Jurnalistikanı kim urvatsız elədi? - “Tələbələrin səviyyəsi çox aşağıdır”
Tarix: 24-09-2020, 15:50



Müasir dövrün tələblərinə cavab verən ixtisaslı jurnalist kadrların yetişdirilməsi elə də asan iş deyil. 
Ötən il Bakı Dövlət Universitetinin jurnalistika ixtisasına qəbul üçün keçid balı 372 olub. Apardığımız sorğulara əsasən bu il sözügedən fakültəyə qəbulun 250 bal civarında olduğu müəyyənləşib. 
Ekspertlərin əksəriyyəti artıq qabiliyyət imtahanlarının da özünü doğrultmadığını iddia edirlər.
Filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli Yenisabah.az-a açıqlamasında ötən illərlə müqayisədə son illər bu ixtisası seçən tələbələrin səviyyəsinin aşağı olduğunu deyib: 
“Təkcə jurnalistika fakültəsində deyil, bir çox ixtisaslar var ki, orada ballar getdikcə aşağı düşür. Burada jurnalistikaya yaxın ixtisaslar da var. Ümumiyyətlə, son illər abituriyentlərin səviyyəsi, qəbul olunanlar bilik səviyyəsi aşağıdır. Jurnalistikada da bu proseslər gedir və təbii ki, biz tələbələrin davamiyyət prosesində baxırıq. Onların  bir qismi istəyərək gəlib, ixtisı seçib gəlib, amma təsadüfi gələnlər də var. Əvvəlki illərlə müqayisədə bu ilki tələbələrin səviyyəsi çox aşağıdır, istər intellektual səviyyə, bilik, dünyagörüşü, istər fərdi düşüncə olsun, bunlarla bağlı ciddi problemlər var”.
Professor jurnalistika ixtisasına qəbul olmaq üçün tətbiq edilən qabiliyyət imtahanının gərəksiz olduğunu, tezliklə bu imtahanın ləğv olunmasını istədiyini bildirib: 
“Mən hesab edirəm ki, son vaxtlar jurnalistikada balların aşağı düşməsi, qəbulun bu dərəcədə olmasında ixtisas imtahanı deyilən qurama, gərəksiz bir prosedur da öz rolunu oynayır. Çünki qabiliyyət imtahanı deyilən şey tətbiq olunandan səviyyə daha da aşağı düşüb. Tələbələrə esse adı ilə inşa yazdırılır, onu kim, necə yoxlayır, o mövzular tələbələrə nə verir bunlar hamısı problemli məsələlərdir. Digər tərəfdən tələbələrlə şifahi sorğu aparılır ki, bu da psixoloji problem yaradır. Kimdir o sorğunu aparan, hansı sualları verir, nəyi yoxlamaq istəyir? Hesab edirəm ki, bunlar hamısı gərəksiz, artıq şeylərdir. Bu gün ölkədə jurnalistika təhsili ilə bağlı çox ciddi problemlər var. Mənim düşüncəmə görə bu sahədə ciddi islahatlara ehtiyac var, ixtisasların, kafedraların artırılması, onların maddi-texniki bazasının yaxşılışdırılmasına gərək var. Bu sahədə ciddi dəyişikliklərə ehtiyac var, zamanın çağırışı fərqlidir. Bu gün media sistemi tamamilə yeni qiyafədə özünü göstərir, multimediya, konvergensiya prosesi, bunlar hamısı fərqli yanaşma tələb edir. Ona görə də gəlib burada 4 il təhsil alıb, amma xəbər yaza bilməyən tələbəni görəndə gərək biz təəccüblənməyək. Təhsil sistemi tamamilə yenilənməlidir, qəbulda da qabiliyyət imtahanı deyilən gərəksiz imtahan nə qədər tez ləğv olunsa, bir o qədər keyfiyyətə müsbət təsir göstərər”.  

Paylaş: