Aygün Bəylərin qardaşının işi ilə bağlı ekspertiza təyin edildi
Tarix: 3-11-2017, 15:48


Qətl törətməkdə təqsirli bilinən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov və Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
UlduzumSan.Az lent.az-a istinadən xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə  hakim bildirib ki, təqsirləndirilən Fuad Məmmədzadə xəstəliyi ilə əlaqədar gəlməyib: “Onun ağciyərində vərəm, şəkər və s. xəstəlikləri var”.
Hakimin sözlərinə görə, Tibbi Məntəqədən təklif edilib ki, işə gəlib orda baxılsın: “Lakin təqsirləndirilən şəxslərin çox olmasından bu mümkün deyil. Fuad Məmmədzadə təklif edib ki, onun xəstəliyinin dərəcəsini bilmək üçün ekspertiza təyin edilsin.
Vəkillər isə Fuad Məmmədzadənin işinin icraatdan ayrılmasını və digərlərinin işinin  baxışına davam etdirilməsini istəyiblər.
Prosesdə qərar elan edilib. Fuad Məmmədzadə ilə bağlı stasionar ekspertiza təyin edilib.
Proses qeyri-müəyyən vaxta qədər təxirə düşüb.
Qeyd edək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Cavid Alxazovun Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evində narkotik vasitə əkiblər.
Təxminən iki ay sonra şübhələniblər ki, onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verib. Buna görə də onu qətlə yetiriblər, həmin evin həyətində meyiti basdırıblar.
Dəstə üzvləri həmin ilin iyul-avqust aylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.
Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib.
Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

Paylaş: