Xalq artisti doğum gününü qeyd edir
Tarix: 9-01-2018, 11:21


Xalq artisti İlham Namiq Kamalın (İlham Əhmədovun) doğum günüdür.
UlduzumSan.Az-ın məlumatına görə, İlham Əhmədov 1949-cu ildə Bakıda doğulub. 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Adil İsgəndərovun və Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin “Jorj Danden” satirik komediyasının tamaşasında baş rolu oynayıb. İnstitutun tədris teatrının aktyor truppasına qəbul edilib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram və Gənclər teatrlarında işləyib, Musiqili Komediya Teatrında aktyorluq edib. İ.Əhmədov bir sıra maraqlı komik obrazlar müəllifi kimi tanınır.
1993-cü ildən özünün “İlham” Miniatür Teatrını yaradıb. Direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Hazırda “Estrada sənəti” kafedrasının müdiridir.

Paylaş: