Fuad Poladovun hamını təəccübləndirən bir cümləsi...
Tarix: 22-11-2017, 10:23


Azərbaycanın xalq artisti Fuad Poladovdan yeni xəbər var. Modern.az saytına danışan aktyor bildirib ki, bir müddət əvvəl müalicə aldığı Milli Onkologiya Mərkəzindən çıxıb, hazırda ev şəraitində müalicəsini davam etdirir. Aktyor qeyd edib ki, müalicə alsa da iynə-dərmanın heç bir xeyri yoxdur, səhhətində bir irəliləyiş hiss etmir. Çox çətinliklə danışan F.Poladov həmkarlarının ona tez-tez baş çəkdiyini bildirib. Lakin aktyorun açıqlamasında ən çox diqqət çəkən məqam son sözləri olub. Belə ki, aktyor qeyd edib ki, onu yoluxmağa gələn həmkarlarının adını deyə bilməz: “Zəng edirlər, gəlirlər. Amma onların adını çəkmək istəmirəm. Çünki sonra onlara problem olar. İşdən çıxararlar. Həmkarlarımı çətin vəziyyətdə qoymaq istəmirəm”.
Maraqlıdır, ağır xəstəlikdən əziyyət çəkən, özünün dediyi kimi, müalicəsinin heç bir nəticəsini görməyən aktyorun bu cür açıqlama verməyinin səbəbi nədir? Onu yoluxmağa gələn həmkarlarının işdən çıxarılmaq təhlükəsi niyə olsun ki?
Qeyd edək ki, Fuad Poladov hazırda Səməd Vurğun adına Rus Dram Teatrının üzvüdür. Ötən il isə aktyor gözlənilmədən əməkdaşlıq etdiyi Akademik Milli Dram Teatrından istefa verdi. Onun istefa səbəbinin gənc aktyor Hikmət Rəhimovun işdən çıxarılması ilə bağlı olduğu deyilsə də, xalq artistinin Azərbaycan teatr və kino mədəniyyətindəki misilsiz rolunu nəzərə alaraq bir çoxları onun doğma evi qədər sevdiyi teatrdan adi bir səbəbə görə getməsinə inanmadı.
Məsələyə aydınlıq gətirmək üçün Rus Dram Teatrı ilə əlaqə saxladıq. Teatrın direktor müavini İlham Məmmədov məsələyə bu cür şərh bildirdi: “Fuad Poladov bizim gözəl aktyorumuzdur və onunla bağlı bir problemimiz yoxdur. Həmin açıqlama ilə biz də tanışıq. Bu barədə Fuad Poladovla əlaqə saxlayıb danışdıq, o bildirdi ki, fikirləri başqa cür anlaşılıb”.
İlham Məmmədov mütəmadi olaraq hər gün aktyorla əlaqə saxlanıldığını bildirdi: “Hər gün vəziyyəti ilə bağlı maraqlanırıq, lazım gəldiyində köməkliyimizi əsirgəmirik. Bu belə də olmalıdır. Çünki bizim bir Fuad Poladovumuz var, başqası yoxdur”.
Heç şübhəsiz ki, aktyoru yoluxmağa gələn həmkarlarından Akademik Milli Dram Teatrının aktyorları da var. Bu səbəbdən adıçəkilən teatrın da mövqeyini öyrənməyə çalışdıq. Teatrın mətbuat katibi Cavid Zeynallı bildirdi ki, Akademik Milli Dram Teatrının Fuad Poladovla bağlı münasibəti birmənalıdır: “Fuad Poladova görkəmli sənətkarımız kimi hər zaman hörmətimiz olub. Fuad müəllim indi ömrünün həssas dövrünü yaşayır, xəstəliklə mübarizə aparır. Ona yalnız və yalnız şəfa, möhkəmlik, səbir arzu edirik. Akademik Milli Dram Teatrının bütün kollektivi Fuad Poladova hər zaman diqqətli, sayğılı münasibət göstərib. Bu münasibət hər zaman davam edəcək, başqa cür də ola bilməz. Arzu edirik ki, Fuad müəllim yenidən sağlamlığına qovuşsun, öz rolları ilə tamaşaçıları yenidən sevindirsin”.
musavat.com

Paylaş: