“Atam dedi ki, əgər məndən yaxşı aktyor olacaqsansa, oxu”
Tarix: 14-12-2017, 09:41


Bu istedad ki, var, həm qəliz, həm də vacib amildir. Bəzən deyirlər ki, istedad gendən gəlir, nəsildə kimdəsə varsa, mütləq uşaqlara da keçir. İnsanın təcrübə əsnasında öyrəndiyini və hər şeyə oxuyaraq sahib olduğunu deyənlər də az deyil. Bizim budəfəki "Atalar və oğullar” rubrikamızın qonağı İbrahim Çingizdə isə istedad hər nə qədər atadan keçmə olsa da, onun həyata baxışı, dünyagörüşü tamamilə fərqlidir. Müsahibimiz əməkdar artist  Çingiz Əhmədovun  oğlu İbrahim Çingizdir. "Vicdan haqqı” serialındakı Vüsal obrazı ilə tanınan aktyor, Rus Dram Teatrında maraqlı obrazları ilə də sevilir. O, bu sənətə aktyorluqdan deyil, musiqidən gəlib.  Universiteti bitirdikdən sonra Kiyevə köçərək, orada rep və aparıcılıqla məşğul olub.  İfa etdiyi replərin musiqisini və sözlərinin müəllifi elə müsahibimizin özüdür. Ötən gün reperin "Tufan” adlı  yeni mahnısı da işıq üzü gördü. Bu, onun Azərbaycan dilində ikinci ifasıdır. 

- Çingiz bəy, replə məşğul olacağınızı eşidəndə, atanızın reaksiyası necə oldu? 
- Atam etiraz etdi. Bunu təbii  qəbul etdim. Çünki incəsənət çox çətin bir sahədir. Bu yolu keçən ata, istəməz ki, övladı da onun çəkdiyi həmin çətinlikləri görsün. Atam əvvəllər etiraz etsə də, sonra mənim israrımı görüb, müdaxilə etmədi. Aktyorluğa marağım isə sonradan yarandı. Belə ki, Hollivud filmlərinə baxırdım, orada aktyorların oyunu mənə çox maraqlı gəlirdi. Uşaqlığım böyük sənətkarımız Nəsibə Zeynalovanın evində, aktyorların içində keçib. Ancaq onu da deyim ki, uşaq vaxtı çox utancaq  idim.  
 
- Utancaq biri  sonra necə aktyor oldu?
- Düşdüyüm mühit məni formalaşdırdı. İstəyirdim ki, həm aktyor olum, həm də ifaçılığımı davam etdirim. Dünya üzrə tanınmış o qədər ifaçılar var ki, eyni zamanda, peşəkar aktyordurlar.
 
- İncəsənət Universitetini seçməyinizə də atanız  etiraz etmişdi
- Atam dedi ki, əgər məndən yaxşı aktyor olacaqsansa, oxu. O, mənə deyirdi ki, sən başqa ixtisasla məşğul ol. Sözsüz ki, hər sənət çətindir. İncəsənət aləmindəki insanlar bilir ki, bu sənətin özünəməxsus çətinlikləri var. 
 
- Özünüzü atanızdan yaxşı aktyor hesab edirsiniz?
- Əsla. Mən bunu deyə bilmərəm. Çünki atamın bu sənətdə etdiyinin heç yarısını da etməmişəm. Bir rolla peşəkar olmaq mümkünsüzdür. Yaxşı aktyor olmaq illərlə topladığın təcrübələr əsnasında formalaşır. Bir  seriala çəkilirəmsə, deyə  bilmərəm ki, mən yaxşı aktyoram. Çünki mənim də bacarmadığım bəzi şeylər var. Hələ həyat qabaqdadır, çalışdıqca öyrənməli olduğum çox şey var.  Bu baxımdan da teatrdan öyrənməli olduqlarım az deyil. Çünki teatr daimidir. Serial bu gün bitə bilər. Daim öz üzərimdə çalışıram və inkişaf etmək istəyirəm. Yerimdə dayanan biri deyiləm. 

- "Vicdan haqqı” sizin rol aldığınız ilk serialdır? 
- Bəli. Bu, mənim ilk işimdir. 
 
 

- Elə aktyorlar var ki, illərdir bu sənətdə külüng çalır. Ancaq siması sizin kimi tanınmır. Bu baxımdan özünüzü şanslı hesab edirsinizmi?  
- Bunu tez-tez mənə də deyirlər ki, siz çox şanslı birisiniz. İnsan qabaqcadan deyə bilməz ki, mənə haradasa nəsə uğur gətirəcək. Özümə bir cığır açmışam və o cığırla  gedirəm.  Bundan əvvəl 2  il Kiyevdə yaşamışam. Orada reper və aparıcı kimi tanınmışam. Hətta Kiyevdə məşhur bir seriala dəvət alsam da, qəbul etmədim. Səbəb isə Kiyevdə qaldığım 2 ildə vətənim üçün darıxmağım oldu. Bəzi insanlar arzulayır ki, xaricdə yaşasın, ancaq onlar bilmirlər ki, vətəndən, ailədən, dostlarından kənarda yaşamaq nə deməkdir. Mən qərar verdim ki, vətənimə dönürəm. Həmin gün orada tanınmış bir serialda baş rol üçün təklif aldım. Dərhal da, düşünmədən imtina etdim.

- Səbəb?
 - Çünki vətənim üçün darıxmışdım. Orda məşhurlaşa bilərdim, ancaq Azərbaycana gəlməyi və burada fəaliyyətimə davam etməyi üstün bildim. Peşman deyiləm. Yaxşı ki, gəlmişəm. Bakıya qayıtdım,  reytinqli bir serialda rol aldım. Bu gün harasa gedirəmsə, məni tanıyırlar. Bu, mənə xoş təsir bağışlayır. Verdiyim heç bir qərara görə  heyfsilənmirəm.

- Bəs Kiyevdəki serial təklifini rədd etməyinizə atanızın reaksiyası necə oldu? 
-  O, heç nə demədi. Bircə onu dedi ki, sənin yerin burdadır. 

- Aktyor olmağınızda atanızın rolu olubmu?
- Hərdən eşidirdim ki, haqqımda "atasına görə məşhur olub” deyirlər. Mən isə ifa etdiyim repin sözlərini yazır və onu ifa edirdim. Atam mənim yerimə rep demir və ya mənim serialdakı rolumu oynamır. Atam mənə deyirdi ki, özün nə bacarırsan, onu da et. Təhsil aldığım məktəbdə belə, sinif yoldaşlarıma atamın kim olduğunu deməmişdim. Məktəb yoldaşlarım 11-ci sinifdə biliblər ki, atam Çingiz Əhmədovdur. Həmişə gizlətmişəm. 
 
 

- Nə üçün gizlədirdiniz?
- Bunun pozitiv və neqativ tərəfləri var.

- Pozitivi anladıq, bəs neqativ tərəfləri hansılardır?
- Bilsəydilər ki, atam sənət adamıdır, əldə etdiyim hər uğurda deyəcəkdilər ki, atasına görə  hörmət qazandı. Mənsə bunu istəmirdim. Əgər əziyyət çəkirəmsə və nələrisə əldə edirəmsə, bunu öz gücümə etmək istəyirdim.  Hər zaman istəmişəm ki, cəmiyyətdə özümə görə hörmət  qazanım, valideynlərimə görə yox. 

- Hansı təqdimat xoşunuza gələrdi - Çingizin oğlu İbrahim,  yoxsa İbrahimin atası Çingiz? 
- Mən İbrahim Çingizəm. Atamın adını soyadımla daşıyıram. İndi mənə Çingizin oğlu deyirlər, qoy desinlər, atamdan ki, məşhur deyiləm. Çünki atamı bütün Azərbaycan tanıyır və mən onun qədər tanınmıram.

- Çingiz  Əhmədovu komediya ustası, sizi isə  dram aktyoru kimi tanıyırıq. Bu qədər ziddiyyət sizi atanızdan fərqləndirirmi?  
- Onsuz da yaradıcılıq və xarakter baxımından  atamdan çox fərqlənirəm. Ancaq onu deyim ki, atam eyni zamanda gözəl dram aktyorudur. Sadəcə olaraq, rejissorlar onu dramatik obrazda görə bilməyib. Atamın  köhnə filmlərində  dramatik rolların ifaçısı kimi görmüşəm. İndi elə bir rejissor yoxdur ki, onun bu səpkidə olan istedadını göstərsin. Atamdan fərqli olaraq, mən komediya filmlərinə çəkilmərəm. Bəlkə də gələcəkdə çəkilərəm, ancaq indi bu barədə düşünmürəm.   Ancaq teatr səhnəsində komediyada oynayıram. 
 
 

- Çingiz müəllimin sizdə aktyor kimi bəyənmədiyi hansı xüsusiyyətləri var?
- "Vicdan haqqı” serialındakı ilk obrazımı atamla birlikdə izlədik. Baxdıqdan sonra üzümə baxıb dedi əməlli başlı oynayırmışsan ki (gülürük). İndiyə qədər atamdan bu barədə heç bir irad eşitməmişəm. Özümün özümə iradlarım olub. Belə ki,  serialda oynadığım ilk bölümlərdə  bəzi fraqmentləri görəndə, düşünürəm ki, başqa cür də oynaya bilərdim. Atamın mənə iradı teatrdakı obrazımla görə olub. Bu da cüzi şeylərdir, elə də böyük səhvlər deyil. 
 
- Müsahibələrinizin birində deyibsiniz ki, "Atamla zarafatımız olmayıb”. Komediya ustasının oğlu ilə arasında zarafatın olmamağı bizə bir az qəribə gəlir. 
- Səhnə başqa, real həyat başqa.  Atam çox ciddi insandır. İndiyə qədər atamın hansısa şit zarafatını görməmişəm. O, ancaq səhnədə komediya oynayıb. Atamla aramızda hər zaman pərdə olub.

- Çingiz müəllimi aktyor kimi yaxşı tanıyırıq, bəs ata kimi necədir?
- Bir övlad kimi deyə bilərəm ki, o,  çox yaxşı atadır. Uşaqlığım yaxşı keçib. Atam məni hərtərəfli böyüdüb. Heç nədən korluq çəkməmişəm. Həm maddi, həm də mənəvi baxımdan heç nəyə ehtiyacım olmayıb. O,  mənim  tərbiyəmə xüsusi önəm verirdi.  

- O, bu qədər işinin arasında sizə zaman ayıra bilirdi? 
- Bəlkə onu uşaq olanda başa düşmürdüm. Ancaq indi atamı daha yaxşı anlayıram.  Çəkiliş, teatr - hamısına çatdırmaq lazımdır. Atam da çox çalışqan biridir. Bacardığı qədər mənə zaman ayırmağa çalışırdı.  

- Saqqalınız imicdirmi? 
- Bəli, hərdən mənə deyirlər ki, bəlkə dini baxışına görə saqqal saxlayırsan. Onlar mənim tatularımı görməyib, əgər görsəydilər o sualı verməzdilər (gülürük). Allaha inanıram, inanclı biriyəm, ancaq qatı dindar deyiləm. Saqqalımın dinə heç bir aidiyyəti  yoxdur.

- Çingiz müəllim tatularınıza, saqqalınıza bir söz demir? 
- Əvvəl deyirdi. Onu başa düşürəm, mənim oğlum da gəlib desə ki, qulağımı deşdirirəm, təbii ki, ona etiraz edərəm. Zaman dəyişdikcə, hər şey dəyişir Onların yaşadığı zamanla indiki zaman başqadır. Hərə özünü bir cür göstərir. Mən komplekssiz insanam. İstəyirəm ki, dünyaya gələcək övladlarımın da  kompleksləri olmasın. Çünki kompleks insanları aşağı sürükləyir.
 
- Bu tatulara görə indi peşmansınız?
 - Xeyr.  Hətta bunun ardını gətirmək istəyirəm. Heç bir seçimimdə peşman deyiləm. 

- Kumiriniz kimdir?
- Kumirim Amerika aktyoru Ceyson Momoadır. 

- Bəs atanız?
- Atam mənim sənət müəllimimdir. 

- Adətən, uşaq yaşlarından sənət adamlarının içində böyüyənlər gələcəkdə rejissor olmaq istəyir. Sizdə isə əksinə alındı... 
- Əgər ortada bir iş varsa, onun arxasında görünmək istəmərəm. Təbii ki, rejissor böyük işlər görür. Mənə maraqlı idi ki, insanlar məni görsünlər. 

- Çingiz müəllim sizinlə fəxr edirmi?
- Deyilənə görə edir. Ancaq indiyə qədər bunu özümə deməyib. Hər zaman atamın mənim bacarığımı görməsini  istəmişəm. Nəsə iş görəndə, istəyim  o olub ki, atam bundan xəbərdar olsun. O, çox ciddi insandır. Əgər   nəyisə bəyənmirsə, deməli, bu, məndə alınmayıb. Uşaqlıq arzum olub ki, atam mənimlə fəxr etsin. Həmin məqama çatanda isə mənim üçün çox şey dəyişdi. Onun böyük sənəti var. Mənim sənətim onun sənətinin yanında çox cılızdır.  Anamın da üzərimdə çox böyük zəhməti var. Həmişə deyirdi ki, bir az  dözümlü ol, sənin də ulduzun parlayacaq. 

- Siz hind mahnısı oxuya bilirsinizmi?
- Xeyr, uşaqlıqdan bütün hind filmlərinə baxmışam.  Hətta o filmlərin evdə kasetləri də  var. İndi nəinki hind, heç türk filmlərinə belə  baxmıram. Ancaq Hollivud və bəzən də rus filmlərinə baxıram. 

- Çingiz Əhmədovun elə bir arzusu varmı ki, siz onu həyata keçiribsiniz?
- Bizim sənət yolumuz oxşayır. Hindistanda ona filmə çəkilmək təklifi olub. O da qəbul etməyib. Azərbaycanda məşhurlaşıb.

- Sizə elə gəlmirmi ki, atanızın taleyini yaşayırsınız?
- Hərdən elə düşünürəm. Bu, taleyin qismətidir. 
KASPİ.AZ

Paylaş: