Fərhad Bədəlbəylinin "bəzi məmurlar"ı - Rafiq Hüseynova nekroloq...
Tarix: 6-11-2017, 09:21


Görkəmli diktor Rafiq Hüseynov dünyasını dəyişdikdən sonra onun da qədrini bilməyə başlamışıq. Haqqında xeyli adamlar xoş sözlər işlətdilər. Məsələn, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Rafiq Hüseynov haqqında bunları dedi: "Rafiq son dərəcə professional şəxsiyyət idi. Müslüm Maqomayev hansı dərəcədə populyar idisə, Rafiq də eyni dərəcədə məşhur idi. Moskvanın ən məşhur diktorları deyirdilər ki, sizin Rafiq Hüseynov kimi böyük diktorunuz var. Heyif ki, onun qədrini bilmədik. Bəzi məmurlar onu televiziyadan uzaqlaşdırdılar. Çox heyfslənirəm ki, biz bəzən böyük insanlara soyuq münasibət bəsləyirik. Çox heyif, belə bir böyük insanı itirdik".

Bizim məmurların çoxu ümumiyyətlə danışmır. Amma Fərhad müəllimin bu cür açıq və cəsarətli danışması məni heyrətəndirdi. O, qorxmadan, çəkinmədən “bəzi məmurlar” ifadəsini işlətdi. Mənə belə gəlir ki, onun bu cəsarəti uzun illər yaddaşlardan silinməyəcək. “Bəzi məmurlar” ifadəsi xoşuma gəldiyi üçün “bəzi” sözünün Azərbaycan dilinin izahlı lüğətində mənasını axtardim. “Bəzi-hamısı yox, parası, ayrı-ayrı”.

Yəni məmurların hamısı onu televiziyadan kənarlaşdırmayıb. Onların bir parası, ayrı-ayrıları bu işi görüblər. “Mədəniyyət” kanalında İlham Rəhimlinin rəhmətlik Rafiq Hüseynovla müsahibəsinə baxdım. Rafiq müəllim maraqlı bir ifadə işlətdi: “Nə yaxşı ki, televiziyaya professional, işi bilən adam gəldi”. Söhbət yüz faiz Arif Alışanovdan gedirdi. Rafiq Hüseynov kimi görkəmli diktor Alışanovu professional adlandırdı. Demək Fərhad Bədəlbəylinin parlaq düşüncəsinin məhsulu olan “bəzi məmurlar” sırasına Arif Alışanov daxil deyil. Onda professor Qulu Məhərrəmli kimi televiziya işini mükəmməl bilən bir mütəxəssisi AzTV-dən kim uzaqlaşdırmışdı? Əlbəttə ki, “professional və dahi televiziya mütəxəssisi”- hesabdar Arif Alışanov.

Onda soruşmaq ayıb olmasın, professor Rafiq Əliyevi kim uzaqlaşdırmışdı AZİ-dən! Bəzi məmurlar? Fərhad Bədəlbəyli kimi bəzi vəzifəlilər nədənsə “bəzi məmurlar” ifadəsini Rafiq Əliyev üçün işlətmədilər. İşlətsəydilər bir neçə adamdan şübhələnərdik. Onu da deyim ki, bəzi adamlar hüzr yerlərində kövrəldiklərindən ara- sıra Fərhad Bədəlbəyli kimi danışırlar. Məncə buna da min şükür.

Yüzlərlə isdedadlı həmvətənimiz xarici ölkələrə üz tutub. Onların potensialına bəzi məmurlar bilərəkdən balta çalıblar. İndi yaxşı riyaziyyatçı, fizik, iqtisadçı, bioloq, filoloq və başqa ixtisaslı mütəxəssislərə böyük ehtiyac duyulur.

Yeri gəlmişkən, bəzi yüksək çinli məmurlar orta məktəblər açıblar. Bəzi adamlar onları düz istiqamətləndirib: orta məktəbdə yaxşı pul var. Onların kim olduğunu hamı bilir.

Bəzi məmurlar demişkən, bəzi rektorlar artıq 20-26 ildir ki, ali məkəblərə rəhbərlik edirlər. Gənc nəslin istedadlı nümayəndələrinin ayaq səslərini eşidirsinizmi, Fərhad müəllim! Onlar artıq bəzi rektorları əvəzləyiblər. Bilməmiş olmazsınız, bu proses artıq bəzi məmurların işi deyil, zamanın tələbidir.

Etibar Əliyev
XXI Əsr Təhsil Mərkəzinin rəhbəri,
tanınmış təhsil eksperti

Paylaş: