Parisdə azərbaycanlı tələbənin filmi nümayiş etdirilib
Tarix: 12-12-2017, 08:44


Azərbaycanlı tələbə Orxan Abbasovun quruluşçu operatoru olduğu “Nyu-York” filmi Parisin məşhur “Sinematheque” kinoteatrında nümayiş olunub.
“Report”un Fransa bürosu məlumat verir ki, Parisin Film və Televiziya Beynəlxalq Məktəbinin tələbələrinin hazırladığı 40 filmdən yalnız 10-u bu möhtəşəm və tarixi kinoteatrda yayımlanmaq üçün münsiflər heyətinin müsbət rəyini ala bilib.
Münsiflər heyəti, kino aləmində təcrübələri ilə fərqlənən, həm Fransada, eyni zamanda beynəlxalq aləmdə tanınan bir qrup mütəxəssisdən ibarət olub.
Qırx min film və minlərlə sənədə malik bu tarixi kinoteatr yeddinci incəsənətə - kinoya dair dünyanın ən nəhəng informasiya bazasına malikdir. 1936-cı ildə yaradılmış “Sinematheque”in nəzdində kino aləminə dair çoxlu sayda əşyanın sərgiləndiyi muzey də fəaliyyət göstərir.
Filmlərin nümayişindən sonra tələbələrə diplomlar təqdim olunub. Orxan Abbasov Paris Film və Televiziya Beynəlxalq Məktəbinin magistr diplomuna layiq görülən ilk azərbaycanlıdır.

Paylaş: