"Anar Kərimovun fəxri adlarla bağlı açıqlaması çox xoşuma gəldi"
Tarix: 22-09-2020, 08:52



“Anar Kərimovun fəxri adlarla bağlı açıqlaması çox xoşuma gəldi və kaş ki, bu əməldə də öz əksini tapaydı. Adətən biz pafoslu danışırıq, amma əməldə bunu göstərə bilmirik”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, qiraətçi Ağalar Bayramov deyib. A.Bayramov haqqı olan Xalq artisti fəxri adına indiyə kimi layiq görülməməsinə görə təəssüfləndiyini bildirib:

“Anar Kərimovun fəxri adlarla bağlı açıqlaması çox xoşuma gəldi və kaş ki, bu əməldə də öz əksini tapaydı. Adətən biz pafoslu danışırıq, amma əməldə bunu göstərə bilmirik. Bu çox gözəl təklifdir. Açığını deyim ki, Mədəniyyət Nazirliyində bir vaxt baş verənlərə görə dövlətə insanların inamı azalmışdı. Azərbaycanıma, dövlətimə qurban olum, mənim isə inamım heç vaxt azalmayıb, amma təbii ki, içimdə bir inciklik olub və bu indi də var. Mən 2002-ci il dekabrın 4-də ulu öndər Heydər Əliyev tərəfindən Əməkar artist fəxri adına layiq görülmüşəm. Mənlə paralel fəxri ad alanlar dörd il sonra Xalq artisti fəxri adına layiq görüldülər. İkiüzlülük etmək lazım deyil, mənim haqqım tapdanıb, dövlətimin, xalqımın yolunda canımı fəda etmişəm. Əsgər forması geyinib son günlərin işığında cəbhə bölgələrində oluram. Mənim qədər insanları vətənə, xalqa bağlı olmağa çağıran ikinci bir aktyor, qiraətçi yoxdur. 

Nə qədər desəniz, xanəndə, meyxanaçı, musiqiçi var, amma qiraət sənəti ən çətin sənətdir. Bu baxımdan dünyasını dəyişənlərlə birlikdə saysaq, heç 10 nəfərə çatmırıq. Bu gün şeir deyən çoxdur, amma bu bədii qiraət deyil. Bədii qiraət aktyor sənətinin bir qoludur. Bu sahədə mən canımı qoymuşam. Deputat Azay Quliyev, Qənirə xanım Paşayeva Əməkdar artist olmağıma təəccüb edirdilər. Qənirə xanım dəfələrlə Əbülfəs Qarayevə müraciət etmişdi, söz verdilər, amma etmədilər. 2014-cü ildə altmış illik yubileyim oldu, yada salmadılar, 2019-cu ildə altmış beş yaşım tamam oldu, amma yenə yada salan olmadı. Amma 2017-ci ildə Xalq yazıçı Anar müəllim mənə fəxri ad verilməsiylə bağlı Mədəniyyət Nazirliyinə təqdimat yazdı. Məktuba cavab verdilər və bildirdilər ki, bu iş öz müsbət həllini tapacaq. Artıq 2020-ci ildi və bu boyda haqsızlıq olarmı? İnsan gərək özü-özünü tərifləməsin. Siz məni eldən, bu millətdən, xalqdan soruşun. Quyruq bullamıram, yaltaqlanmıram, həyatda öz prinsiplərim, mövqeyim var, mən dövlətçiliyi dəstəkləyirəm, xalqımın, dövlətimin yanındayam. Yalandan şit-şit, bayağı yaltaqlıq etmirəm deyə kənarda qalmışam. İnanıram ki, A.Kərimovun ürəyimcə olan fikirləri söz kimi qalmayacaq və əmələ çevriləcək. Onda mən sevinəcəm, dövlətə, vətənə inamım birə-beş artacaq”.

Qeyd edək ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət Nazirinin vəzifələrini icra edən Anar Kərimov açıqlamasında fəxri adların verilməsində sui-istifadə hallarına yol verildiyini bildirib. O, buna görə də nazirlikdə qərarverici gizli bir qurum yaradılacağını bildirib. 

Paylaş: