"Aktrisa və ya müğənnisənsə, deməli fahişəsən..."
Tarix: 29-11-2017, 09:07


Gənc azərbaycanlı aktrisa Pərvin Abıyeva son bir neçə gündə Azərbaycanda ən çox müzakirə olunan personaya çevrilib. Buna səbəb onun Türkiyə nəşrlərindən birinə verdiyi müsahibədə azərbaycanlı kişiləri kobud və köhnəfikirli, türkiyəli kişiləri isə əksinə romantik adlandırması olub.

Aktrisanın bu açıqlaması Azərbaycan KİV-lərində qalmaqallı rezonans doğurub. Sosial şəbəkələrdəki izləyiciləri isə onun sözünü təhqir kimi qiymətləndiriblər.
Sputnik Azərbaycan-a verdiyi müsahibədə Abıyeva bildirib ki, hazırda çox məşğuldur. Başı Azərbaycan kişilərinin müdafiəsinə qalxaraq onu təhqir edən həmkarı Tunay Əliyevanın məhkəməsinə qarışıb. Abıyeva hesab edir ki, Tunay Əliyeva onun kobud, köhnəfikirli Azərbaycan kişiləri ilə 500-1000 manat müqabilində görüşdüyünü (onlara intim xidmətlər göstərdiyini — red.) deməklə onu təhqir edib.
Aktrisanın sözlərinə görə, onun pul müqabilində kişilərə intim xidmətlər göstərdiyi barədə həmkarının dediklərinin hamısı yalandır: "Tunay Əliyeva belə sözlər deməklə mənim hesabına məşhurlaşmaq istəyir".
Abıyeva deyib ki, onun vəkili jurnalistlərə müsahibə verməyi qadağan edib. Ona görə də, gələcəkdə məhkəmə prosesinə təsir göstərəcək hər hansı fikir bildirmək istəmir.
Aktrisa heç cür başa düşə bilmir ki, adamların çoxu niyə onun sözlərini təhqir kimi qəbul ediblər: "Azərbaycanın sürətli inkişafına baxmayaraq, çoxları hələ də köhnə düşüncəlidir və keçmişdə yaşayırlar".
"Bizdə belə qəbul edirlər ki, əgər sən aktrisa, yaxud müğənnisənsə, deməli fahişəsən. Həmçinin tək yaşayan və ya boşanan qadınları da elə adlandırırlar. Axı nə qədər olar? Bizdə heç kim öz həyatını yaşamır, elə hey başqalarının həyatı ilə məşğul olurlar, başqalarının həyatını müzakirə edirlər. Mən sona qədər öz mövqeyimi müdafiə edəcəyəm" — deyə Abıyeva bildirib.


Paylaş: