Yaqub Zurufçu Kanada və ABŞ-a qastrola çıxdı
Tarix: 4-01-2018, 17:02


Öz təkrarsız səsi, yüksək ifaçılığı ilə yalnız Azərbaycanın və digər Şərq ölkələrinin deyil, həm də Avropa və Latın Amerikası xalqlarının da böyük sevgisini qazanmış dünya şöhrətli müğənni və vokal ifaçısı Yaqub Zurufçu 2018-ci ilin ilk gününü Kanadanın ən böyük şəhərlərindən olan Torontonun (əhalisi 2,6 milyon nəfərdir) alqışları ilə qarşılamışdır.


Bu böyük şimal ölkəsində azərbaycanlılar, türklər və iranlılarla yanaşı minlərlə kanadalı pərəstişkarı olan müğənninin - türk dünyasının bu böyük sənətçisinin yeni ildə ilk konserti musiqisevərləriin böyük sevincinə səbəb olmuş, onlara xoş bayram  ovqatı bəxş etmişdir.


Ötən il də geniş konsert proqramı ilə Kanadada yaşayan soydaşlarımızın və onların kanadalı dostlarının qarşısında Azərbaycan bəstəkarlarının populyar əsərlərini və xalq mahnılarını ifa edərək, onların rəğbətini qazanmış Yaqub Zurufçu bu dəfə Torontoya məxsusi olaraq, həm də türk dünyasının çox arzulanan, sevilən, populyar bir müğənnisi kimi dəvət edilmişdir.  


Məlum olduğu kimi, Kanada dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir - həm də təkcə iqtisadi baxımdan, idmanın gözəl, maraqlı növlərindən olan xokkeyin vətəni kimi yox, eyni zamanda mədəniyyət və musiqi baxımından. Kanadalılar yalnız özlərinin  deyil, həm də digər xalqların musiqi bə mədəniyyətlərinə böyük hörmət və rəğbətlə yanaşırlar. Təsadüfi deyil ki, ötənilki konserti zamanı Yaqub Zurufçu Kanadanın Ontario ştatının Təhsil naziri tərəfindən fəxri diplomla təltif etmişdi.


Bu il isə Kanadadakı türk və Azərbaycan milli-mədəni cəmiyyətləri Azərbaycan mədəniyyət və incəsənətinə 40 ildən artıq böyük sevgi ilə, yüksək sənətkarlıqla xidmət göstərdiyinə görə Yaqub bəyi özlərinin sevimli, fəxri qonağı kimi dəvət edərək, onun böyük ifaçılıq sənətinə həsr edilmiş bədii gecələr təşkil etməyi nəzərdə tutub.


İlk konsertdən sonra telefon əlaqəsi saxladığımız məşhur müğənni Kanada səfərinin  təəssüratını bölüşərək dedi:


 - Düzü, çətinlik çəkirəm deyəm ki, konsertdən daha çox tamaşaçılar zövq aldı, sevindi, yoxsa - mən. Çünki konsert zamanı onların mənə və mahnılarıma o qədər böyük sevgisini, rəğbətini duydum, sevincləri ilə yaşadım ki, mənə elə gəldi ki, mənim sevincim, onlara olan sevgim daha böyük idi. Hər halda hər iki tərəfin sevinci və sevgisi bir-birinə qarışıb, güclü bir sevinc "fontanına" çevrilmişdi. Başqa cür ola da bilməzdi. Axı, mən hər zaman birlikdə, yanında olmaq istədyim həmvətənlərimizin, Türkiyədən və İrandan olan qardaşlarımızın, onların Azərbaycan, şərq musiqisini ürəkdən sevən kanadalı dostlarının əhatəsində, məhəbbət dolu alqışları içində idim. Bir də ki, özüm uzun illər İranda, Almaniyada və Amerikada doğma Bakımızın, Azərbaycanın həsrətilə yaşadığımdan, göz yaşlarıma qədər yanıb-qovrulduğumdan, qürbətin nə olduğunu bütün ağrıları-acıları ilə bildiyimdən, indi vətəndən uzaqda olan, lakin qəlblərində daim vətən sevgisini yaşadan soydaşlarımızın nələr çəkdiyini yaxşı başa düşərək, öz mahnılarımla onların qəlbinə, həsrətlərinə bir təskinlik çiləməyə çalışdım. Onlar da, mən də vətən həsrətinin nə olduğunu yaxşı bildiyimizdən bir-birimizi çox gözəl başa düşürdük. Mən onlar üçün Azərbaycanı, dostluğu-qardaşlığı, həm də məhəbbəti tərənnüm edən bir-çox mahnılar ifa elədim. Və təbii ki, konsertin sonunda sevimli dostlarımızın xahişi ilə onların çox sevdikləri "Ayrılıq" mahnısını oxumalı oldum. Daha doğrusu, mahnının son sözlərini birgə oxuduq və birgə təsirləndik... Hər halda bu mahnını mən yüz dəfələrlə ifa etsəm də, onu ürəyimin dərin qatlarından keçirmədən, kövrəlmədən oxuya bilmirəm.


...Onu da qeyd edək ki, Azərbaycan musiqisini, incəsənətini dünyanın bir çox ölkələrində layiqincə təmsil və təbliğ edən məşhur müğənninin qastrol səfərləri Kanadadan sonra ABŞ-ın Çikaqo, Los-Anceles, Hyuston şəhərlərində, həmçinin paytaxt Vaşinqtonda, daha sonra isə İngiltərənin paytaxtı Londonda da davam edəcəkdir. Silsilə konsertlər doğma Bakımızda başa çatacaq.   


Başlıcası isə odur ki, illərlə həstrətində olduğu Azərbaycana tarixi bir məqamda - 1989-cu ildə "Ayrılıq"la gələn Yaqub Zurufçu, hansı ölkədə qastrol səfərində olmasından asılı olmayaraq, bu doğma, əziz Vətənindən - Azərbaycandan daha heç zaman ayrılmayacaq.  


P.S.  Bu informasiya hazırlanarkən Kanadadan xəbər gəldi ki, Ontario ştatının Təhsil naziri R.Moridi ölkələrarası mədəni əlaqələrin inkişafında xidmətlərinə, Azərbaycan musiqisi ilə Kanada sənətsevərlərini daha yaxından, yüksək ifaçılıqla  tanış edib, sevdirdiyinə görə Yaqub Zurufçunu yenidən fəxri diplomla təltif edib.
 
Rəhman ORXAN
e-mail:  rahman_orxan@mail.ru



Paylaş: