Röya Ayxanın keçmiş biznes ortağı məhkəməyə müraciət edib
Tarix: 29-01-2018, 17:04


Dələduzluqda təqsirləndirilən Səbinə Hüseynova barəsində olan hökmdən apellyasiya şikayəti verib.
 
APA-nın xəbərinə görə, işə yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
 
S. Hüseynova məhkəmədən bəraət istəyir.
 
Qeyd edək ki, S. Hüseynovaya Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.
 
Məlumata görə, Səbinə Hüseynova tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı olub. R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
 
İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
 
Bir neçə həftə əvvəl S.Hüseynovanın məhkəmə istintaqı başa çatıb. Daha sonra S.Hüseynova növbəti məhkəmə proseslərinə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsi, barəsində axtarış elan olunması qərarı çıxarıb.
 
Saxlanılan S.Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.

Paylaş: