək istəmirəm. Lakin sıradan bir şey yox, böyük bir şey olacaq.

Paylaş: