“Həbsxandan məhbuslar mənə məktub yazırdı...”
Tarix: 26-09-2020, 08:54



Məşhur türkiyəli aktrisa Bahar Öztan Moderator.az-a müsahibə verib:

- Bahar xanım, öncə müsahibə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Necəsiz?

- Çox sağ olun! Məndə sizə təşəkkür edirəm ki, vaxtınızı ayırıb, müsahibə alırsız. Türkiyədən qardaş Azərbaycana salam olsun!

- Bizim ölkəmiz haqqında məlumatınız varmı?

- Azərbaycan haqqında çıxan xəbərləri hər zaman böyük maraqla izləyirəm. Əslində bu il ölkənizə gələcəkdim, xəstəliyimlə bağlı qaldı. Bir layihə üçün dəvət olunmuşdum. Qismət, çox sevirəm Azərbaycanı. Azərbaycanlı bir neçə insanla birlikdə çalışmışam.

- Sənətçilərimizi tanıyırsız?

- Sözün düzü üzdən bir neçəsini tanıyıram, amma adı ilə bilmirəm. Tanış olmaq istəyərəm, buna da qismət deyək.



- Türkiyə mətbuatı tez-tez sizin xərçəng xəstəliyindən əziyyət çəkdiyinizi yazır. Hal-hazırda özünüzü necə hiss edirsiz?

- Hal-hazırda özümü yaxşı hiss edirəm, amma tam sağalmamışam. Saçlarımı kəsmişdim, artıq çıxıb. Mənə insanlar o qədər xoş sözlər yazdılar, dəstək oldular ki... (kövrəlir). Hamı mənim üçün dua edirdi. Həbsxanadan belə məktublar gəlirdi. Təbii ki, mən bütün bunları daha sonralar bildim. Sevildiyimi bilirəm, mən də onların sevgisinə layiq olmağa çalışıram.

- Elə bir yeşilçam filmi yoxdur ki, orda sizi görməyək. Sizə həm də “Yeşilçamın qəmzəli gözəli” ləqəbini verilib. Bunu sizə rejissorlar verib?

- Xeyr, bu ləqəbi mənə rejissorlar yox, xalq verib. Mən televiziya reklamlarında oynamaqla aktrisalıq fəaliyyətimə başlamışam. Yadımdadır, ilk dəfə şampun reklamında çəkilmişdim. Bütün oynadığım reklamlarda gülürdüm və üzümün qəmzələri görünürdü. O vaxt hələ mən tanınmırdım, adımı bilmirdilər. Yəqin ki, soruşublar ki, bu qız kimdir? Heç kim tanımayıb deyə deyiblər ki, “Qəmzəli gözəl” (gülür). Mən bu addan məmnunam, xoşbəxtəm. 



-“Yeşilçam”-da çəkildiyiniz ilk film hansı olub?

- İlk dəfə “Şaşqın milyoner” filminə çəkilmişəm. O zamanlar mən model kimi dərgilərin üz qabığına çəkilirdim. Filmə dəvət gəldi və çəkildim. Daha sonralar bir-birinin ardınca mənə film təklifləri gəldi.



- “Orta dirək Şaban” filmində rəhmətlik Kamal Sunalla baş rolda oynamısız. O filmdən yadınızda qalan xatirə varmı?

- O qədər xatirələrim var ki, bilmirəm hansını deyim?.. Allah Kamal Sunala rəhmət etsin. Mən onunla 3 filmə çəkilmişəm, özümə şanlı aktrisa deyə bilərəm. O filmdə bir səhnə var idi, suya girirdik, hava da çox soyuq idi. Su o qədər soyuq idi ki, mənim ayaqlarım donmuşdu. Dostlarımızdan biri məni qucağına alıb, tez isti bir evə qaçırdı. Bir neçə saat mənim isinməmi gözləmək məcburiyyətində qaldılar (gülür).



- Ən çox sevdiyiniz filminiz hansıdır?

- Sənətçinin filmləri onun övladları kimidir. Çəkildiyim bütün filmlərimi sevirəm, ayrı-seçkilik etmirəm. O günlərin gündəminə görə çox da baxımlı filmlərə çəkilmişəm.



- Bu qədər filmlərdə çəkilsəniz də heç bir vaxt teatrda səhnəyə çıxmamısız. Bunu özünüz istəməmisiz yoxsa dəvət gəlməyib?

- O qədər çox dəvətlər gəldi ki.. Amma mənim buna vaxtım olmadı. Çünki bir film bitməmiş, digər filmə dəvət gəlirdi.



- Çəkildiyiniz filmlərdə elə bir təhlükəli səhnələr olubmu onu siz yox, kaskadyor oynayıb?

- Bir-iki filmimdə kaskadyorum olub. Amma indiki ağlım olsaydı bir çoxunda özüm yox, kaskadyorum oynayardı. Hətta 4-cü mərtəbədən də aşağı atlandığım filmlər olub (gülür). Bir dəfə də atdan yıxılmışam. Cüneyt Arkınla da bir neçə filmə çəkilmişəm. O mənə təhlükəli səhnələrdə köməklik edirdi. Hətta bir dəfə onunla qatarın üstündən də tullanmışdıq.

- Bəs indi çəkilən filmləri necə dəyərləndirirsiz?

- Bizim vaxtımızda texniki  imkanlar çox zəif idi, amma bütün bunlara baxmayaraq filmlərimiz yaddaqalan olub. İndiki sənətçilər çox şanslıdır məncə. Çünki geyim daşımır, özləri qrim etmir. Biz o vaxt geyimlərimizi də özümüz daşıyırdıq, qrimi də özümüz edirdik. Çox çətinliklər çəkmişik.



- Niyə indiki serial və filmlərdə sizi görmürük?

- Bu mənim xəstəliyimlə bağlıdır. Həm də axı indi gənclərin dövranıdır. Biz vaxtilə çox çəkilmişik, qoy onlar çəkilsin. Nə vaxtsa mənə uyğun obraz olsa mütləq çəkilərəm.

- Siz həm də bir müddət əvvəl müğənni kimi də fəaliyyət göstərmisiz. Hətta Bülənt Ərsoyla eyni səhnəni paylaşmısız. Bu sadəcə bir hobbi idi?

- O vaxt sənətçilər tamaşaçılar üçün əlçatmaz idi. Yeşilçam filmlərində çəkilən aktrisalar müxtəlif restoranlarda səhnə alırdılar. Onlar bir növ tamaşaçıları ilə bir araya gəlirdilər. Burada sənin səsinin gözəl və güclü olması şərt deyildi. O vaxt restoranlarda yaxşı pul var idi, amma aktrisalıqdan o qədər də çox qazanmırdıq.

- Bildiyim qədərilə bir oğlunuz var. İstərdinizmi sizin sənət yolunuzu davam etdirsin?

- O hələ universitetdə oxuyur. Özü hansı sənəti seçsə, mən də ona kömək edərəm. Amma böyük ehtimalla iş adamı olacaq (gülür).

Paylaş: