"Daloy Anar!" - Vaqif Nəsib
Tarix: 21-09-2020, 12:33



Hörmətli Respekt.az saytı!
Azərbaycan Yazıçılar Birliyinin iki ildən bəri təxirə salınan qurultayı və yeni sədrin kim olacağı məsələsi ilə bağlı M.Köhnəqalanın sizdə dərc olunan, geniş rezonans doğuran məqaləsi, eləcə də, məqalədə qaldırılan problemlər ətrafındakı müzakirələri oxuyub, bu yazımı sizə ünvanlamaq, beləliklə də, dartışılan mövzu haqda fikirlərimi oxucularla bölüşmək qərarına gəldim.

Uzunçuluğa getməyib, sözügedən problemlə bağlı 3 əsas məsələyə toxunmaq istəyirəm.

Birincisi, bəziləri iddia edir ki, guya AYB sədri kimi Anarın alternativi yoxdur. Məncə, bu absurd fikir AYB rəhbərliyinin 33 illik anarpərəst təbliğatının nəticəsindən başqa bir şey deyil. Çünki alternativi olmayan yeganə varlıq Tanrıdır. Alternativsizlik ideyasını təbliğ etdirməkdən Anarın məqsədi öz vəzifəsinin ömrünü uzatmaq, onun ətrafındakıların məqsədi isə Anarın qanadları altında öz istedadsızlıqlarını ört-basdır etmək, AYB üçün ayrılan dövlət vəsaitini öncələrdə olduğu kimi yenə də dimdikləməkdir. Stalin epoxasının ən qorxunc dövründə dünyaya göz açan Anar bununla da "ellər atası"nın alternativsizlik ideyasına nə qədər sadiq olduğunu göstərir. Amma Stalinin bu iddiasının müəyyən əsası var idi - o, Hitlerə qalib gəlmişdi! Bəs, Anar kimə qalib gəlib? İstedad sahibi olan və buna görə AYB-dən qaçaq saldığı yazarlara? Bəli, bu yöndən onun doğrudan da alternativi yoxdur. Eləcə də, Nizamnamə qaydalarını dönə-dönə pozaraq, 33 il AYB sədri kürsüsünü qanunsuzcasına zəbt etməkdə, Birliyin üzvləri və onların problemlərindən yaxa qurtarmaq üçün qaçıb öz kabinetində gizlənməkdə, katibələri və pensioner qocalardan özünə səngər düzəltməkdə, istedadlı qələm adamlarını beli donqar, qoca qəlyanının tüstüsündə boğmaqda, dövlətin yazıçılar üçün ayırdığı vəsaiti mənimsəməkdə, istedadsızları başına yığmaqda, işçilərini bir-birinə vurdurmaqda, donosbazlığın, qrupbazlığın, dostbazlığın, ümumən hər cür bazlığın inkişafı üçün geniş üfüqlər açmaqda, kəsəsi, sözün müsibət mənasında, Anarın alternativi doğrudan da yoxdur. Sözün müsbət mənasında alternativə gəlincə isə istənilən qədər yazıçının adını çəkmək olar. Amma yazım kiminsə təbliği kimi anlaşılmasın deyə konkret ad çəkməyəcəm.

Müzakirələrdə etiraz doğuran ikinci məqam guya sədrin kimliyindən asılı olmayaraq, AYB-də hər hansı dəyişikliyin olmayacağına dair iddiadır. Bu fikri irəli sürənlər məni təəccübləndirir. Aya, doğrudanmı, onlar Azərbaycanda yaşayır və ölkədə gedən dəyişikliklərdən xəbərsizdirlər? Şekspirin sözü olmasın, dünya qopur. Və burda söhbət nə mənim, nə də əleyhdarlarımın istəyindən gedir. Söz konusu konkret olaraq Anar, Ramiz, Əli, Vəli də deyil. Zaman dəyişir, bir epoxa başqası ilə əvəzlənir və bu əvəzlənmə AYB-yə yeni idrak, yeni idarəetmə üsulunun daşıyıcısı olan yeni də sədr tələb edir. Bu yeni zaman nə Anarın qəlyanın tüstüsündə boğulmaq, nə də Fikrət Qocanın xırıltılı səsini dinləmək istəyir.

Nəhayət, üçüncü məsələ guya AYB sədrinin aşağıdan seçilməsi yox, yuxarıdan təyin edilməsinə dair fikirdir. Bəli, AYB tarixində belə təyinatlar olub. Amma hazırda ölkədə gedən kadr islahatları fonunda problemə bu cür baxış zamanın tələblərini görməməkdən başqa bir şey deyil. Respublika həyatının ən müxtəlif sahələrində yeni inkişaf istiqamətləri müəyyənləşir, köhnə kadrlar yeniləri ilə əvəzlənir. Şübhəsiz ki, mədəniyyət və eləcə də ədəbiyyat da bu ümumi təmizlənmə prosesindən kənarda qalmayacaq. Odur ki, Anarın sədr kürsüsündə qalmaq uğrunda 33 illik dirənişini bundan sonra da davam etdirməsi onun həyatının ən böyük səhvi olacaq. Nəhayət mki, bunu başa düşüb, öz xoşuyla getsə, yaxşıdır. İstəməzdim, eks dostum AYB qarşısında piket keçirən yazıçıların "Daloy Anar!" şüarı altında öz sevimli kürsüsündən əl çəkmək zorunda qalsın.

Paylaş:   

goji cream Malaysia testimoni