Vaqif Səmədoğlunun həyat yoldaşı “Bəxt üzüyü 2” haqda: “Bu razılıq da elə-belə olmadı”
Tarix: 5-02-2018, 18:23



1991-ci ildə böyük dramaturq Vaqif Səmədoğlunun pyesi əsasında “Bəxt üzüyü” filmi çəkilib. 27 il sonra, 2018-ci ildə isə  “Planet Parni iz Baku” KVN Teatrının təşəbbüsü ilə “Bəxt üzüyü 2” filmi lentə alınıb. Film başqa ssenariyə sahib olsa da, əsas personajları eynidir. Kinosevərlərə yeni təqdim olunan “Bəxt üzüyü 2” haqda Səməd Vurğunun ev- muzeyinin direktoru, mərhum drammaturq Vagif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova danışıb.  O, Primetime.az-a açıqlamasında bildirib ki, filmin davamının çəkilməsi ilə bağlı şair həyatda olarkən də çox müraciətlər, təkliflər olunub:
“Bəxt üzüyü”nün davamı üçün Vaqif müəllimin sağlığında  çox müraciətlər olunub. Ancaq o, gələn təklifləri rədd edirdi. Ölümündən sonra da bir neçə dəfə müraciət edildi. Əvvəl-əvvəl razı olmadım. “Planet Parni iz Baku”nun komandası istedadlı uşaqlardır. Onlara razılıq verdim. Təbii ki, bu razılıq da elə-beləolmadı. Onlar da dəfələrlə müraciət etdilər. Axır dedim, görürəm çox istəyirsiniz bunu, çəkin. Bilirəm ki, Vaqif müəllim sağ olsaydı, o da eyni belə edərdi. Filmin təqdimatına mən də dəvət olunmuşdum. İzlədim. Maraqlı alınıb, yaxşıdır, üzdə gülüş yaradır. Amma bunun, Vaqif müəllimin pyesi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə pyesdəki qəhrəmanların sonrakı həyatından bəhs olunub. Təbii ki, bunu hər formada yazıb çəkmək olar. Belə də ola bilər, başqa cür də. Yəni filmləri müqayisəsini doğru hesab etmirəm. Bu tamam başqa filmdir. Dediyim kimi sadəcə pyesdəki obrazlar eynidir. Təbii ki, başqa qəhrəmanlar da daxil edilib. Bunu da mənimlə müzakirə ediblər. Sağ olsun, filmin hər incəliyini danışıblar, fikir aldılar. Ən çox məni fərəhləndirən isə filmdə “Vaqif Səmədoğlunun əziz xatirəsinə ithaf olunur” qeydi oldu”.
Məlumat üçün bildirək ki, “Bəxt üzüyü” filminin məşhur personajları Moşu və Söylüyə aid eksponat (heykəl) Səməd Vurğun adına ev muzeyində də saxlanılır.
Prime-Time





 



Paylaş: