Əməkdar artist: “Nərgizin ariyası”nı çox böyük həvəslə ifa etmişəm”
Tarix: 25-09-2020, 17:31



Bu günlərdə “Mədəniyyət” TV tamaşaçılarına yeni musiqi nömrəsi təqdim edib. Azərbaycan klassik musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Müslüm Maqomayevin 135 illiyi ərəfəsində bəstəkarın “Nərgiz” operasından “Nərgizin ariyası” musiqili çarx şəklində hazırlanıb. Ariyanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktrisası, Əməkdar artist İnarə Babayeva ifa edib.
“Nərgiz” operası Azərbaycan musiqisi tarixində Avropa üslubunda yazılmış ilk operadır. Operanın premyerası 1935-ci ilin dekabrında baş tutub. Ağır xəstə olmasına baxmayaraq, operanı dirijor pultu arxasında müəllif özü idarə edib.
Premyeradan sonra Müslüm Maqomayev gündəliyində bunları qeyd edib:
“Əsərin belə maraqla qarşılanması bəstəkar üçün böyük şərəfdir. Bu, həyatımın ən xoşbəxt günüdür”. 
Operanın libretto müəllifi Məmməd Səid Ordubadidir. Müslüm Maqomayevin Ordubadinin “Çobanlar” radio tamaşası üçün bəstələdiyi musiqi ilə sonradan “Nərgiz” operasının əsası qoyulur. Əsər kəndlilərin mülkədarlara, ədalətsizliyə qarşı mübarizəsindən bəhs edir.
Ariya ilə bağlı İnarə Babayeva da fikirlərini bölüşüb:
“Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyətində böyük iz qoymuş bəstəkarlardan biridir. Əsərin çox zəngin musiqisi var. Burada müəllif rəqs, muğam, təsnif və rəng kimi bir çox musiqi janrlarından geniş istifadə edib.
Ariyanı çox böyük həvəslə ifa etmişəm. “Nərgiz” operasına yeni quruluşda tamaşa etmək ən böyük arzumdur. Ümid edirəm ki, yaxın gələcəkdə bu operaya yenidən Opera və Balet Teatrının səhnəsində baxa biləcəyik”.
Xatırladaq ki, “Nərgiz” partiyasının ifaçıları Sona Aslanova, Şövkət Məmmədova və Firəngiz Əhmədova olublar.



Paylaş: