Toyda döyülən məşhurlar. Kimdir müqəssir?
Tarix: 9-01-2018, 17:07


Toy nəinki bizim bütün xalqların ən gözəl adətlərindən biri hesab olunur. Lakin sözügedən məclis bəzən yaddaşımızda xoş xatirə kimi qalmaya da bilir. Əsasən də sənət nümayəndələrinin…
 
Şou-biznesin döyülən simaları əksər hallarda kişi cinsinin nümayəndələri olur və bu hadisə onların reputasiyasına xələl yetirəcəyi üçün gizlin saxlanılmağa cəhd edilir. Ancaq bu tipli məlumatların xəbər manşetlərini bəzədiyini siz də görmüsünüz.
 
Məsələ ilə bağlı el şənliklərində iştirak edən müğənnilərimizə müraciət etdik. Primetime.az-ın “Günah toyda döyülən müğənnilərdədir yoxsa ev sahiblərində?” sualını hərə bir cür cavab verdi.
 
Sualı ilk olaraq  “Kalendarnı” (ay ərzində hər gün toyda çıxış edən  ifaçı nəzərdə tutulur-red) toyu olan müğənni Manaf Ağayevə ünvanlayan zaman o,  “Mən bu haqda danışmaq istəmirəm” deyərək, tələşlandı da. Sanki M. Ağayevin özünün döyülməsi haqda soruşduq…
 
Müğənni Səidə Sultanın başına belə hadisə gəlməsə də məsələyə özünəməxsus münasibət bildirdi:


“Belə bir deyim var “Səhv çox vaxt öləndə olur öldürəndə yox”. Vallah mənim başıma elə iş gəlməyib. Heç bilmirəm ki, o hadisələr doğrudur ya yalan. Hətta mənə deyiləndə ki, filan müğənniyə nə isə ediblər yenə də inanmıram. Çünki tamaşaçılardan heç vaxt hörmətsizlik görməmişəm.
Əgər belə şeylər varsa belə, ola bilməz ki, günahkar təkcə müğənni olsun. Yəqin ki, toy sahibi ilə bir-birini başa düşmürlər. Nə isə anlaşmazlıq olur”.
 
Aparıcı, müğənni və bəstəkar Murad Arif əsas məsələnin auditoriya ilə bağlı olduğunu vurğulayıb:

“Hərənin öz auditoriyası, dinləyicisi var və onlar ifaçının özünə bənzəyir. Mən hələ belə halla rastlaşmamışam. 10 ildən çoxdur ki, toylara gedirəm. Həyatda mədəni və sayğılı insanam. Dəvət aldığım məclislərdə də insanlar eynən mənim kimidir. Hörmət göstərib qarşılığını eynisi ilə alıram.
Niyə döyülürlər? Yəqin ki, günah bir az müğənnidə bir az da onun auditoriyasındadır. İfaçı özünü əndrabadi aparır və toyda konflikt yaranır
Mən özüm kifayət qədər savadlı və mədəni adam olduğum üçün düşdüyüm tədbirlər də bir qayda olaraq eyni ortamda olur”.
 
20 ildir toy sahəsində olan ifaçı eyni zamanda şadlıq sarayı sahibi Elçin Hüseynov insanlarla ünsiyyətin vacib olduğunu deyib:

“Allah heç kimin başına gətirməsin. Xalq artisti Teymur Mustafayev hər zaman deyir ki, toy oxumaq üçün toyxananın konservatoriyasının bitirmək lazımdır. Çünki insanlarla ünsiyyəti yaratmağı bacarmağı bacarmalısan. Musiqiçi dili ilə desək “Polya”nı görmək vacibdir. Bunu hər ifaçı edə bilmir.
Təvazökarlıqdan uzaq olsa da demək istəyirəm ki, 25 ildir bu sənətdəyəm və 20 ildir ki, toylara gedirəm. Toy elə bir yerdir ki, əgər orada 500 nəfər varsa çalışıb hər birinin zövqünü oxşamalısan. Təbii ki, 500 nəfərin hər biri ifaçını sevə bilməz.
Bizdə elə müğənnilər var ki, auditoriyaya qarşı kobudluq edir. Toylarımız da içki məclisi olduğu üçün döyülmə hadisələri baş verir. Burada ən çox günah ifaçıların özündədir. Amma tamaşaçının da qınamaq lazımdır. Toyuna dəvət etdiyin insan sənətçidir.  Loru dildə desək , yola vermək lazımdır”.
 
Müğənni Təranə Qumral isə bu hərəkəti mədəniyyətsizlik adlandırıb:

“Mən belə şeyin şahidi olmamışam. Əgər baş veribsə bu sənətçilərimizə qarşı mədəniyyətsizlikdir. Məclisini şənləndirən, onun qonaqlarını əyləndirən birini bu qədərmi alçaldır?
Düzdür, həmin məclisdə nələrin baş verdiyindən xəbərimiz yoxdur. Ona görə də ev yiyələrini günahkar adlandırmıram. Sadəcə hərəkətlərini mədəniyyətsizlik sayıram”.
 
Rəqqasə Fatimə Fətəliyeva məsələyə qısa münasibət bildirib:

“Belə hadisə nə başıma gəlib, nə də şahidi olmuşam. Ümumiyyətlə, belə bir deyim var “Müştəri hər zaman haqlıdır”. Təbii ki, bu cümlə həm də toyda döyülən ifacılara şamil edilir.
 
İndi isə “Toyda döyən və döyülən” ifaçıları yadınıza salırıq.
Müğənni İzzət Bağırov döyülməyib əksinə ötən il ifaçının cangüdəni  toyda iştirak edən 3 nəfəri döyüb hətta onlardan birinə 5 barmaq deyilən alətlə ağır xəsarət də yetirib.

Elçin Cəfərov “Şeron” qrupunda çıxış etdiyi vaxtlarda toyda dava düşüb. Bu zaman ifaçının burnu sınıb. E.Cəfərov bununla bağlı burun əməliyyatı da keçirib.

Toyda burnu sınan digər müğənni isə Elton Hüseynəliyevdir. Bir neçə il öncə bu barədə açıqlama verən ifaçı toyda dava zamanı üz nahiyəsinə kəllə vurulduğunu deyib. E.Hüseynəliyev də məlum hadisədən sonra həmkarı kimi burun əməliyyatı keçirib.

El şənliyində üzərinə hücum çəkilən ifalaçılardan biri də Rəqsanə İsmayılovadır. Təxminən 7 il öncə baş verən hadisə zamanı toy sahibləri müğənninin pulunu verməyib əksinə onu döymək istəyiblər.

Məclisdə ən çox başına iş gələn sima isə Əlikram Bayramovdur. İfaçı illər öncə idmançı tərəfindən döyüldüyünü, qaşının partladığını hətta bir saat hüşünü itirdiyini dilə gətirib. O, yumurta atəşinə tutulduğunu da etiraf edib.

Ən çox səs-küyə səbəb olan hadisəni Vüqar Muradov yaşayıb. Belə ki, Moskvaya toya dəvət alan ifaçını ev sahibləri meşəyə apararaq soyundurub, döyüblər.

Qeyri-adi etirafı əməkdar artist Cavanşir Məmmədov edib. İfaçı bildirib ki, onu döyməyiblər. Sadəcə olaraq restorandan çıxanda arxadan vurublar.
Prime-Time

Paylaş: