Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib
Tarix: 14-12-2017, 08:25


Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.
"Report"un Fransa bürosu məlumat verir ki, "Qış arzusu" adlanan konsert proqramı Azərbaycan və dünya klassiklərinin musiqilərindən ibarət olub. 
Parisin Lüksemburq məbədində keçirilən konsertdə Qara Qarayevin "Preludia", Fərhad Bədəlbəylinin "Dəniz", Fazil Sayın "Qara Torpaq" əsərləri xüsusi alqışlarla qarşılanıb.
S. Zülfüqarova piano ifası ilə fransalı melomanlara musiqimizin möhtəşəmliyini nümayiş etdirməklə kifayətlənməyərək, Azərbaycan musiqisi haqqında da ətraflı məlumat verib. O, Şərqdə ilk operanın məhz ölkəmizdə yazıldığını diqqətə çatdırıb.
Pianoçu musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, daha sonra isə Fransanın məşhur Sarbonna Universitetində yiyələnib.
Fransada yaşayan S. Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və ifası ilə sevdirən musiqiçilərimizdəndir.

Paylaş: