Alman Karlı heyran qoyan azərbaycanlı dahi
Tarix: 5-02-2018, 09:28


Bu gün Azərbaycanın məşhur bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin doğum günüdür.
Kult.az xatırladır ki, Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda doğulub. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilən Qara 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi olub.
O, 1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayıb. Elə həmin il də Cövdət Hacıyevlə birlikdə yazılmış “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.
Qarayev 1956-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, 1957-ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü, 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü kimi çalışıb. 1955-1976-cı illərdə isə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub.
Onun “İldırımlı yollarla” baleti nəinki Azərbaycan, bütövlükdə postsovet məkanının ən gözəl əsərlərindən biri hesab olunur.
Sənətkarın tələbəsi, xalq artisti Tofiq Bakıxanov Qara Qarayevin Avropada da sevildiyini deyir:
“Hansı ölkədə oluramsa, Qara Qarayev haqqında, onun açdığı yollar barəsində söhbət edirəm. Məsələn, Münhendə görkəmli bəstəkar Karl Orfa Q.Qarayevin əsərlərindən bir neçəsinin notunu bağışlayanda o, Q.Qarayevi “dünya miqyasında böyük bəstəkar” adlandırdı”.
Qeyd edək ki, Qara Qarayev 1982-ci il mayın 13-də Moskvada vəfat edib. Onu Bakıda dəfn ediblər.

Paylaş: