Azərbaycan filmləri niyə Oskar ala bilmir - İTTİHAM
Tarix: 22-12-2017, 18:00


ABŞ Kinematoqrafiya Sənət və Elm Akademiyası Oskar mükafatı üzrə mübarizə aparacaq filmlərin geniş siyahısını açıqlayıb. 
 
“İlin ən yaxşı filmi" nominasiyası üzrə 341 film təqdim olunub. Oskar mükafatının növbəti təqdimetmə mərasimi 2018-ci ilin martın 4-də Los-Ancelesdə keçiriləcək.
 
Azərbaycan da 2007-ci ildən bəri “Ən yaxşı xarici film” üzrə Oskar mükafatına filmlərini təqdim edir. Məsələn, “Qafqaz”,  “Qala”,  “Sahə” ,  “Buta”,  “Çölçü”, ”Nabat” , “Nar bağı” kimi  filmlərimiz  "Ən yaxşı xarici film" üçün təqdim edilsə də,  heç biri Oskara namizəd ola bilməyib.
Maraqlıdır, Azərbaycan filmləri nə üçün Oskara namizəd ola bilmir?
 
Məsələ ilə bağlı  Kinomatoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov Modern.az-adanışıb.O bildirib ki,Amerika Kino Akademiyasının mükafatında qısa siyahıya düşmək üçün vacib şərtlər var:
 
“Birincisi,  A kateqoriyalı festivallarda çox rezonanslı iştirakın olmalıdır. Yəni ilk beşlikdə olan festivallarda qalibiyyətli iştirak önəmlidir. İkincisi, bir neçə ölkənin birgə istehsalı olan film arzuolunandır. Azərbaycan filmləri indiyədək bir neçə dəfə A kateqoriyalı festivallarda iştirak edib, amma əsas mükafatların qalibi olmayıblar. Eyni zamanda həmin filmlər təəssüf ki, yalnız Azərbaycan məhsullarıdır. Oskara təqdim edilən filmlərimiz, Azərbaycan-İtaliya, Azərbaycan-Fransa, Azərbaycan-ABŞ birgə istehsalı deyil. Bu da filmlərin həm festival həyatını, həm də Oskar mükafatına gedən yolu çətin edir.
 
Hər il  filmlərimiz  Oskarın uzun siyahısında yer alan kimi müxtəlif reklam agentlikləri, kino dərgiləri öz kommersiya təkliflərini irəli sürürlər. Məsələn, “filan qiymətə sizin filminizi Los Ancelesdə nümayiş edə və ya filan dərgidə resenziya verə bilərik” deyirlər. Bu Amerika  Kino Akademiyasının üzvlərinin film haqda bilgilənməsi üçün vacibdir.  Bu baxımdan milyon dollar civarında olan reklam xərcləri də mütləqdir. Amerika Kino Akademiyası üzvlərinin əksəriyyəti Los Ancelesdədir.
 
Onların diqqətini çəkmək üçün hətta Kann festivalında mükafat alsan belə reklam xərcləri vacibdir. Həmin üzvlərin oxuduğu jurnallarda, qəzetlərdə sənin filmlərin haqqında məqalələr çıxmalıdır. Bunu da təbii ki, şirkətlər pul qarşılığında edirlər. Bunlar olmadığı üçün bizim qısa siyahıya düşmək şansımız hələlik azdır. Birgə istehsal, A kateqoriyasında mükafat olmalı və milyon dollar civarında reklam, mətbuat işlərinə xərc buraxılmalıdır”.
 
Ə.İ.Cabbarov qeyd edib ki, hər il dövlət tərəfindən kino istehsalı üçün ayrılan puldan düzgün istifadə etmək lazımdır:
 
“Devalvasiyaya qədər hər il dövlət kinoya 6 milyon məbləğində pul ayırırdı. Bunu ağılla sərf etsəydilər, biz Oskarın qısa siyahısına düşə bilərdik. Fransız prodüser  “Nar bağı” filmində iştirak etməyi özünə şərəf bilirdi.  Ona elə münasibət göstərdilər ki, mümkün olmadı. Demək olar ki, ona qadağan etdilər. Mən bilirəm nə üçün, Azərbaycan kino məmurları xarici prodüserlərlə birgə film çəkməyi istəmirlər. Çünki onlar kinonun keyfiyyətli alınmasında maraqlı deyillər və xain tək xofludurlar.
Heydər Əliyevin imzası ilə Azərbaycan “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyasına qoşulub.  Eyni zamanda prezident İlham Əliyev “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edib.
 
Orada birgə istehsalatı dəstəkləmək istiqamətində xüsusi bənd var. Bəs hanı Azərbaycan-Fransa, Azərbyacan-İtaliya birgə istehsalı olan tammetrajlı bədii filmlərimiz?  Onlar Azərbaycan filminin güclənməsini, rejissorlarımızın uğur  əldə etməsini istəmirlər, ancaq özlərini düşünürlər”.
 
Müsahibimiz düşünür ki, Azərbaycan filminin rəhbərliyində olan insanlar xarici prodüserlərlə işləməyə maraqlı görünmürlər:
 
“Birgə istehsal üçün  Avropa İttifaqının kino qurumuna  üzv olma əsas faktorlardandır. Bu da qeyd etdiyim inkişaf proqramında bənd kimi qeyd edilib. 10 il keçməsinə baxmayaraq məsələ həll edilməyib. Halbuki kasıb Ermənistan belə bu fondun üzvüdür. Birgə istehsala mane olurlar.
 
Dünyada birgə istehsalın üstünlüyü odur ki, festivalda iştirak edəndə artıq ən azı iki dövlət sənin üçün mübarizə aparır. Tutaq ki, Fransa ilə birgə istehsaldan söhbət gedirsə, münsiflər heyətində oturan fransız da bu filmə maraqlı olacaq. Fransa mətbuatı  filmi öz istehsalı kimi təbliğ edəcək. Bu, digər ölkələrə də aiddir. Xülasə, Oskara gedən yol qeyd etdiyim tələblərdən keçir”.

Paylaş: