"Bizim teatrda deputat qədər məvacib alan şəxslər var" — Siyavuş Novruzovun açıqlamasına aktyorlardan REAKSİYA
Tarix: 7-11-2017, 15:33


Akademik Milli Dram Teatrının tanınmış aktyorları, əməkdar artistlər Əli Nur, Abbas Qəhrəmanov və İlqar Cahangir Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun fikrinə münasibət bildiriblər.
Qeyd edək ki, Parlament komitələrinin birgə iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Siyavuş Novruzovun millət vəkillərinin məvaciblərinin artırılmasını təklif etdiyi bildirilir:
"Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır"
Əməkdar artist Əli Nur "Ölkə.Az"a açıqlamasında deputatın fikrinə sərt reaksiya verib:

"Mən bütün deputatların, məmurların məvaciblərinin nəinki artırılmasının, hətta onların əmlaklarının müsadirə edilməsinin tərəfdarıyam. İnsanın gözü doyar da. Biz müharibə şəraitində yaşayan ölkəyik, başımıza min cür müsibətlər gəlib, bu qədər torpaq itirmişik. 450 min kvadratkilometr torpağımız yadların əlindədir, yenə bunların  gözü doymur? Bütün rayonlarda mülkləri, dəniz qırağında villaları, hər binanın alaqapısında mənzilləri var. Yenə də gözləri doymur? Görmürlər ki, insanlar it günündə yaşayır? Ayıbdır e".
Əməkdar artist Abbas Qəhrəmanov isə "Ölkə.Az"a bildirib ki, "Azdrama"da deputat qədər məvacib alan şəxslər var:

"Bizim məvaciblərimizi də artırdıqlarını eşitmişəm. Deyilənə görə, əməkdar artist və xalq artistlərinə fəxri ada görə verilən pulun da artırılıb. Bilmirsiniz neçə faiz artırıblar? Hətta müəllim və həkimlərin də əməkhaqlarının artırılması haqda eşitməmişəm. Deməli, deputatların məvacibləri yaxşıdır da. Bizim teatrda da deputat qədər maaş alanlar var. Bu yaxşı əlamətdir də. Narazılıq nədəndir ki? Yəqin nəzərə alıblar ki, deputatlar nisbətən yaxşı maaş alır. Çox yüksək qiymətləndirirəm və bunu səmimi deyirəm".
Əməkdar artist İlqar Cahangir: "Görməmişdilər də, gözləri doymur, vəssalam. Qoy aktyorların da məvacibini deputatlara versinlər. Onsuz da aktyorlara pul lazım deyil ki".

Paylaş: