“Kukla ilə işləmək üçün onun dilini bilmək lazımdır”
Tarix: 15-11-2017, 10:02


Teatr sehrli bir dünyadır. Eyni zamanda, insanlara zövq bəxş edən, yeri gələndə ibrətamiz hekayələri ilə dərs verən, əyrini, düzü canlı şəkildə onlara göstərən sənət ocağıdır. Hələ bu ocaq uşaqların könlünü oxşayan, onları nağıl qəhrəmanları ilə tanış edən, həmin qəhrəmanları sevdirən bir məkan olanda, dəyəri daha da artır. Bu günkü müsahibimiz də kuklaları uşaqlara sevdirən və bu yolda əlindən gələni əsirgəməyən bir sənətkardır. Qonağım Abdulla Şaiq adına Dövlət Kukla Teatrının istedadlı gənc rejissoru Anar Məmmədovdur. Anar 6 ildən çoxdur ki, Kukla Teatrında çalışır. Biri-birindən maraqlı tamaşalarla uşaqların könülün oxşamağa çalışır. Onunla ilk görüşüm 5 il bundan qabaq olmuşdu. Bu 5 ildə çox şey dəyişib. Bir zamanlar teatrda ilk addımlarını atan və yeni-yeni tamaşalar hazırlamağa çalışan A.Məmmədov bu gün Kukla Teatrının aparıcı rejissorlarından biri, uşaq tamaşalarının mahir bilicilərindəndir. Yaradıcılığında hər zaman yeniliklər etməyin tərəfdarıdır. Belə ki, uşaqların diqqətini çəkmək və onların asudə zamanlarını faydalı keçirmələri üçün teatrın səhnəsində tətbiq edilməsi mümkün olan bütün üsullardan istifadə edir. Bu illər ərzində onun yaradıcılığına nəzər salsaq, orada xalq nağıllarımız, xarici nağıllar, yeni yazarların nağılları, böyüklər üçün hazırlanmış tamaşalar, hətta 3D formatında tamaşalara da rast gəlmək olar. Bu dəfə isə rejissor mono tamaşaya quruluş verəcək. Onunla görüşümüz elə Kukla Teatrında baş tutdu.
 
- Anar bəy, 6 ildir ki, Kukla Teatrında çalışırsınız. Bu illər ərzində teatrda nə qədər tamaşa hazırlamısınız?
- Bu teatr mənim üçün doğma bir məkandır. Mən bütün uğurlarımı burada qazanmışam. Teatr mənə ikinci ailəm kimidir. Bu illər ərzində müxtəlif janrlı tamaşalar hazırlamışam. Ümumi hesablasam, bəlkə də 10-dan çox tamaşaya quruluş vermişəm. Nəinki Kukla Teatrında, bir rejissor kimi özümü digər teatrlarda da sınamışam. Buna İrəvan Dövlət Dram Teatrını, Musiqili Komediya Teatrını, Gəncə Dövlət Dram Teatrını misal olaraq göstərə bilərəm. Ancaq mənim üçün ən doğma məkan Kukla Teatrıdır.  
 
 
 
- Gəncə Dövlət Dram Teatrında hansı tamaşanı hazırlamısınız? 
- Orada Jül Rumenin "Knok və ya tibbin təntənəsi” tamaşasını hazırlamışdım. Məni Gəncə Teatrına müəllimim, tanınmış rejissor Bəhram Osmanov göndərmişdi. Təyinatla həmin teatrın səhnəsində tamaşa hazırlamışdım. Ancaq təəssüflər olsun ki, həmin tamaşanın premyerasına qala bilmədim, çünki əsgərliyə getdim. Əsgərlikdə bizə asudə zaman ayırırdılar və həmin zaman çərçivəsində biz televizora baxırdıq. Televiziyaya baxanda gördüm ki, teatrda mənim quruluş verdiyim tamaşanın premyerası haqqında danışırlar. Tamaşadan fraqmentlər göstərirdilər. 2011-ci ildə əsgərlikdən döndükdən sonra Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məni teatra dəvət etdi. Əslində, o bu qərarı ilə çox böyük riskə getdi. Çünki əsgərlikdən gələn bir gəncə birdən-birə böyük tamaşaları etibar edirdi. 
 
- Hesab edirik ki, Kukla Teatrında rejissor olmaq daha çətindir.
- Kukla Teatrında çalışmağın öz çətinlikləri var. Asan olsaydı, uşaqlar Kukla Teatrını bu qədər sevməzdi (gülürük). Biz universitetdə Konstantin Stanislavski sistemini oxumuşuq. Oradakı bacarıqları mənimsəmişik. Ancaq Kukla Teatrına gəldikdə, gördüm ki, burada o sistem yoxdur. Mən 4 il oxuduğumun əsas hissəsini unutmalı və hər şeyə sıfırdan başlamalı idim. Kukla Teatrının üslubu tamam başqadır. Bunun üçün ilk növbədə təcrübə yığmaq və hər şeyi yenidən öyrənməli idim. Digər teatrlarda elədir ki, aktyor səhnəyə çıxır və hiss-həyəcanını büruzə verir. Ancaq Kukla Teatrında belə deyil. Kuklalar cansızdır, onları idarə edən aktyorlardan isə çox şey asılıdır. Kuklanı aktyor canlandırır və aktyor kuklanın arxasında nə hislər keçirirsə, o, artıq zala çatmır. Ancaq sizə onu da deyim ki, Kukla Teatrında çox yeniliklər etmək olar, nəinki digər teatrlarda. 
 
- Kukla Teatrında rejissor olmaq üçün həm də kuklalara yaxşı bələd olmaq lazımdır.  
- Kukla ilə işləmək üçün ilk növbədə onun dilini bilmək lazımdır. Rejissor kuklaya bələd olmasa, onunla işləyə bilməz. Hər kuklanın özünün xarakteristikası və xüsusiyyəti var. Bir kuklanı ərsəyə gətirmək üçün ilk olaraq rəssamla danışırıq və bizim müştərək görüşlərimiz olur. Kuklanın çətinliklərindən biri odur ki, hər hansı bir personajın yalnız xarakteri olur. Ancaq canlı aktyorda elə deyil. İnsan gülə, ağlaya, mimikalarını dəyişə bilər. Kuklanın isə bu funksiyaları yoxdur. Əgər hazırlanan kukla gülümsəyən personajdırsa, onun üzərində yalnız təbəssüm olmalıdır. Başqa heç bir şey. Kuklanın mexanikasından çox şey asılıdır. Tutalım ki, kuklanın gözü, üzü, ağzı nəyisə ifadə etsin. Bunların hamısı şərtlərdir. Bunun üçün də ilk olaraq rəssamla danışırıq və rəssam eskizləri çəkir. Mübahisələr və fikir ayrılıqları da burdan başlayır.
 
 
 
- İndiyə qədər rəssamla ən böyük mübahisələriniz nə üstündə olub?
- Mübahisələrimiz əsasən eskizlərin üzərində düşür. Çünki rəssamın da kuklalara öz yanaşması var. Əslində, bu, təbii prosesdir, olmalıdır. Əgər mübahisə zəmini yaranmırsa, rəssam rejissorun dediyi ilə razılaşırsa, özünün bir ideyası, təxəyyülü yoxdursa, o zaman ortalığa normal bir iş çıxa bilməz. Bilirsiniz ki, teatr kollektiv sənətdir. Mübahisəsiz mümkün deyil.
 
- İndi texnologiya o qədər inkişaf edib ki, uşaqlar kompyuter, planşet vasitəsi ilə dünyaya açılırlar. O uşaqları canlı sənət, teatr nə dərəcədə maraqlandırır? Sizcə, müasir dövrün uşaqlarını nə ilə təəccübləndirmək olar?
- Kukla Teatrının hər zaman tamaşaçısı olub. Texnologiya nə qədər inkişaf etsə belə, teatra hər zaman ehtiyac var. Mənim quruluş verdiyim "Durna balığı” tamaşasında 3D formatından istifadə etdik. Bu çox gözəl və maraqlı idi. Uşaqlar da böyük həvəslə qarşıladı. Bəşəriyyət 3D formatından o tərəfə çıxa bilmir. Çünki bundan o tərəfi yoxdur. Bir 4D var, o da teatrın özüdür.  Sizin az əvvəl sadaladığınız o müasir texnologiyaların heç birində canlı ünsiyyət yoxdur. Teatr isə məhz canlı ünsiyyət üzərində qurulduğu üçün düşünürəm ki, sizin o dediyiniz bizdən də çox bilən uşaqlar gəlib tamaşaya baxanda, o sehrli dünyaya bir az da yaxınlaşırlar. Nəinki buna televizordan, planşetdən, kompyuterdən baxanda. Uşaqların tərbiyəsində teatr böyük rol oynayır. Bu baxımdan Kukla Teatrının müstəsna rolu var. Çünki uşağı tərbiyələndirməyə uşaqlıqdan başlayırlar və bu baxımdan uşaqların teatrlara aparılması ən ideal vasitədir. Çünki uşaq hər şeyi buradan canlı şəkildə görür və pisi yaxşıdan ayırır. 
 
- Bu günün uşaqlarını köhnə nağıllarla aldatmaq olmur. Teatrlarımızda hər zaman bizim qədim xalq nağıllarımız nümayiş olunur. Çox zaman valideynlər şikayət edir ki, uşaq nə qədər "Cırtdan”a baxacaq. Tamaşa hazırlayarkən ssenari baxımından qıtlıq çəkirsinizmi?
- Kukla Teatrının zəngin repertuarı var. Biz nəinki yerli nağıllarımıza, xarici nağıllara, gənc yazarların nağıllarına da müraciət edirik, daima axtarışdayıq. Repertuarımıza nəzər salsanız, görərsiniz ki, orada müxtəlif formatda hazırlanmış tamaşalar var. Mən bu fikirlə razılaşmıram.  Kukla Teatrı hər zaman yeniliklərə açıqdır. 
 
 
 
- Bir tamaşanın ərsəyə gəlməsi üçün nə qədər vəsait lazımdır?
- Maddiyyat məsələlərini rəhbərlik həll edir. Hələ indiyə kimi bizə tamaşa hazırlanan prosesdə nəsə lazım olanda, "yoxdur”, "imkan edə bilmirik” kimi ifadələr səsləndirilməyib. Əksinə, rəhbərlik bizim üçün hər şeyin ən yaxşısını edib. Biz maliyyə məsələlərində heç bir korluq çəkmirik. 
 
- Kukla Teatrında artıq böyüklər üçün də tamaşalar hazırlanır.  
- Əslində Kukla Teatrında böyüklər üçün tamaşalar əvvəllər də var idi. Bu yenilik deyil. Kamran Şahmərdanın"Ağ və qara”, mənim Stefan Cveykin "Yad qadının məktubları” novellası əsasında hazırladığım "Unudulmush kukla”, bu yaxınlarda hazırlanan Qurban Məsimovun "Zəng” tamaşalarını buna misal göstərə bilərəm. Tamaşaçılar öyrəşib ki, Kukla Teatrında uşaq tamaşaları hazırlansın. Onların fikirlərini dəyişmək bir az çətindir, ancaq mümkünsüz deyil.
 
- Bir də var festival üçün hazırlanan tamaşalar. Ancaq festival üçün hazırlanan tamaşalar repertuara çox az salınır. 
- Kukla Teatrı mütəmadi olaraq beynəlxalq festivallarda iştirak edir və qatıldığı hər bir festivaldan qalibiyyətlə geri dönür. Əlbəttə ki, bu bizim teatrın uğurudur. Və yaradıcı prosesin keyfiyyətinin xəbərçisidir. O ki qaldı sualınıza, festival üçün hazırlanan tamaşalar bizim repertuarda var. Repertuarı isə biz müəyyənləşdirmirik.  
 
- Eşitdik ki, Kukla Teatrının səhnəsində Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva ilə birlikdə mono tamaşa hazırlayırsınız. 
- Bəli, tamaşa "Şəngülüm, Məngülüm” adlanır. Tamaşaya nağılçı obrazı daxil etdik. Nağılçı bütün tamaşanı idarə edəndir. 
 
- Musiqili Teatrın aktrisası gəlib kuklalarla necə işləyəcək?
- Öyrədəcəyik, işləyəcək. Bizdə belə eksperiment çox olub. Kuklanın idarə edilməsi ilə bağlı bəzi texniki bicliklər var ki, biz onu Ülviyyə xanıma öyrədəcəyik. Əsas odur ki, özü həvəslidir, öyrənmək istəyir. Ümid edərəm ki, yaxşı bir tamaşa alınacaq. Burada 6 kukla oynadacaq. Konsepsiyanı elə qurmuşam ki, o, bir kuklanı qoyub, digər kuklanı götürəcək.
 
- Mono tamaşa digər tamaşalardan nə ilə fərqlənir?
- Mono tamaşa oynamaq aktyor üçün çox çətindir. Bütün tamaşanın yükü bir aktyorun üzərində olur. Bir neçə səs, oyun tərzi dəyişir, aktyorun bütün potensialını göz qabağına qoyur. Mono tamaşada heç nə tamaşaçının gözündən yayınmır. Çünki o, səhnədə təkdir.
KASPİ.AZ

Paylaş: