Firuzə İbadova Mehriban Əliyevadan imdad diləyir: “Məni küçəyə atırlar”
Tarix: 23-05-2017, 11:30


Əməkdar artist, tanınmış ifaçı Firuzə İbadova son zamanlar üzləşdiyi haqsızlıqlarla, torpağının və evinin əlindən alınması ilə bağlı ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etmək qərarına gəlib.

BakuPost.az-a verilən xəbərə görə, müğənni məhkəmələrdə, müxtəlif dövlət orqanlarında, öz hüquqlarını bərpa etmək istəsə də, bunları mediada işıqlandırsa da nəticəsiz qalıb. Ona görə də son ümid yeri kimi M.Əliyevaya müraciət edib. 

F.İbadova müraciətində həm deputat Astan Şahverdiyevin onun torpağını əlindən alması və pulunu verməməsi, həm də mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova görə Badamdardakı yaşadığı evdən çıxarılması barədə köməklik göstərilməsini xahiş edib.

Bildirib ki, bu müddət ərzində öz haqqını həm hüquqi müstəvidə, həm mətbuat səhifələrində tələb etsə də, onun xeyrinə bir qərar qəbul olunmayıb. 

Deputat A.Şahverdiyevlə olan torpaq çəkişməsinə görə başı problemlərdən açılmayan F.İbadova indi də O.Nadirovun ucbatından yaşadığı evdən sürgün olunur. 

Əməkdar artist inanır ki, ölkənin 1-ci vitse-prezidenti ona yardım əlini uzadacaq və üzləşdiyi problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verəcək: 

"Mehriban xanım həmişə mədəniyyətə, incəsənətə dəstək olub, haqqı nahaqqa verməyib, bir qadın kimi də həmişə anaların yanında olub, köməyini əsirgəməyib. Mənim ondan başqa ümid yerim qalmayıb. 

Allah heç kimi mənim günümə salmasın. Lombarda girib, Orxana bir iş üçün 7 min  pul verdim. O da əvvəlcə işi həll edəcəyini deyərək, məni ümidləndirdi. Amma daha sonralar bu işin qeyri-ciddi olduğunu görüb, pulumu geri istədim. 

Vallah indi Orxana görə borc içində üzürəm, pis vəziyyətdəyəm. Evin borcunu verə bilmirəm. Ona görə də evimdən çıxarırlar. Bu artıq 4-cü evimdir. Buradan da çıxarırlar. 

İnsafın olsun, ay Orxan! Pulumu qaytar! Elə bil mənim alnıma yazılıb, hamı məni aldadır. Bundan əvvəl də, bilirsiz ki, deputat Astan Şahverdiyev tərəfindən süründürülmüşəm. 

Bu günə kim kürəkəni Aqilin məndən qanunsuz olaraq alıb zəbt etdiyi torpağı nə geri qaytarır, nə pulunu verir. Hara yazsam xeyri yoxdur, məhkəmələr millət vəkilini müdafiə edir. 

Bu problem haqda mətbuatda yetərincə yazılıb. Ancaq səsimi eşidən olmayıb. Mənim kimsəsizliyimdən, təkliyimdən istifadə edib güc gəlirlər. 

Firuzə İbadova bütün həyatını sənətə, Azərbaycanın mədəniyyətinin inkişafına həsr edib. İndi mənim bu günə düşməyimdə günahlarım nədir, desinlər cəzasını çəkim. Biri torpağımı, biri pulumu əlimdən alır, məni küçələrdə qoyurlar.”. 

F.İbadova müraciətində qeyd edib ki. M.Əliyevanın onu qəbul etməsini və görüşdə qarşılaşdığı haqsızlıqları ətraflı danışmaq istəyir. 

Qeyd edək ki, Əməkdar artist qonşuluqda yaşayan polis əməkdaşına inanaraq, ona 15-16 sotluq torpağının 4,8 sotunu nisyə satıb. 

Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt Əməkdar artist öyrənib ki, o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş.
 
Onun ölümündən sonra qohumları, ailə üzvləri nəinki borclarını qaytarıb, hətta əməkdar artistin əlavə qalan 10 sotdan artıq torpağını da zəbt ediblər.
 
Əməkdar artist deputata görə özünü yandırmaq istəyir: "Bezmişəm”



Paylaş: