ADO rəhbəri: "Mədəniyyət Nazirliyi və fəxri adlar ləğv edilsin"
Tarix: 25-09-2020, 09:34



ADO (Azərbaycan Dağınıq Oda) teatrının rəhbəri Elmin Bədəlov Mədəniyyət Nazirliyinin ləğvini və fəxri adların yığışdırılmasını təklif edir.
Bu barədə teatrın yaydığı açıqlamada deyilir.
Açıqlamda bildirilir ki, Mədəniyyət nazirinin birinci müavini, hazırda nazir vəzifəsini müvəqqəti icra edən Anar Kərimov fəxri adların verilməsi ilə bağlı prosedurun dəyişdirilməsi məsələsini səsləndirib.
ADO teatrının rəhbəri Elmin Bədəlov deyir ki, mədəniyyətə, mədəniyyət insanlarına azadlıq verilməlidir: “Ümumiyyətlə Mədəniyyət Nazirliyinə, bu qədər nazirlik əməkdaşına, nazirə ehtiyac yoxdur. Mədəniyyət azad olmalıdır. Məsələn, xırda bir komitə və ya buna bənzər bir qurum ola bilər. O da ki, maaşlar, təmir və s. xırda texniki məsələləri həll etmək üçün. Azərbaycanda nazirliyin mədəniyyətə ziyanından başqa bir tərəfi yoxdur”.
Fəxri adlara gəlincə, Elmin Bədəlov deyir ki, bu adlar sovet dövründən bu günə qədər incəsənət adamlarını idarə etməyə, əldə saxlamağa hesablanmış bir vasitədir.
Hər zaman fəxri ad verdikləri incəsənət insanları, rəsmi də olmasa qeyri rəsmi öhdəliklər icra ediblər, özünüsenzuraya məruz qalıblar: “Hesab edirəm ki, fəxri adların verilməsi dayandırılsa və nazirlik ləğv olunsa, bu, ölkəmizdə mədəniyyətin inkişafı üçün çox böyük təkan olacaq”.
Elmin Bədəlov aktyor və rejissordur.
O, 15 iyul 2013-cü ildə ADO teatrını yaradıb.
ADO Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.

Paylaş: