"Deyirəm, Amerikada yaşamaq istəyirsən?"
Tarix: 23-05-2017, 09:38



Müğənni Elariz Məmmədoğlunun Teleqraf.com-a verdiyi müsahibəni təqdim edirik.

- Elariz bəy, bizə verdiyiniz açıqlamada “Greencard”dan ümumiyyətlə məlumatsız olduğunuzu deyib, xəbəri təkzib etmişdiniz. Sonra məlum oldu ki, xanımınız müraciət edib. Əvvəlcə xəbəri niyə tamam danmışdız?
- Xanımım müraciət edib. Onunla molladan kəbinim, dövlət nikahımız olduğuna görə qanuni əriyəm. O gedəsi olsa, mən də onunla getməliyəm. Mən özüm müraciət etmədiyimə görə məlumatım olmadığını dedim. Bəs siz necə həyat yoldaşımın müraciət etdiyini xəbər tutdunuz?
- Bu barədə Greencard.az-ın rəhbəri Röyal Cəfərov mətbuata açıqlamasında deyib. O bildirib ki, hətta sizinlə görüşüblər də...
- Görüşdüm, doğrudur. Mən elə bildim ki, məni oxumağa çağırıblar və sonda pul verəcəklər. Danışdılar, amma mən heç nə başa düşmədim. Elə bildim ki, bu, sadəcə şirkəti tanıtdırmaq üçün təlim, seminardı. Söhbətin nədən getdiyini başa düşmədim.
- Xanımınız nə vaxt müraciət edib?
- Beş-altı il əvvəl müraciət edib. Hər il də yenilənirmiş...
- Bəs xanımınız niyə belə bir addım atıb?
- Mən də onu bu addımı atdığına görə danlamışam. Deyirəm, Amerikada yaşamaq istəyirsən?
- Bəs o nə cavab verdi?
- Ona deyirəm ki, sənin, yaxud mənim nə işimiz var Amerikada.
- Bu, hər adamın qismətinə düşməyən bir şansdır. Nə qərar verəcəksiniz?
- Mənim burda ayda 15-20 toyum olur. Mən Amerikada toyda oxuya biləcəm? Kimdi məni orda toylara çağıran? Mənim iyul ayında 20 toyum var.
- Bəlkə övladlarınızı göndərəsiniz?
- Bəlkə kartı qızlarıma verdim. Üç-dörd saatın içində nə qərara gələ bilərəm? Təsəvvür edin, iyul ayında mən neçə adama toy söz vermişəm. Həmin ayda 26-27-28-i toyum var. İndi mən onları qoyum çıxıb gedim? Mən Bakıda insanlara lazımam. Məni dəvət edənlər ziyalı insanlardır. Hamısına söz vermişəm, necə çıxıb gedə bilərəm? Hindistanı gedib gəzmək istəyirəm, bu arzumdur. Amerikaya da istirahət üçün gedərəm. On gün qalib gəlmək şərtilə...
- Bəs xanımıza Amerikaya gedib, orda yaşamağa icazə verərsinizmi?
- Yox, heç vaxt. Nə danışırsınız? Mən harda, o da orda...

Paylaş: