“Fədayənin səhhəti normaldır, hazırda...” - həbsdə olan müğənninin vəkili
Tarix: 16-01-2018, 18:11


“Müğənni Fədayə Laçın özünü yaxşı hiss edir, səhhəti normaldır”.
Bu sözləri musavat.com saytına açıqlamasında müğənninin vəkili Türkel Süleymanlı bildirib.
O, eyni zamanda qeyd edib ki, müğənni apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib: “Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, F. Laçının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb. Biz bu qərarla razı deyilik. Fədayə xanımın bununla bağlı apellyasiya şikayəti artıq Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Növbəti məhkəmə prosesini gözləyirik. Fədayə xanım ümidlidir, müsbət cavab gözləyir. Azadlığa çıxacağı günü gözləyir”.
“İfaçı ilə sənət dostları maraqlanırmı” sualına isə vəkil belə cavab verib: “Fədayə xanım sevilən biridir. Ona sənətçi dostları da dəstək oldu. Hazırda onunla maraqlanıb-maraqlanmadıqlarını bilmirəm. Məndən soruşan olmayıb. Ailəsi daha yaxşı bilər”.
Xatırladaq ki, İ.Fəda bir neçə gün öncə “Səni axtarıram” verilişində  bacısı həbs olunandan sonra heç kimin onu toya dəvət etmədiyini söyləyib: "Demirəm, bacımın günahı yoxdur. Var ki, hüquq mühafizə orqanları onu tutub. Bacımın günahı təsdiq olunmayıb. Onun haqqında yazılanlara dözə bilmirəm. Onu necə günahlandıra bilərsiniz? Toylara belə artıq məni çağırmırlar. Fədayənin günahı var, bəs mənim? Məni artıq tədbirlərə dəvət etmirlər. 1996-cı ildən toya çağrılmışam. Nə vaxt dava salıb, adam döydürmüşəm? Mənim günahım nədir? Pul üçün heç yüngül mahnılar oxumağa qıymamışam. Bizim Fədayənin o şəxslə münasibətindən xəbərimiz yox idi. O haqda danışmaq istəmirəm. Əgər günahı varsa, istəyirəm ki, cəzasını çəksin. Yoxdursa, azadlığa çıxıb danışacaq”.
Qeyd edək ki, Fədayə Laçın Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Noyabrın 2-də isə “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov atışma zamanı öldürülüb.

Paylaş: