Brilliant Dadaşova ilə bəstəkar arasında qalmaqal. “Siyavuş Kərimi mənə haqsızlıq edib”
Tarix: 17-01-2018, 13:04


Xalq artisti Brilliant Dadaşova ARB telekanlında yayımlanan “Səhər-səhər” verilişinin qonağı olub.
İfaçı illər əvvəl bəstəkar Siyavuş Kərimi ilə yaşadığı qalmaqaldan söz açıb:
“Norveç xorunun üzvləri Azərbaycana gəlmişdilər. Kürdəmirdə çay içən zaman televiziyada mənim çıxışımı dinləmişdilər. Yanlarında gözəl bəstəkar Qalib (Qalib Məmmədov) var idi. Ondan  məni soruşublar. Qabil gəncəli idi, indi Norveçdə çalışır. O, mənim tanınmış olduğumu və görüşün çox çətin baş tutacağını bildirmişdi. Daha sonra isə onları mənlə görüşdürmək üçün Rafiq Babayevin studiyasına gətirdi.
1995-1996-cı ildə mənimlə müqavilə imzalandı, albom hazırlandı. Norveçlilər mənim sayəmdə Rafiq Babayevin studiyasının rəhbəri Siyavuş Kərimi ilə tanış oldu. Lakin S.Kərimi efirdə başqa şeylər danışdı. O, bildirdi ki, norveçlilər başqa müğənninin səsi eşitdikdən sonra təəssüfləndilər. Dedilər ki, gərək o müğənni ilə çalışardıq”.
Elgiz Əkbər  söhbətə müdaxilə edərək sözügedən xanım ifaçının xalq artisti Nazpəri Dostəliyevanın olduğunu söyləyib.
B.Dadaşova daha sonra S.Kəriminin Heydər Əliyevlə görüşə onu aparmadığını qeyd edib:
“Bəli, Nazpəri gözəl və ustad müğənnidir. Əlinə mikrofon alsa, aləmi dağıdar. Siyavuş Kərimi efirdə deyir ki, xaricilər  söyləyib ki, Nazpərini niyə tanımadıq. Bundan başqa, Allah rəhmət eləsin, Heydər Əliyevlə bu albom barədə görüşümüz olacaqdı. Mən də özəl hazırlaşmışdım, paltar tikdirmişdim. Amma Poladla (keçmiş mədəniyyət və turizm naziri Polad Bülbüloğlu) Siyavuş görüşə getdilər, mənə demədilər.
Sözümün canı var. Üç il sonra həmin xaricilər mənə yenə zəng etdilər, dedilər ki, “Nobel” mükafatı ilə bağlı albom hazırlayırıq, sizi də dəvət edirik. Allah var. Şükür ki, Allah hər şeyi qaydasına qoyur. Axı Siyavuş efirdə deyirdi ki, onlar Brilliantla işləməklərinə təəssüfləniblər, Nazpəri ilə çalışmaq istəyirlər. Dünyada haqq, nahaq var”.

Paylaş: