“Vətənə, səngərdəki əsgərə, prezidentə sevgi mediada öz geniş əksini tapmalıdır”
Tarix: 22-09-2020, 08:59



Məlum olduğu kimi, son aylar Ermənistanın ölkəmizə yönəlik təxribatları artmaqdadır. Həm ali baş komandan, həm də müdafiə nazirinin açıqlamalarından da bəlli olur ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək əvəzinə yeni təxribatlara hazırlaşır.
 
Maraqlıdır, bəs düşmənin informasiya müstəvisində, media məkanında yeni təxribatlar törətmək ehtimalı nə dərəcədə yüksəkdir? Səngərdə olduğu kimi, informasiya məkanında da düşmən təxribatlarına hazır olmalıyıqmı?
 
Moderator.az-a açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bu sahədə aktivliyi artırmağın vacibliyinə diqqət çəkdi:
 
“Öncə onu qeyd edim ki, bəzən Qərb jurnalistikasına inteqrasiya və s. kimi fikirlər səslənir. Bildirirlər ki, bizə ideologiya, təbliğat lazım deyil və s. bunların hamısı səhvdir. Çünki Azərbaycan elə bir coğrafiyada yerləşir və onun qarşısında elə bir düşmən var ki, jurnalistika bütün qüvvəsini və qüdrətini o düşmənə qarşı ideoloji, təbliğati mübarizəyə sərf etməli, maarifçi müharibə aparmalıdır. Bu gün ən ciddi məsələ informasiya təhlükəsizliyidir.
 
Bizim ənənəvi mediamız – televiziyalarımız, qəzetlərimiz və s. bu sahədə müəyyən iş görürlər. Amma görülən bu işlər çox zəifdir. Bu dəqiqə bütün güc düşmənə qarşı mübarizəyə yönəlməlidir. Vətənpərvərlik, vətənə sevgi, Azərbaycana sevgisi, cəbhə xəttində növbə çəkən əsgərlərimizə sevgi, ordumuza sevgi, prezidentimizə sevgi mətbuatda öz geniş əksini tapmalıdır. Hansı ki, mən bu istiqamətdə görülən işləri o qədər də qənaətbəxş hesab etmirəm. Hesab edirəm ki, bu istiqamətdə daha ciddi addımlar atılmalı, görülən işlərin miqyas və keyfiyyəti artırılmalıdır”.

Paylaş: