Sənət adamları Heydər Əliyevdən danışdılar: “Bu böyük şəxsiyyətin qarşısında borcumuz var”
Tarix: 12-12-2017, 10:59


“Heydər Əliyevi atamız kimi sevərdik”.
Bunu AzNews.az-a açıqlamasında xalq artisti Xuraman Qasımova ümummilli lider Heydər Əliyevin vəfatının on dördüncü ildönümü ilə bağlı xatirələrindən danışarkən deyib. O, qeyd edib ki, Heydər Əliyev bütün Azərbaycanın inkişafında böyük rolu olan şəxsiyyət kimi qalacaq:
“Əziz insan kimi xatirəmizdə yaşayacaq. Heydər Əliyev böyük siyasətçi olması ilə bərabər, eyni zamanda mədəniyyət sahəsində öndə gedən insanların da dostu, arxası idi. Mədəniyyətə qayğı göstərən, diqqət edən şəxsiyyət idi. Bütün günü onu yad edirik, onunla bağlı xatirələri anırıq. Bu, bizim üçün böyük qürurdur. O, hər zaman yaddaşımızdadır. Evimizdə onunla bağlı fotogüşə açmışıq. Heydər Əliyevin bizə göstərdiyi qayğını heç bir zaman unutmayacayıq. Çox sevinirik ki, onun dəyərli davamçısı olan İlham Əliyev Heydər Əliyev siyasətini həyata keçirir, mədəniyyət sahəsinə böyük qayğı göstərir. Fidan xanımı şəxsən özü "İstiqlal" ordeni ilə təltif etdi. Biz Heydər Əliyevə söz vermişik, demişik ki, nə qədər canımız var, Azərbaycan xalqına xidmət göstərəcəyik. Anım günü olmasına baxmayaraq o, daima yaşayır”.
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı: “Dekabrın 12-si Azərbaycan tarixində həm böyük, həm də kədərli gündür. Çünkü həmin gün dünya siyasətinin nəhənglərindən biri, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin dünyasını dəyişdiyi gündür. Elə insanlar var ki, onlar cismən həyatdan getsələr də əməlləri, işləri yaşayır. Millətin həyatının davamlılığını təmin edir, onu yaşadır, düzgün inkişaf yolunu müəyyən edir. Heydər Əliyevi niyə biz çox sevirik? Bütün sənət insanları Heydər Əliyevi çox sevir. Çünki məhz onun zamanında Azərbaycan teatrı, musiqisi, incəsənəti, ədəbiyyatı çox ciddi şəkildə inkişaf yoluna qədəm qoydu. O, teatrı çox sevərdi, aktyorlara böyük dəyər verərdi. Aktyorları həqiqi mənada qoruyardı, onların həyatının təmin olunması üçün çalışardı. Akademik Milli Dram Teatrının əksər tamaşalarına gələr, saatlarla tamaşanı müzakirə edib, məsləhətlərini verərdi. Heydər Əliyev bilirdi ki, bir milləti əbədiyyətə qədər yaşada biləcək onun mədəniyyəti, musiqisi, ədəbiyyatı, teatrı və sözüdür. Bu mənada sənət adamlarına onun xüsusi diqqəti vardı və həmişə deyərdi ki, “Azərbaycan milli teatrı bizim millətimizin sərvətidir. Mən bu teatrı çox sevirəm. Burada çalışan insanlara böyük sevgim və hörmətim var”. Bizim, eləcə də bütün sənət adamlarının bu böyük şəxsiyyətin qarşısında borcu var. Teatrımızın əksəriyyəti onun imzası ilə fəxri adlar, mükafatlar alıb, mənzillərlə təmin olunublar. 120-dən yuxarı sənət adamı Heydər Əliyev mükafatı alır. Bu mükafat onların həyatı üçün vacib idi. Əgər o zaman bu fərman verilməsəydi, sənət adamlarının çoxu sənətdən gedəcəkdi. Şəxsən mənim böyük Heydər Əliyevə borcum var. Onun imzası ilə əməkdar artist, xalq artisti fəxri adını almışam. Nə qədər Azərbaycan xalqı, bu dövləti, bayrağı sevən insanlar var, Heydər Əliyev də yaşayacaq”.
Xalq artisti Niyaməddin Musayev: “Heydər Əliyev Azərbaycan dövlətinin memarı, qurucularından biridir. Onun haqqında nə qədər danışsan belə, azdır. Bütün sənət, elm adamlarının hər birinə ayrı-ayrılıqda diqqət göstərib. Heydər Əliyev tarixi şəxsiyyətdir. Onunla biz qürur duymalıyıq ki, Azərbaycanın belə bir şəxsiyyəti olub”.

Paylaş: