“Bəxt üzüyü-2”nin “Moşu”su: “Hər şeyin birincisi yaxşı olur”
Tarix: 2-11-2017, 17:32


Ən baxımlı komediya filmlərindən olan “Bəxt üzüyü” filminin davamı olan “Bəxt üzüyü- 2” çəkilib
Filmin ssenaristi “Planet Parn iz Baku” komandasının üzvləri Tahir və Cabir İmanov qardaşlarıdır. Həmçinin filmin çəkilişlərində “Planet Parn iz Baku” komadası iştirak edib.

Yeni filmdə Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Sedanın qızına aşiq olur, hadisələr bu xətlə inkişaf edir.
   
Filmdə Valeh Kərimov, Afaq Bəşirqızı, Rafael Dadaşov, Firəngiz Rəhimbəyova, həmçinin “Planet Parn iz Baku” komandasının üzvləri Tahir və Cabir İmanov qardaşları, Bəhram Bağırzadə, Azər Məmmədzadə çəliliblər.

“Bəxt üzüyü” filmində “Moşu” obrazı ilə tamaşaçıların sevgisini qazanan xalq artisti Valeh Kərimov Cebhe.info-ya açıqlamasında filmin 3 aydan tez nümayiş etdirilməyəcəyini deyib:

“ Bu filmin o biri qədər uğurlu olub –olmayacağını deyə bilmərəm, çünki bu film tamam başqa bir formada çəkilib. Burada hadisələr də fərqlidir, sadəcə o obrazlardan istifadə olunub və köhnə filmin motivləri əsasında yeni bir film yaradıblar. Mən deyə bilmərəm necə olacaq, camaat necə qəbul edəcək. 

Əlbəttə ki, həmişə birinci variant yaxşı olur. Hər şeyin birincisi daha yaxşı alınır. Adicə mağazaya gedirsən, bir şey alırsan, deyirlər ki, əvvəl buraxılan yaxşı idi. Amma ola bilər ki, bu, ondan da yaxşı olsun. Bu filmin üzərində həvəslə, maraqla işləyiblər, gərək yaxşı olsun. Filmin çəkilişləri yekunlaşıb, indi montaj işləri gedir. Yəqin ki, film 3 aydan tez yayıma çıxmayacaq”. (cebhe.info)

Paylaş: