“Pərvinin uğuru mənim, sənətimin uğurudur” – Kübra Əliyeva
Tarix: 21-11-2017, 16:42


Bu gün Lider TV-də yayımlanan “Bu bizik Toliklə” verilişinin növbəti bölümü efirə gedib.

Prodüser Tarix Əliyevin aparıcısı olduğu proqramın bu dəfəki qonaqları aktrisa Pərvin Abıyeva, fitness məşqçi Ceyhun Vəliyev, müğənni Türkan Vəlizadə və meyxanaçı Pərviz Bülbülə olub.
Pərvin Abıyeva rol aldığı ilk film təklifindən danışıb:
“Mənim indiki bir çox aktrisalardan fərqim odur ki, Cəfər Cabbarlı adına kinostudiyada kəşf olunmuşam. Bunu hər zaman fəxrlə deyirəm. “Qarabağnamə” filmi yer aldığım ilk böyük layihə olub. Həmin filmdə əsas rollardan birini canlandırırdım. Ondan başqa da kinostudiya ilə bir neçə layihəm olub. Bunu ona görə fəxrlə deyirəm ki, kinostudiya ilə işləmək hər aktrisaya nəsib olmur.
Heç bir kastinqə qatılmamışam. Rəfiqəmi ziyarətə getmişdim. Qapıdan çıxanda rejissorla üz-üzə gəldik. O mənə baxdı və mən bunu istəyirəm dedi. Qeyd etdi ki, neçə vaxtdır obraz üçün qız axtarır. Demək olar ki, Bakının 80 faiz aktrisalarını yoxlayıb və heç biri uyğun deyil. Düşünmürdüm ki, aktrisalığın dalınca gedərəm”.
P.Abıyeva xalq artisti Kübra Əliyeva ilə aralarında olan məsələ ilə bağlı da danışıb:
“Mən uşaqlığımdan Kübra xanımı sevmişəm və izləmişəm. Onda hər zaman sərt sima görmüşəm. Üzündəki sərt ifadəyə görə ondan çəkinmişəm.Sözügedən verilişdə Kübra xanım mənə pis heç bir şey deməyib. Sadəcə məsləhət verib və mən də onunla razılaşmışam. Mənim nə yaşım var ki, o cür sənətkarla qalmaqal edim? Kübra xanımla mənim qalmaqalım həyatda mümkün olmayacaq bir şeydir. O mənə pis söz desəydi belə cavab verməzdim. Yaşı kənara qoysaq, o mənim sənətdə böyüyümdür”.
Daha sonra xalq artisti verilişə telefon zəngi ilə qatılaraq Pərvin Abıyeva haqda öz fikirlərini bildirib:
“Haqqımızda yazılan xəbərlərə məəttəl qaldım. Bir az emosional qadınam. Mən yeriyəndə səhnə titrəyirdi. Bu, mənim xarakterimdir. Pərvin nəvəm yaşındadır və nəvəm kimidir. Mən ona heç bir pis fikir demədim. Sadəcə dedim ki, hər bir fitri istedadı olan insana universitet lazım deyil. Amma istərdim ki, oxu, hazırlaş. Çünki yaxşı aktrisa klassikanı bilməlidir. Bunu biz belə görmüşük.Mən gördüyümü ondan tələb etmişəm. Pərvini istəməsəydim heç bir söz deməzdim. Yazırlar ki, Kübra xanım paxıllıq edir. Nəyinə paxıllıq edim axı? Pərvinin uğuru mənim, sənətimin, Azərbaycanın uğurudur.
Pərvini yaxşı tanımırdım. Nəvəm mənə o qədər danışdı ki, dedi nənə sən onun çəkildiyi filmləri görməmisən.
Allah yolunu açıq etsin. Sənə ana və nənə kimi məsləhət verdim. Bu yolu getsən də, getməsən də sənin seçimindir. Dediyim sözlərin qarşısında cavab verməməyini də təqdirəlayiq hesab edirəm”.
Aktrisa xalq artisti ilə razılaşdığını bildirib:
“Kübra xanım qarşınıza baş əyirəm. Ümumiyyətlə, böyüyümə cavab vermək mənim təbiətimdə yoxdur. Sizin qarşınızda danışmağa mənim haqqım yoxdur. Təbii ki, siz nə deyirsinizsə düz deyirsiniz”.
Prime-Time

Paylaş: