İnsan olmaq üçün Yer kürəsinə gələn robot
Tarix: 12-01-2018, 11:55


“Arif v 216” filmini Cem Yılmazın “G.O.R.A.” və “A.R.O.G.” filmlərinin məntiqi davamı adlandırmaq olar.
Belə demək olar: Filmdəki Arif obrazı bir güzgüdür. O, bütün mənalarda türkdür. Futbola, filmlərə, ikili münasibətlərə, cinsəlliyə, texnologiyaya, tarixə aid düşüncələrində tamamilə bu coğrafiyanın izlərin daşıyır.
Daş dövrünə - qədim insanların yanına getsə də, kosmosa qalxsa da, həmin Arifdir. Məkan və zaman fərqi yoxdur. Hər an dilinin üstdə, əlinin altda bir çıxış yolu var. Hər zaman praktiki kəşfiyyat nümunələrini təqdim edir və həll yolunu asanlıqla tapır.
2004-də “doğulan”, 2008-də “iməkləyən” Arif bu il ayaqlanıb. Olub “Arif v 216”.
Filmin sinopsisi təxminən belədir:
G.O.R.A. planetindəki qədim dost “Robot 216” insan olmağa qərar verir və Arifin yanına – dünyaya gəlir.
Lakin onun dünyaya gəlişini hamı sevinclə qarşılamır. Narahat olan insanlar və təhlükəsizlik orqanları var. Arif və dostu çıxış yolunu köhnə zaman maşınını işə salmaqda görürlər. Onlar inanırlar ki, zaman maşını mütləq kömək edəcək.
Film burda başlayır: 216 yanlış düyməyə basır və zaman maşını onları keçmişə - 1969-a aparır. Burada onları kor qız, səmimi qonşular, maddi və mənəvi zənginlik içində Türkiyə gözləyir...
Filmin ssenarisi Cem Yılmaza aiddir. Rejissoru isə Kıvanç Baruönüdür.
“Arif v 216”nı Türkiyə və türk film tarixinə sayqı filmi adlandırmaq olar. Başdan-ayağa interpretasiyalarla doludur. Həm türk filmindəki məşhur obrazlara, - bilavasitə aktyorlara, - həm də əcnəbi filmlərə göndərmələrlə boldur.
Belə ki, “Parıltı” (1980) filmindən “Üç dost”a (film -1958), “İks-adamlar”dan (filmlər seriyası-2000), “Avara”ya (film-1951), “Ülgücün üzəri ilə qaçan”dan (1982) Ceyms Kemerona(rejissor), Kristofer Nolandan(rejissor) Zəki Dəmirkubuza(rejissor) qədər uzanır bu yol.
Cem Yılmazın xatirələr sandığında təkcə yeddinci sənətin nümayəndələri yox, həm də klassik türk populyar mədəniyyətinin əvəzolunmazları da var: Zəki Mürən, Ajda Pekkan, Emel Sayın, Sadri Alışık, Ayhan Işık və sair...
Bəs aktyorlar və aktyor oyunu?
Fikir verin, Cem Yılmaz, Ozan Güvən, Səda Bakan, Zəfər Algöz, Özkan Uğur və Zəki Mürən obrazını canlandıran Çağlar Çorumlu – hamı möhtəşəm.
“Arif v 216”nın dəyəri təkcə uğurlu göndərmələrdə və referanslarda deyil, eyni zamanda filmdə xeyli sosial mesajlar var.
“G.O.R.A.” və “A.R.O.G.”da Arif praqmatik, şəxsi mənafeyini güdən, çoxbilmiş idisə, burda duyğusal obrazdır: artıq hərəkətlərində ürəyinin səsi hiss olunur, bir az da romantikdir, sanki.
Əvvəlki filmdə hadisələr kosmos və Daş dövründə baş verirdisə, indi Arif filmlərdəki gözəl dünyanın, yaxşı insanların həsrətindədir.
Film belə deyir: biz 2017-də distopiyada yaşayırıq. 1969-un Türkiyəsi utopiyadır.
Əslində, “Arif v 216”nın tarif etdiyi ünvan uşaqlığımızın, gəncliyimizin xoşbəxt çağı – Türkiyədə “Arzu Film ekolü” – bizdə isə yaşlı nəslin hər zaman nümunə göstərdiyi “köhnə filmlər”in zamanıdır.



Paylaş: