“Yekə kişidir, bez reklamına çəkilir”
Tarix: 7-12-2017, 17:58


Tanınmış sənətçilərin öz peşələrindən əlavə, müxtəlif reklamlarda çəkilməsi dünyanın hər bir yerində mövcuddur. Futbolçudan tutmuş müğənniyə kimi müxtəlif brend mağazaların, firma və şirkətlərin siması olur. Onları həm yaxşı qonorar əldə edir, həm də insanların sevimlisinə çevrilir. 
Azərbaycanda da reklamlarda rol alan tanınmışlar çoxdur. Xalq artisti Aygün Kazımova, əməkdar artist Dilarə Əliyeva, Röya, Bəhram Bağırzadə, müğənnilər Nigar Camal, Aysel Əlizadə, rəqqasə Oksana, rejissor Aqil M. Quliyev, aktyor Elcan Rəsulov, “Bu şəhərdə”, “Bozbaş Pictures” komandaları və başqaları son illərin reklam ulduzlarıdır.
Aygün Kazımova əsasən xəz-dəri mağazasının, kosmetika firmasının siması olub. Röya internet satış saytının, xəz-dəri mağazasının reklam üzüdür. Oksana mebel mağazası ilə saç şampunun, Aysel Nazim uşaq bezi, Bəhram Bağırzadə, Dilarə Əliyeva təmizlik məhsullarının, Aqil M. Quliyev, Elcan Rəsulov isə məişət texnikası mağazasının reklamlarında qarşımıza çıxır. Dünya ulduzlarının reklam çarxlarında boy göstərməsi normal qarşılansa da, Azərbaycanda bu hal birmənalı deyil. Onlar tez-tez müxtəlif ittiham və iradlarla üzləşir. “Filankəs yekə kişidir. Çəkildiyi reklama bax”, “Yekə kişidir, bez reklamına çəkilir”, “Əməkdar artist özünü nə günə qoyub, qabyuyucu reklamına çəkilir” kimi fikirlər səsləndirilir. Bəs məşhurların iradlara münasibəti necədir?
Musavat.com məşhurlar arasında sorğu keçirib. Rəqqasə Oksana Rəsulova tənqidlərə fikir vermədiyini deyib: “Bu cür ifadələr işlədən insanlar paxıl və özünə güvənməyən insanlardır. Mən heç vaxt belə şeylərə fikir vermirəm. Nə qədər ki, pis, qınayan insan var, o qədər də sevən, dəstək olanlar var. Deyə bilərəm ki, dəstək olanlar daha çoxdur. Sosial şəbəkə vasitəsilə yazılan rəylərdən nə qədər sevildiyimizi bilirik. Ona görə digər məşhurlara sözüm odur ki, iradları eşidib məyus olmasın, fikir verməsin və işlərini davam etdirsinlər. Mən elə edirəm”. 
Aktyor Elcan Rəsulov reklam siması kimi sevildiyini deyib: “Ola bilər ki, kimisə tənqid ediblər. Məndə belə şeylər olmayıb. Reklama çəkilmişəm, insanlar normal qarşılayıb. Haqqımda tənqid eşitməmişəm” .
Aktrisa Aysel Nazim bildirib ki, reklama çəkilməkdə qəbahət yoxdur: “Hansısa markanı tanıtmaq üçün tanınmış, insanların güvəndiyi sima olmalısan. Hər məşhuru da reklamlara çəkmirlər. Ümumiyyətlə, tanınmış simaların tez-tez tənqid olunmasını anlamıram. Bizə qarşı bu aqressiya haradandır? Mən də uşaq bezi reklamına çəkilmişəm. Mənə irad tutmayıblar. Analar mənə xoş sözlər yazıb, bəziləri uşaqlarının reklama maraqla baxdığını deyiblər”.
Musavat.com

Paylaş: