Ən bahalı Azərbaycan müğənniləri: Hamısı bir yerdə bir Tarkan eləmir
Tarix: 13-11-2017, 09:34


Vaxt var idi, müğənnilərimiz toylarının bolluğundan, pullarının çoxluğundan, "villa"larından, bahalı avtomobillərindən danışardılar. Amma çərxi-fələk tərsinə dövran edir indi. "Qaz vurub, qazan dolduran" müğənnilər özlərinin dediyinə görə dolana bilmirlər. Bir zamanlar "mənəm-mənəm" deyib, sinəsinə döyüb, "Azərbaycanda ən bahalı müğənni mənəm" deyənlər indi toysuzluqdan, pulsuzluqdan şikayətlənirlər. Bir neçə gün öncə Türkiyə mətbuatında meqa-star Tarkanın Bakıda  Yeni il gecəsində 1,5 milyon dollara çıxış edəcəyi barədə xəbər yer aldı.  
"Bəyin oğurlanması” filmində səslənən məşhur sual bu məqamda yerinə düşür: “O əjdahadan bizdə niyə yoxdur?” Niyə bizim müğənnilər də türkiyəli və rusiyalı həmkarları kimi yüksək qonorarlı tədbirlərə dəvət almırlar. Onlar uzaqbaşı Biləcəridən o yana keçib, bölgələrdə təşkil edilən toylarda 3-5 manata oxumaq məcburiyyətində qalırlar. Ən yaxşı halda isə Rusiyada azərbaycanlıların və Azərbaycandan olan yəhudilərin toylarında oxuyurlar. Onu da deyək ki, Azərbaycan yəhudilərinin toyunda əksər hallarda əslən yəhudi olan azərbaycanlı müğənnilər oxumaq şansı qazanmış olur. Mövzudan uzaqlaşmayaq. Bir çox müğənnilərin toyların azlığından şikayətləndiyi bir vaxtda, xalq artisti Bilal Əliyev «qaz vurub, qazan doldurduğunu» deyir.
Müğənni Cebhe.info- ya açıqlamasında söyləyib ki, toylarının sayı ötən illə müqayisədə, bu il daha da artıb. 
Bu yaxınlarda isə o, çox yüksək məbləğdə toy dəvəti alıb. B.Əliyev də bu təklifi dəyərləndirib və həmin toyda iştirak etmək üçün xarici ölkəyə yollanıb. "Daha çox xaricdə yaşayan həmyerlilərimizin toylarına dəvət alıram. Oktyabrın 31-də xarici ölkələrdən birində, həmyerlimizin toyunda 120 min avroya oxudum. Mən hər toya getmirəm. Adətən, pullu adamların toyunda oxuyuram. Qazancımın müəyyən hissəsindən isə imkansız insanlara xərcləyirəm" - B.Əliyev əlavə edib. Müğənni sözügedən toyun hansı ölkədə olduğunu və hansı soydaşımızın ona 120 min avro ödədiyini isə sirr saxladı. B.Əliyevin dediyinə görə, ümumiyyətlə, xarici ölkələrdəki toyları minimum 100 min avroya oxuyur. Bəzən isə güzəştlər də edir: "Ay ərzində isə kifayət qədər çox toyum olur. Bir neçə gün öncə isə bir toyda oxudum, orda xeyir iş sahibinə 15 min avro güzəştə getdim, yəni, 85 min avroya oxudum" - deyə xalq artisti açıqlama verib.

"Pişik" ləqəbli müğənni Günel Ələkbərova isə iddia edir ki, Azərbaycanın ən bahalı müğənnisi elə o özüdür. "Hamıdan bahalı özüməm. Toylarım da çoxdur, qonorarım da yüksəkdir", - deyən müğənninin əminik ki, sözlərindən Vergilər Nazirliyi xəbərsizdir...

Elariz Məmmədoğlu da deyir ki, toylarımın sayını itirmişəm. 2013-cü ildə İstanbulda ev alan E.Məmmədoğlu "Toylarım bir deyil, beş deyil, hansını deyim?!" -, deyə söyləyir: "Toylarımın çox olduğuna görə də həmkarlarım mənə paxıllıq edir. Məni gözügötürməyənlər çoxdur. Onu da deyim ki, mən qiymətlər bahalaşandan sonra toy qonorarımı qaldırmadım, qiymət elə əvvəlkidir".

Nadir Qafarzadə hansı həmkarının daha varlı olduğunu bilmir: "Mən camaatın pulunu saymıram. Bizim müğənnilərin gəlir mənbəyi yalnız el şənlikləridir. Başqa cür mümkün də deyil. Onu da deyim ki, indi heç toy da yoxdur. Azərbaycan müğənniləri mən deyərdim ki, müflisləşib. O qədər dedilər, axırda gözə gətirdilər. Efirlərdə səhərdən-axşamadək müğənniləri müzakirə edirdilər. Siyasi proqramlara baxırdın, müğənniləri müzakirə edirlər. Sosial verilişlərə nəzər atırdın, müzakirə müğənni idi... Sağlamlıqla bağlı verilişdə də müğənnini müzakirə edirdilər. Televizoru açırdın ki, xəbərlərə baxasan, kriminaldan danışırdılar, obyekt isə müğənni idi... Müğənnini insanların gözündə Əzrayıla çevirdilər. Bütün Azərbaycanın pulunu yeyən, dağıdıb, talan edən kimi təqdim etdilər.  Bununla da ruzi kəsildi. Böhran oldu, hamı əziyyət çəkir, işsizlikdir. Üstəlik də savadsızlıq, dedi-qodu baş alıb gedir. Rəhmətlik anam deyərdi ki, dava-dalaş, dedi-qodu, söz-söhbət olan yerdə ruzi-bərəkət olmaz. Allah gördü ki, bir-birimizi didirik, pulunu sayırıq, ruzisinə göz dikirik, ruzini aldı. İnsanlar anlamalıdır ki, başqasının ruzisinə göz dikmək, bəxtəvərlik vermək olmaz. Müğənni evdə oturduğu yerdə, bacadan onun üçün kisəylə pul sallamırlar...Əziyyət çəkirlər. Evimdən çıxıram, günlərlə qastrollarda oluruq, əziyyət çəkirik. Camaat da elə bilir ki, bəxtəvərik".

Paylaş: