Gənc nəsil Rəşid Behbudov, Şövkət Ələkbərova kimilərin yaradıcılığından xəbərsizdir”
Tarix: 14-11-2017, 09:40


 “Mənim bir çox mahnılarım var ki, onları əksəriyyət tanıyır. Həmin  ifaların – “Öən günlərimi qaytaraydılar,” Bu gecə”, “Qaragilə”, “Ay Laçın”, "Alagözlüm", “Hər şey gözəldir həyatda” və s. -mənə məxsus olduğunu bilirlər. Siz də bayaq bir neçəsinin adını çəkdiniz. İş ondadır ki, həmin mahnılar radio, televiziyalarda səsləndirilir. Tamaşaçı, dinləyici də bu səbəbdən onları yaddaşında saxlayır. Beləcə, bu mahnılar da yaşayır. Amma son illərdə bilmirəm, tənbəllikdən, ya nədənsə o biri mahnılarım radioda verilmir. Baxmayaraq ki, mənim Qızıl Fondda 120-130 mahnım var”. 

Bunu Moderator.az saytına açıqlamasında Xalq artisti, klassik estrada musiqimizin mahir ifaçılarından olan müğənni Akif İslamzadə bildirib. Qeyd edək ki, müəyyən səbəblərdən uzun illərdir ki, heç bir mahnı ifa etməməyinə baxmayaraq,  müğənni bu gün də sevilir. İfaları yaşlı  və cavan, həmçinin, gənc nəsil tərəfindən sevilə-sevilə dinlənilir. Lakin Akif İslamzadəni tanıdığımız mahnılarla məhdudlaşdırmaq olmaz. Onun elə gözəl musiqiləri var ki, bəlkə heç bircə dəfə də eşitməmişik. Çünki özünün də dediyi kimi, Qızıl Fondda 130-a yaxın mahnısı qorunur. Aif İslamzadə həmin mahnıların üzə çıxarıması üçün nə kimi addımlar atılacağı ilə bağlı sualı bu cür cavablandırıb:   

“Bilinməyən o qədər mahnılar var ki, onları da mən oxumuşam. Kamera orkestri, simfonik orkestrlə xeyli mahnı ifa etmişəm. Müxtəlif üslublarda musiqilər səsləndirmişəm.
Əvvəllər radioda musiqi konserti təşkil edəndə eyni üslubda oxuyan, ifa tərzləri bir-birinə yaxın olan iki, uzağı üç müğənninin radio-konsertini hazırlayırdılar. Hərəsi 30-35 dəqiqə oxuyurdu və beləcə radio-konsert də çox yaxşı alınırdı. Çünki dinləyicilərin hamısı peşəkar deyil. Onlara eyni tərzdəki  ifaları  qarışdırmadam təqdim etmək lazımdır. İndi isə aləm bir-birinə qarışıb. Bir ifadan sonra heç növbəti ifa və ifaçının adı da çəkilmir. Müxtəlif üslublu, müxtəlif formatlı musiqilər ard-arda səsləndirilir. Olur həftəbecər. Siz axırıncı dəfə radioda nə zaman yaxşı konsert eşitmisiniz? İstər Rəşid Behbudovun, istər Şövkət xanım Ələkbərova və başqlarının radio-konsertləri verilmir.  İnandırıram sizi ki, bizdə gənc nəsil heç bu cür dahi sənətkarlaerın yaradıcılıqlarını yaxşı bilmirlər. Doğrudur, tanıyırlar, soruşanda adlarını çəkirlər. Amma onların repertuarını bir o qədər də dərindən bilmirlər. Ona görə də televiziya, radio və saytlarda buna ayrıca yer ayırmaq, maarifləndirici işlər görmək lazımdır.

Həm də elə proqramlar hazırlanmalıdır ki, orada tamaşaçıya müxtəlif musiqi üslubları, ifa formaları haqqında məlumat verilsin. Məsələn, deyilsin ki, tanqo formatında olan musiqi necə olur, vals üslubundakı musiqi necədir? Beləcə, tamaşaçılara həm ifa, həm ifa tərzləri həm də ifaılar tanıdılsın”.

Paylaş: