"Ermənilərin informasiya cəbhəsində təxribatları hələ səngiməyib..."
Tarix: 25-09-2020, 12:02



İllərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilər ölkəmizə qarşı informasiya müharibəsini də davam etdirirlər. Xüsusən, cəbhə xəttində vəziyyətin gərginləşdiyi bir vaxtda aktivləşən ermənilər ictimaiyyəti çaşdırmaq, diqqəti yayındırmaq məqsədilə saxta profillərdən yalan məlumatlar yayırlar. Təəssüflər olsun ki, ölkəmizdə müəyyən şəxslər düşmənin informasiya siyasətinə bilərəkdən, yaxud bilməyərəkdən dəstək olurlar. Bəzi xəbər saytları isə reytinq uğruna cəmiyyətin informasiyaya həssas olduğu dövrdə düşmənin sosial şəbəkənin Azərbaycan seqmentinə soxuşdurduğu dezinformasiyları tirajlamaqla məşğul olurlar.
Bu azmış kimi ordumuzun hərəkət istiqamətini, hərbi texnikanın fotolarını çəkərək sosial mediada paylaşırlar. Halbuki, belə məqamlarda düşmənin təxribatına uymamaq, kəşfiyyat-təxribat fəaliyyətini ifşa etmək üçün ayıq-sayıq olmaq lazımdır. İndi hər yer, o cümlədən informasiya məkanı da döyüş meydanıdır.

Mətbuat Şurası da hadisələrin önəminə diqqət çəkmək üçün növbəti dəfə mediaya çağırış edib. Şuradan bildirilib ki, ümumən jurnalistlərimiz Dağlıq Qarabağ münaqişəsinə, onunla əlaqədar istənilən prosesə, yeniliyə, atəşkəsin pozulması hallarına və digər məqamlara maraq göstərirlər. Media cəmiyyətin güzgüsüdür, cəmiyyət isə Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalına münasibətdə barışmazdır. Ancaq təəssüflər olsun ki, bəzi media orqanlarının cəmiyyətin həssas yanaşdığı taleyüklü məsələyə münasibəti heç də həmişə adekvat olmur: “Qeyri-peşəkarlıq hallarını müşahidə edirik.

Sosial şəbəkələrdə yayılmış və Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən vurulduğunu əks etdirdiyi bildirilən videogörüntülərin ayrı-ayrı informasiya saytlarında yer alması da bu baxımdan xüsusi diqqət yetirilməli məsələdir.

Belə hallarda əldə edilmiş bilgilərin Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir. Bu, peşəkarlığın tələbidir”. Mətbuat Şurası ölkə jurnalistlərinə müraciət edərək onları bu sayaq durumlara münasibətdə peşəkarlığı qorumağa, emosiyalara qapılmamağa, mənbənin dəqiqliyinə ciddi önəm verməyə, rəsmi qurumlara istinad etməyə çağırıb.

Bu arada sosial şəbəkələrdə “Arxa cəbhə ol, arxadakı “cəbhə” olma!” şüarı ilə maarifləndirici təbliğat kampaniyası da başladılıb. 

“Asvision.az” saytının baş redaktoru Vüsal Məmmədov bəyan edib ki, “informasiya müharibəsi” anlayışının mahiyyətini düzgün anlamaq lazımdır. Baş redaktorun sözlərinə görə, bu, təkcə ön cəbhə ilə bağlı xəbərləri paylaşıb-paylaşmamaq məsələsi deyil, daha geniş və ciddi məsələdir:

“Bütün dövrlərdə informasiya müharibəsinin bir məqsədi olub: - əsgərdə öz sərkərdəsinə, vətəndaşda öz rəhbərinə qarşı şübhə, inamsızlıq, etimadsızlıq yaratmaq. Bu gün də heç nə dəyişməyib.

Ona görə də, həssas anlarda yayılan informasiyaya yanaşmada belə bir meyarı əsas götürmək lazımdır: Əgər o, vətəndaşda öz ordusuna, hakimiyyətinə qarşı şübhə, etimadsızlıq formalaşdırırsa, demək, böyük ehtimalla, siz informasiya müharibəsinin təsirinə məruz qalırsınız. Çünki həssas məqamlarda məhz vətəndaş-ordu, vətəndaş hakimiyyət birliyi tələb olunur, düşmən tərəf isə ilk növbədə bunu pozmağa çalışır. Həssas anlarda biz informasiya savaşının arxa cəbhəsi olmağın məsuliyyətini dərk etməliyik.

Bütün siyasi, sosial və digər narazılıqları bir kənara qoyaraq, Ordumuza – ön cəbhəyə dəstək olmalıyıq. Belə məqamlarda yazdığımız, paylaşdığımız hər bir yanlış, ziyanlı fikir öz əsgərimizə arxadan atılan gülləyə bənzəyir. Yəni biz arxa cəbhə olmaqdan çıxıb, arxadakı cəbhəyə çevrilirik. Düşmənin istədiyi də elə budur”.

“Moderator.az” saytının redaktoru, tanınmış jurnalist Seymur Əliyev də təəssüflə qeyd edib ki, son günlər təmas xəttində vəziyyətin gərginləşməsi, erməni təxribatlarının artması fonunda ölkəmizdə ehtiyata buraxılan hərbi vəzifəlilərin bir qisminin təlimlərə cəlb edilməsi müşahidə olunur:

“Təbii ki, ehtiyatdakı hərbi vəzifəlilərin təlimlərdə həvəslə iştirakı, insanların könüllü şəkildə hərbi əməliyyatlarda iştirak etmək arzularını ifadə etməsi qürurvericidir. Bu, xalq və ordu arasındakı həmrəyliyin tamlığından və bütövlüyündən xəbər verir. Lakin təəssüflər olsun ki, bundan öncə olduğu kimi, bu dəfə də sosial şəbəkələrdə, eləcə də bəzi media orqanlarında ordu ilə bağlı dəqiqləşdirilməyən informasiyaların yer alması, hərbi texnika və hərbi qulluqçuların şəkillərinin paylaşılması halları müşahidə edildi.

Halbuki, əlaqədar qurumlar, xüsusilə də Müdafiə Nazirliyi uzun müddətdir ki, insanları qeyri-rəsmi informasiyaları yaymaqdan, cəbhə bölgəsində yer alan hərbi texnikaların şəklini paylaşmaqdan çəkinməyə çağırır. Ədalət naminə qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyinin KİV-dən tutmuş ictimai nəqliyyat vasitələrinə qədər bir çox yerdə apardığı təbliğat kifayət qədər genişmiqyaslıdır və bütün ölkəni əhatə edir. Lakin buna baxmayaraq, hələ də bəzi vətəndaşların çağırışlara lazımınca əhəmiyyət vermədiyi müşahidə edilir ki, bunun da bir neçə səbəbi var”. 

Jurnalist vurğulayıb ki, bu səbəblərdən biri həmin çağırışın mahiyyətini yetərincə dərk etməməklə bağlıdır:

“Bəzi vətəndaşlar hərbi texnika fonunda özlərinin, yaxud yaxınlarının fotolarını çəkib paylaşmağın hansı fəsadlara gətirib çıxara biləcəyini anlamır, bu addımın böyük mənada hansısa mənfi nəticələrə səbəb olacağına inanmırlar. Onlar üçün bu, sadəcə fotodur və burada “böyüdüləcək heç nə yoxdur”. Halbuki, bəzən bir foto bütöv bir məxfi sənədlər paketindən daha çox şey əks etdirir, daha çox şey “danışa bilir”.

Sizə tarixdən maraqlı fakt deyim. II Dünya müharibəsi zamanı alman ordusuna qarşı kəşfiyyat fəaliyyəti ilə məşğul olan bölmələrin qarşısında qoyulan əsas vəzifələrdən biri düşmən düşərgəsindəki hərbi texnika ilə yanaşı, hərbi qulluqçuların rütbə və mənsub olduqları qoşun növünü əks etdirən hərbi nişanları çəkmək, yaxud qeyd etmək idi.

Sadəcə bir hərbi qulluqçunun çiynindəki emblemin aydın təsviri qarşı tərəfdə hansı qoşun növünün dayandığını, orada hansı hərbi texnikanın yer aldığını və ya yaxın gələcəkdə yer alacağını bilmək üçün yetərli idi və bu gün də yetərlidir. 

Başqa sözlə desək, cəbhə xəttində və ya ona yaxın ərazilərdə bir hərbi qulluqçumuzun şəklinin çəkilməsi orada hansı qoşun növünün dayandığını müəyyən etmək üçün kifayətdir ki, bu da həmin qoşun növündə hansı silah-sursat və texnikanın mövcud olduğu bilgisini də özü ilə birlikdə gətirir”. 

S.Əliyevin sözlərinə görə, bəzi vətəndaşların təmas xəttinə yaxın ərazilərdə ordumuzla bağlı fotolar çəkməsi, yaxud hansısa informasiyaları ictimailəşdirməsinin kökündə isə onların özlərini digərlərindən daha “məlumatlı” göstərmək, bir növ “hadisələrin mərkəzində” olduqlarını nümayiş etdirmək istəyi dayanır:

“Sanki şəkil və paylaşımlarla digərlərinə göstərmək istəyirlər ki, hadisə və proseslərə daha yaxındırlar və onların əlində daha ciddi məlumatlar var.

Onlar bu cür paylaşımlarla sadəcə ordumuz deyil, mülki vətəndaşlarımız üçün də ciddi təhlükə yaratdıqlarının fərqində deyillər. Anlamırlar ki, kimlərinsə qarşısında öyünmək üçün istifadə etdikləri bu fotolardan düşmən öz məqsədinə çatmaq, mövqelərimizə zərbə endirmək üçün istifadə edə bilər. Odur ki, bu problemin ortadan qaldırılması üçün kütləvi maarifləndirmə işinin daha da genişləndirilməsini zəruri hesab edirəm.

Cəmiyyətə konkret nümunə və faktlar vasitəsi ilə bu kimi paylaşımların necə böyük fəsadlara gətirib çıxaracağını daha çox, daha anlaşılan dil və üslubla izah etməyə ehtiyac var”. 

Seymur Əliyev hesab edir ki, inzibati üsullardan istifadə, dövlət qurumlarının çağırışını pozan, hərbi və mülki insanlarımızın həyatı üçün təhlükə yaradan informasiya və paylaşımlar edən şəxslərin cəzalandırılması təsirli vasitə kimi gündəmə gələ bilər:

“Bu məsələdə maarifləndirmə ilə cəzalandırma mexanizminin birgə fəaliyyətinin daha çox fayda verməsi ehtimalı böyükdür. Dövlət qurumlarının məsuliyyətinə gəlincə, şübhəsiz ki, bu qurumlar daim media və ictimaiyyəti çevik, dolğun şəkildə məlumatlandırmağa çalışmalı, informasiya qıtlığının yaranmasına imkan verməməlidir.

Çünki təcrübə göstərir ki, qeyri-rəsmi informasiyalar, yalan məlumatlar informasiya qıtlığı şəraitində daha tez üzə çıxır və sürətlə yayılır. Bu isə o deməkdir ki, ictimaiyyəti baş verənlərlə bağlı operativ formada, rəsmi şəkildə məlumatlandırmağın özü dezinformasiyalara qarşı ən effektiv mübarizə vasitəsidir.

Belə bir operativ məlumatlandırma sisteminin yoxluğu fonunda media və ictimaiyyətə yönəlik istənilən ittiham mənasızdır. İndiki halda isə Müdafiə Nazirliyinin, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyəti lazımi çevikliklə məlumatlandırdığını düşünürəm. Mediaya gəlincə, təbii ki, media sosial şəbəkələrdə yer alan informasiyalara ehtiyatla yanaşmalı, sadəcə, rəsmi məlumatlara istinad etməlidir. İndiki həssas məqam, informasiya müharibəsinin reallıqları bizdən bunu tələb edir”. 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də qeyd edib ki, Ermənistan tərəfindən cəbhə bölgəsində vəziyyət yenə də məqsədyönlü şəkildə gərginləşdirilir. Eyni zamanda ermənilər informasiya cəbhəsində də təxribatlarını davam etdirirlər: “Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə soydaşlarımıza provakasiya xarakterli mesajlar yazırlar. Bu da əlbəttə ki, əhali arasında çaşqınlıq yaradır. Əslində elə ermənilərin məqsədi budur. 

Təəssüf ki, bəzi media orqanları ya bilməyərəkdən, ya da qeyri-peşəkarlıqlarından irəli gələrək etibarsız mənbələrən olan xəbərlər yayımlayırlar. Bununla  özləri də hiss etmədən düşmənin hədəfinə çatmasına kömək etmiş olurlar. İndiki vəziyyətdə kim hər hansı iş görürsə, vətəndaş mövqeyini və vətənpərvərliyini ortaya qoyur.

Jurnalistlərimiz də vətənpərvəlik və peşəkarlıqlarını nümayiş etdirməlidirlər. Azərbaycan jurnalistikasının qara yarası olan “birinci yayım” tendensiyası davam etməkdədir. Həkimlərimiz sağlamlığı, polislərimiz ictimai asayişi qoruduqları kimi, mediada da gündəmin qoruyucu və yürüdücüsüdür. KİV hər zaman cəmiyyətdə baş verənlərin önündə lokomotiv rolunu oynamalıdır. Məhz bu zaman cəmiyyətdə KİV-ə inam olur”. 

QHT rəhbəri bildirib ki, bütün hallarda mətbuat təmsilçiləri rəsmi qurumların məlumatlarını yaymalıdır:

“Belə həssas məqamlarda bu baxımdan daha da diqqətli olmaq lazımdır.

Çünki etibarsız mənbələrdən olan məlumat, hər hansı yanlış informasiya cəmiyyətdə panika yarada bilər. Çünki bu gün informasiyanın özünün bir silah olmasını nəzərə alaraq bununla ehtiyatlı olmaq lazımdır. Əks halda həmin silahı bizim özümüzə qarşı istifadə edərlər. Jurnalistlərin belə gərgin məqamlarda işlərini necə qurmaları, informasiyadan necə istifadə etmələrilə bağlı treninqlərin keçirilməsi önəmlidir. “Jurnalist fövqəladə vəziyətdə”, “Jurnalist ekstremal şəraitdə” və s. bu kimi mövzularda mövcud vəziyyətə uyğun olaraq KİV nümayəndələri üçün maarifləndirici videotreninqlər təşkil etmək mümkündür.

Video-treninqlər informasiya sahəsi üzrə yetərincə formalaşmış mütəxəssislər, aparıcı və təcrübəli jurnalistlər, aidiyyəti rəsmi qurumların nümayəndələr tərəfindən keçirilməlidir. Eyni zamanda xarici ölkə jurnalistlərini də bu videotreninqlərə cəlb edərək KİV nümayəndələrinə beynəlxalq təcrübəni öyrətmək olar”. 

Paylaş: