“KİV-ə pulun çox ayrılması yaxşıdır” - Bəs inkişaf?
Tarix: 24-09-2020, 17:19



Gələn il Rusiyada hökumət kütləvi informasiya vasitələrini (KİV) dəstəkləmək üçün federal büdcədən 102,8 milyard rubl ayra bilər.
Bu barədə ölkə mətbuatı Maliyyə Nazirliyinin 2021-ci üçün federal büdcə haqqında qanun layihəsinə istinadən xəbər verib. Qeyd olunur ki, mövcud büdcədə bu sahəyə ayırmalar 73,8 milyard rubl olaraq təyin edilib. Bununla da ölkənin Maliyyə Nazirliyi rəsmi olaraq mediaya dövlət dəstəyinin 40% artırılmasını təklif edir.
Azərbaycanda necə, dövlətin kütləvi informasiya vasitələrinə yönələn maliyyəni artırmasına ehtiyac varmı?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Cebhe.info-ya açıqlamasında Azərbaycanda dövlət büdcəsindən mediayaya ayrılan vəsaitin artırılmasına ehtiyac görmədiyini bildirib:
“Burada söhbət ayrılan vəsaitin səmərəli istifadəsindən gedir. İndiyədək KİV-in inkişafına dəstək proqramı özü yalnış tutulub. Vəsaitin böyük bir hissəsi isə təyinatı üzrə xərclənməyib. Hazırda bununla bağlı cinayət işi var və araşdırma gedir. İndi proqramdan kənar xərclərə son qoyulub, ümid edirəm ki, bu proqram özü ciddi şəkildə nəzərdən keçiriləcək. Vəsaitin sadəcə olaraq, ayrı-ayrı kütləvi informasiya vasitələrinə ayrılması, heç bir keyfiyyət dəyişikliyinin həyata keçirilməməsi səmərəsizliyə gətirib çıxarır. İstər bu 40 faiz, istərsə də 100 faiz artırılsın. Çünki burada söhbət medianın inkişafından deyil, ayrı-ayrı informasiya vasitələrinin sadəcə “ayaq üstə” durmasından gedir.
Professor Qulu Məhərrəmli Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya mətbuatı dünyada təbliğat üzərinə ən çox köklənmiş mətbuatdır:
“Bu ölkənin mətbuatı sözün həqiqi mənasında azad mətbuat deyil. Orada dövlət televiziyası, federal büdcədən maliyyələşən digər qurumlar var. Hazırda Rusiyada mediaya ayırılan bütün pullar təbliğata yönəlib və bütün Avropa da Rusiya televiziyalarının təbliğatına qarşı çıxış edir, Rusiya təbliğatının qarşısının alınması üçün ayrıca layihələr işlənir. Azərbaycanda da son illərədək mətbuatın inkişafı üçün illk təxminən 80 milyon manatadək vəsait ayrılırdı. İctimai Televiziya, AzTV çox böyük miqdarda maliyyə alırdı. Bir zamanlar, hətta bu məbləğ 50 milyon manata qaldırılmışdı. Sonrakı yerdə KİVDF-yə ayrılan vəsaiti misal göstərmək olar. Ədəbi, bədii jurnallara vəsait ayrılıb. Amma Azərbaycanda mətbuatı inkişaf etdirməyin ən yaxşı yolu azad reklam bazarının olmasıdır. Dövlət KİVDF vasitəsilə qəzetlərə pul verir və həmin vəsaitlərin indiki formatda təhlili bunların effektsiz olduğunu göstrərir. Faktiki olaraq ortaya nə normal bir qəzet çıxıb, nə də müstəqil qəzetlər inkişaf edə bilib. Pulun çox ayrılması yaxşıdır. Amma əsas məsələ bunun hansı texnologiya ilə mətbuatın inkişafına yönəldilməsidir. Düşünürəm ki, birbaşa dövlət büdcəsindən mediaya ayrılan vəsait heç bir formada mətbuatı inkişaf elətdirmir. Effektsiz təbliğatla məşğul olan media qurumlarına, partiya qəzetlərinə vəsaitin ayrılması mətbuatı inkişaf etdirmək demək deyil. Düşünürəm ki, mətbuata yanaşmada ciddi dəyişiklik etmək lazımdır”.

Paylaş: