“Hərbi məlumatları hay-küyə yol vermədən, şişirtmədən yaymaq lazımdır”
Tarix: 24-09-2020, 16:00



Azərbaycan müharibə ərəfəsindədir. Bu ilin iyul ayından başlayaraq, Tovuz rayonu istiqamətində düşmənin təxribatları artıq savaş perspektivini qaçılmaz edib. Bu istiqamətdə əhəmiyyətli məsələlərdən biri də müharibə və hərbi əməliyyatlar dövründə mətbuatın fəaliyyəti, sosial şəbəkələrə nəzarət olunmasıdır.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan professor, teleaparıcı Qulu Məhərrəmli bildirib ki, ekstremal şəraitdə hadisələrin işıqlandırılması qaydalarını bilən peşəkarlar cəbhə xəttinə göndərilməlidir:

“Müharibə və hərbi əməliyyatlar dövründə jurnalistlərin davranışı, medianın siyasəti ilə bağlı dəfələrlə müzakirələr olub. Ancaq çox zaman deyilənlərə əməl olunmur. Mətbuatın bəlli qaydaları və prinsipləri var və çalışırlar ki, o prinsipləri gözləsinlər. Lakin heç bir qaydalarla tənzimlənməyən sosial şəbəkələrdə ciddi problemlər var. Biz ilk növbədə ekstremal şəraitdə informasiyanın işıqlandırılması qaydalarına əməl etməliyik, hadisələri birbaşa mənbədən almalıyıq, Müdafiə Nazirliyindən aldığımız məlumatlar əsasında cəmiyyətə informasiya verməliyik”.

Ekspert əlavə edib ki, cəbhə bölgəsinə ezam olunan jurnalistlər orada mötəbər şəxslərin verdiyi məlumatı yaymalıdırlar: “Ən yaxşısı daimi, inanılmış, mötəbər, bu sahədə təcrübəsi olan reportyorların həmin hadisələri işıqlandırmasıdır. Heç bir hay-küyə yol vermədən, hadisələri şişirtmədən, təhrif etmədən, məlumat yaymaq lazımdır. Nə lokal döyüşlər, nə gedən proseslər, nə müharibə təhlükəsi Azərbaycan üçün gözlənilməz deyil. Səksəkə içində olan insanlara psixoloji zərbə vurmamaq üçün cəmiyyət buna hazır olmalıdır. Media da müharibəyə hazır olmalıdır. Peşəkar media bu məsələdə cəmiyyətə dəstəkdir. Müəyyən qaydalara əməl etmək lazımdır. Ən ciddi problem sosial şəbəkələrdən qaynaqlanır”.

Professorun sözlərinə görə, sosial şəbəkə istifadəçisi olan peşəkar jurnalistlər bu platformada da nümunə göstərməlidir: “Onlar lokomotiv rolunu oynamalıdırlar ki, sosial şəbəkədə qızışdırıcı, vahimə yaradıcı, çaşdırıcı materiallar getməsin. Biz bilmirik ki, profillər kimlərdir, kim yaradıb. Bəzən düşmən həmin profilləri yaradır və təşviş , panika ab-havası formalaşdırır. Ona görə də, bu sahədə çalışan jurnalistlər cəmiyyətə nümunə olmalıdırlar. Həm vətəndaş, həm sosial şəbəkə istifadəçisi, həm də peşəkar olaraq”.

Q. Məhərrəmli onu da vurğulayıb ki, şəhid dəfnlərindəki izdiham işıqlandırılsa da, şəhid yaxınlarının əzabı, kədəri bütün çılpaqlığı ilə verilməməlidir: “Birbaşa canlı yayımları doğru saymıram. İnsanın kədəri, əzabı, fəryadı o şəkildə verilməməlidir. Ümumi məlumat fonunda, fotolarla informasiya verilə bilər. Həmkarlarımız bu məsələdə də həssas və diqqətli olmalıdırlar”.

Paylaş: