“MUĞAM MÜSABİQƏSİ HƏYATIMDA YENİ QAPI AÇDI”
Tarix: 23-06-2017, 12:56



Muğam xalqımızın incisidir, xalqımızın genetik kodudur. Nəsillərdən-nəsillərə keçərək muğam Azərbaycan xalqının qan yaddaşında qalıb, xalqımızın ürəyində əbədi iz buraxıb. YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır... Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür”.

Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır: muğam jurnalı, muğam antologiyası, muğam-ensiklopediyası...

Məhz dövlətin muğam sənətinə qayğısının nəticəsidir ki, beynəlxalq muğam müsabiqələrində onlarla istedadlı Azərbaycan gənci professional səhnəyə gəlmək imkanı qazandı. Hətta bu gün müsabiqənin iştirakçıları arasında fəxri ad alanlar da az deyil. "Şərq”in budəfəki qonağı Əməkdar artist, xanəndə İlkin Əhmədov oldu.

- İlkin beynəlxalq muğam müsabiqəsinin qaliblərindən oldu. Amma bununla yetərli qalmadın. Çalışdın və bu zəhmət səni Opera və Balet Teatrının səhnəsinə gətirib çıxara bildi.

- Muğam müsabiqəsi mənim həyatımda yeni bir qapı açdı. Bu qapı məni peşəkar səhnənin ən məsuliyyətli səhnəsinə gətirə bildi. Həqiqətən Opera və Balet Teatrının səhnəsində olmaq hər bir sənətkarın arzusu ola bilər. Bu baxımdan mən özümü həqiqətən şanslı sənətçi hesab edirəm.

- Bu qədər uğurlara qısa müddətdə imza atan İlkin Əhmədov niyə solo konsert layihəsi ilə tamaşaçı qarşısına çıxmır? Bu, maliyyə ilə bağlıdı, yoxsa məsuliyyət hissi güclüdür, hələ buna hazır deyil.

- Əslində solo konsert vermək planlarımın arasında öndə durur. Maliyyə məsələsi təbii ki, vacib amillərdən sayılır. Amma məsuliyyət hissi mənə elə gəlir ki, daha çox özünü göstərir. Solo konsert proqramı ilə tamaşaçı qarşısına çıxmaq həqiqətən böyük məsuliyyət tələb edir. Mən bu layihənin ərsəyə gəlməsi üçün konsertə hazırlıq aparmalıyam. Bu, zaman və zəhmət tələb edən işdir. Repertuar düzgün yerində seçilməlidir. Konsert üçün məşqlər aparılmalıdır. Məlumdur ki, Opera və Balet Teatrında çalışıram. Opera və Balet Teatrında çalışmaq həqiqətən məsuliyyət tələb edir. Opera Teatrında 3 əsas operada baş rolun ifaçısıyam. "Leyli və Məcnun” tamaşasında demək olar ki, mütəmadi Məcnun, "Əsli və Kərəm”də Kərəm, "Aşıq Qərib”də Qərib rolunu oynayıram. Teatrda oynadığım operaların hamısında baş rol oynayıram. Bu, böyük məsuliyyətdi. Məşqlər, qastrol səfərləri. Zaman məhdudiyyəti yaranır. Mən son illər bütün gücümü teatrın fəaliyyətinə sərf edirəm. Bu mənim üçün vacibdi. Yaradıcılığımda Opera və Balet Teatrının xüsusi yeri var. Hələ yeni bir opera üzərində də məşqlər gedir. Rəhmətlik Baba Mahmudoğlunun təxminən 30 il əvvəl oynadığı opera yenidən səhnəyə qoyulur. "Xanəndənin taleyi” operası üzərində ciddi məşqlər gedir. İnşallah, qismət olsa, sentyabrda, yeni mövsümdə Milli musiqi bayramımızda təqdim edək. Bunun üçün məşqlər lazımdı. 30 ildən sonra yenidən bu tamaşa səhnədə təqdim olunacaq. Bundan əlavə mən retro musiqilərimizi də yeni aranjimanda lentə aldırıram. Məmmədbağır Bağırzadənin repertuarından bir neçə unudulmuş mahnıları təqdim etməyi düşünürəm. Ona görə də solo konsert planım hələki yubanır. Amma düşünürəm. Əminəm ki, mənim öz tamaşaçı kütləm var. Filormoniyanın, Muğam Mərkəzinin zalını doldura biləcək tamaşaçı auditoriyasına sahibəm.

- Tamaşaçı qıtlığı hiss etmirsən?

- Qətiyyən. Əksinə, ola bilsin ki, bu məkanlarda konsert verəndə tamaşaçıların sayı çox olsun, bir gün bəs etməsin.

- İlkin bu konsertlə həm də özünə hesabat verəcək?

- Tam haqlısız. Mən solo konserti həm tamaşaçıma, həm də özümə hesabat olsun deyə mütləq təqdim edəcəm. İnşallah, bu arzumu da reallaşdırmağa imkanım olacaq.

- Gənc yaşlarında Opera və Balet Teatrının solisti olmaq da hər kəsə nəsib olmur. Bu yaşda Əməkdar artist adına da layiq görülən xanəndə kimi sənə paxıllıq edənlər də yəqin ki olur?

- Bilirsiz, paxıllıq aciz insanlara məxsus xüsusiyyətdi. Mən belə insanlara vaxt sərf etməyi də düzgün hesab etmirəm. Yəqin ki, hər sahədə olduğu kimi bizim sahəmizdə də belələri var. Mənə də paxıllıq edən ola bilər. Mən öz işimlə məşğul olmağa çalışıram. Onsuz da paxıllıq edənlər nəyəsə nail ola bilmir. Mənim üçün əsas odur ki, qarşıma yaxşı insanlar çıxıblar. Mən bu sənətdə yaxşı dostlar qazana bilmişəm. Təyyar Bayramov, Babək Niftəliyev kimi yaxşı sənət dostlarım var. Mənə elə gəlir ki, mənim qazandıqlarım daha çoxdu.


Paylaş: