Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz””
Tarix: 24-09-2020, 18:09



Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri, görkəmli ictimai-siyasi xadim Vurğun Əyyubun ölümündən 1 il ötür.
Ötən il sentyabrın 24-də son mənzilə yola salınan Vurğun Əyyubun dəfn mərasimində onun vəsiyyətinə uyğun olaraq cənazəsi üzərində “Ruhani” havası ifa olunub, sonra isə vidalaşmağa gələnlərin alqışları ilə qəbiristanlığa yola salınıb. Əlbəttə ki, bu, Vurğun Əyyubun saz, aşıq sənətinə olan vurğunluğundan irəli gəlirdi.
Vurğun Əyyubun dəfnində “Ruhani” ifa edən aşıq Şəhriyar Qaraxanlı Modern.az-a müsahibəsində dəfndə saz çalmağın böyük məsuliyyət tələb etdiyini deyib. Şəhriyar Qaraxanlının əməkdaşımızla söhbətini təqdim edirik: 

- Şəhriyar bəy, neçə ildir aşıqlıq sənəti ilə məşğulsunuz?


- Mən 8 yaşımdan saz çalmağı öyrənmişəm. İlk olaraq öz kəndçim, Tovuz rayonu Qaraxanlı kəndindən olan aşıq Ramin Qaraxanlı bu sənəti mənə öyrədib. 2008-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə Aşıq sənəti ixtisasına qəbul olundum. Buranı bitirdikdən sonra düşündüm ki, mütləq bir ustada qulluq etmək lazımdır. 5 il aşıq Əli Quliyevin şagirdi olmuşam.
Saz sənəti ustaddan gələn sənətdir. Bu gün şagird öyrədən ustadlar demək olar, yoxdur, olanlar da rəhmətə getdi. Mənim özümün bir neçə şagirdim olub. Gələcəkdə istedadlı uşaqlar görsəm, bildiyimdən onlara da öyrətməyi böyük zövqlə edərəm.

- Bilirik ki, Vurğun Əyyub sazla dəfn olunmağı özü vəsiyyət etmişdi. Necə oldu ki, onun son arzusu olan “Ruhani”ni siz ifa edəsi oldunuz?


- Vurğun bəyin ölümündən bir həftə əvvəl ziyarətinə getmişdik. Mən, dostumuz Mehman Əhməd və digər dostumuzla birlikdə onun görüşündə idik. Xəbərsiz getmişdik. Vurğun bəy yuxulayırdı, birdən oyandı və məni başının üstündə görəndə, dərhal saz havası çalmağı xahiş etdi. Biz onunla əvvəldən tanış idik. Dəfələrlə dərs dediyi universitetə dəvət edib, ifamı dinləyib, hətta sazla əlaqədar dərslərində qonaq olmuşam. Rəhmətliklə əlaqələrimiz çox yaxşı idi.
Elə həmin gün 1-2 saz havasını dinləyən kimi Mehman Əhmədə tapşırdı ki, mənim başıma bir iş gəlsə, sazla götürərsiniz. Onun bu vəsiyyətini ailəsi də bildi, hər kəsə agah oldu. Onun son əhdini yerinə yetirdik.




- Amma bu cür dəfndə saz çalınması hər kəs tərəfindən birmənalı qarşılanmadı. Bununla bağlı sizə irad bildirənlər oldumu?

- Əlbəttə. Bəzi insanlar sazla dəfn mərasimi keçirilməsini başqa cür qarşıladılar. Amma inanın ki, əsas Vurğun bəyin ruhunun şad olmasıdır. Son mənzilə yola salınan Vurğun Əyyub idi, hər birimizin sevimlisi, dərin hörmət bəslədiyimiz ziyalımız. Biz onun son arzusunu necə yerinə yetirməyə bilərdik. Onun istəyinə görə, “Ruhani” ifa etdik.

- Buna qədər başqa dəfn mərasimində saz çaldığınız hal olubmu?


- Bəli. Rəhmətlik aşıq Xanların oğlu, mərhum Aşıq Azər Xanlaroğlunun dəfnində saz çalmışam. O da vəsiyyət etmişdi. Həmişə deyirdi ki, “mən öləndə, başımın üstündə bir saz havası çalarsan”. Onu son mənzilə yola salanda aşıq Roman Azaflı və mən - hərəmiz bir hava çaldıq. İlk dəfə elə onun dəfnində saz çalmışam.

- Adətən, saz şən məclislərin, toy-düyünlərin musiqi aləti kimi yadda qalır. Ona görə düşünmək olar ki, dəfndə saz çalmaq, həm də böyük məsuliyyət, ürək tələb edir. Siz hansı hissləri keçirdiniz?


- Saz hər zaman şənlik məclislərində əlimizdə olub. Saz xoş günlərimizin yada düşəni olub. Amma saz həm qəmimiz, həm də dəmimizdir. Saz bizə dəmli – yaxşı günümüzdə də, qəmli – pis günümüzdə də lazımdır. Dəyərimizdir.
Bir aşıq üçün təbii ki, dəfn mərasimində saz çalmaq çətindir. Üstəlik ölən şəxs sənin yaxının, sevdiyin, dəyər verdiyin, hörmət etdiyin insandırsa, lap ağırdır. Gözünün qarşısına gətirirsən ki, ölən adam bu cür insan olub. Xatirələrini yadına salırsan. Bir tərəfdə də insanların ağlaşması, ah-naləsi qulaqlarında, gözünün qabağındadır. Mən Vurğun bəyin dəfnində sazı, “Ruhani”ni  - təranəni çəkəndə xanımlar elə ağrılı, yanğılı səs qopardılar ki... Tələbələrinin naləsi göyə qalxdı. Təbii ki, o zaman adamın əl-ayağı əsir, içindən onlara qoşulub, ah çəkmək gəlir. Amma özünü toplamağa məcbur olursan. Mərhumun istəyi, son arzusu sənin əlindədir, reallaşdırmaq lazımdır. Çox çətindir, biz bunu yerinə yetirməliyik.




-  Vurğun Əyyubdan əvvəl Aşıq Azər Xanlaroğlunun, Aşıq Ədalətin saz havası ilə dəfn edildiyini bilirik. Ümumiyyətlə, bu ənənə nə zamandan var?

- Bizim aşıqlarımızın böyük əksəriyyəti sazla dəfn edilib. Məsələn, Aşıq Əkbər Cəfərovu Tovuzda dəfn edəndə ustadım Əli Quliyev saz çalıb. Zəlimxan Yaqubun da dəfni aşıqların xor “Layla” ifası ilə keçirilib. Aşıq Xanların da dəfni sazla olub. Bu nümunələr çoxdur. Sazla dəfn olunma köhnə hadisədir. Yeni bir şey deyil. Son zamanlar isə əsasən aşıqların formalaşdırdığı bu ənənəni ziyalılar, yazarlar, şairlər də, saz sevən hər kəs vəsiyyət edir.

- Bunun ənənə halına gəlməsini saza verilən dəyər kimi qəbul edə bilərikmi?


- Əlbəttə, saza verilən dəyər kimi də qəbul etmək olar. Sazla yaşayan insanlar ürəyindən keçir ki, öləndə də sazla dəfn edilsinlər. Hər adam deməz axı, məni saz havası ilə dəfn edin. Hər adam istəməz ki, öləndə dəfnində çal-çağır olsun. Deməli, o adamlar fərqli, seçilən insanlardır.
Allah bütün ölən ustadlarımıza, ziyalılarımıza rəhmət eləsin!

Paylaş: